27 iyul 2026 14:27
117

"Könüllülər yol təhlükəsizliyinin təşviqində" layihəsi keçirilib

Azərbaycan Könüllülər İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən "Könüllülər yol təhlükəsizliyinin təşviqində" layihəsinin açılış mərasimini keçirib.

Azərbaycan Könüllülər İctimai Birliyinin Mətbuat katibliyindən “İki sahil”ə verilən məlumata görə, 25–26 iyul 2026-cı il tarixlərini əhatə edən layihənin məqsədi gənclərin və könüllülərin yol hərəkəti qaydaları üzrə bilik və bacarıqlarının artırılması, təhlükəsiz və məsuliyyətli davranış vərdişlərinin formalaşdırılması, yol hərəkəti mədəniyyətinin inkişaf etdirilməsi, eləcə də dayanıqlı şəhər mobilliyi və mikromobillik vasitələrindən təhlükəsiz istifadənin təşviqidir.

Açılış mərasimində Azərbaycan Könüllülər İctimai Birliyinin prezidenti İmaməddin Quliyev, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis mayoru Toğrul Nəsirli, "Bakı Metropoliteni" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Mikromobillik şöbəsinin əməkdaşları İlqar Əhmədbəyli və Leyla Seyidova, Ümumdünya Səhiyyə Təşkilatının eksperti Nahid Quliyev, 60 nəfərə yaxın könüllü və gənclər iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən Azərbaycan Könüllülər İctimai Birliyinin prezidenti İmaməddin Quliyev bildirib ki, yol hərəkəti təhlükəsizliyinin təmin olunması yalnız qanunvericilik və nəzarət mexanizmləri ilə deyil, eyni zamanda cəmiyyətin maarifləndirilməsi, təhlükəsiz davranış vərdişlərinin formalaşdırılması və gənclərin fəal iştirakı ilə mümkündür. O, qeyd edib ki, layihə çərçivəsində keçiriləcək görüşlər, praktiki məşğələlər və maarifləndirmə fəaliyyətləri iştirakçıların yol hərəkəti qaydaları, mikromobillik və dayanıqlı şəhər mobilliyi sahəsində bilik və bacarıqlarının artırılmasına xidmət edəcək.

İ.Quliyev bildirib ki, Azərbaycan Könüllülər İctimai Birliyi son illər dayanıqlı şəhər mobilliyi, yol hərəkəti təhlükəsizliyi və mikromobillik istiqamətində onlarla layihə həyata keçirib. Onun sözlərinə görə, bu layihələr təhlükəsiz yol hərəkəti mədəniyyətinin formalaşmasına və ictimai maarifləndirmənin gücləndirilməsinə töhfə verib. O, vurğulayıb ki, mikromobillik vasitələrindən istifadənin artması bu istiqamətdə fəaliyyətin davam etdirilməsini zəruri edir və Birlik gələcəkdə də müvafiq dövlət qurumları və tərəfdaşlarla əməkdaşlıq çərçivəsində yeni layihələr həyata keçirməyi planlaşdırır.

Tədbir çərçivəsində layihə üçün hazırlanmış "Mikromobillik vasitələrindən təhlükəsiz istifadə" mövzusunda maarifləndirici videoçarx təqdim olunub. Videoçarxda mikromobillik vasitələrinin şəhər mobilliyində rolu, velosiped və elektrik skuterlərindən təhlükəsiz istifadə qaydaları, nəqliyyat vasitəsinin texniki vəziyyətinin yoxlanılması, velosiped zolaqlarından düzgün istifadə, yol nişanları və işıqforların tələblərinə əməl olunması, piyadalara üstünlük verilməsi, təhlükəsiz sürət rejimi, düzgün parklanma qaydaları və ekoloji məsuliyyət məsələləri əks etdirilib. Qeyd olunub ki, videoçarxın əsas məqsədi mikromobillik istifadəçilərində təhlükəsiz davranış vərdişlərinin formalaşdırılması, yol hərəkəti mədəniyyətinin təbliği və dayanıqlı şəhər mobilliyi ilə bağlı ictimai maarifləndirmənin gücləndirilməsidir.

Daha sonra qonaqlar çıxış edərək yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində maarifləndirmə fəaliyyətinin, dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın və gənclərin fəal iştirakının əhəmiyyətini vurğulayıblar.

Açılış mərasimindən sonra layihə AYNA əməkdaşlarının iştirakı ilə "Mikromobillik vasitələrindən istifadə və dayanıqlı şəhər mobilliyi" mövzusunda interaktiv sessiya ilə davam etdirilib. Sessiya çərçivəsində iştirakçılar mikromobillik infrastrukturunun inkişafı, velosiped zolaqlarının təyinatına uyğun istifadəsi, təhlükəsiz hərəkət qaydaları və şəhər mobilliyi sahəsində həyata keçirilən layihələr barədə məlumatlandırılıblar.

Layihənin növbəti günündə "Vision Zero – Sistemli yol hərəkəti təhlükəsizliyi" mövzusunda təqdimat keçirilib. Sessiyada "İnsan yönümlü şəhərlər" layihəsinin təmsilçisi Arzu Süleymanov beynəlxalq təcrübə, təhlükəsiz şəhər planlaşdırılması və "Vision Zero" yanaşması barədə təqdimatla çıxış edib.

Layihənin yekununda yol hərəkəti təhlükəsizliyinin, sağlam həyat tərzinin və ekoloji nəqliyyat vasitələrinin təşviqi məqsədilə qısaməsafəli veloyürüş təşkil olunub. Eyni zamanda layihəni uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub.