12 noyabr 2026 21:11
89

Naxçıvanda “Səni necə tanıdım” kitabının təqdimatı keçirilib

Naxçıvan şəhərində “Səni necə tanıdım” kitabının təqdimat mərasimi keçirilib.

“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin təşkilatçılığı, Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin tərəfdaşlığı ilə keçirilən tədbirdə şəhid ailələri, qazilər, Ali Məclisin deputatları dövlət və ictimaiyyət nümayəndələri, ziyalılar, müəllimlər, tələbələr və kitabın müəllifləri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra kitabın ərsəyə gəlmə tarixçəsini əks etdirən videoçarx nümayiş olunub.

Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov çıxışında şəhidlərimizin həyat və qəhrəmanlıq yolunun ədəbi nümunələr vasitəsilə gələcək nəsillərə çatdırılmasının əhəmiyyətindən danışıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, şəhid leytenant Emin Sadiqovun anası Gülşad Rüstəmova övladlarının xatirəsinin yaşadılmasının şəhid ailələri üçün böyük mənəvi dəyər daşıdığını vurğulayıb.

Türkiyənin Naxçıvandakı baş konsulunun müavini Ayşe Şengül Yıldırım çıxışında Azərbaycan və Türkiyə xalqları arasında tarixi qardaşlıq münasibətlərindən, ortaq mənəvi dəyərlərdən və şəhidlərimizin xatirəsinə göstərilən ehtiramdan bəhs edib. O, qəhrəmanlarımızın həyat yolunu əks etdirən belə nəşrlərin iki qardaş xalqın ortaq yaddaşının qorunmasına və gənc nəslin vətənpərvərlik ruhunda yetişməsinə mühüm töhfə verdiyini qeyd edərək Türkiyə-Azərbaycan qardaşlığının daim möhkəmlənməsinin vacibliyini diqqətə çatdırıb.

Naxçıvan Yazıçılar Birliyinin sədri Asim Yadigar şəhidlərimizin həyat və mübarizə yolunun ədəbiyyatda əbədiləşdirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Şəhid leytenant Yaqub Nəcəfovun atası, müəllim Məhəmməd Nəcəfov övladının və onun silahdaşlarının qəhrəmanlığından söz açaraq Vətənə xidmətin hər bir azərbaycanlı üçün ən böyük şərəf olduğunu bildirib.

“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin təsisçisi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Üzeyir Məmmədov kitabın ərsəyə gəlməsini yüksək qiymətləndirib. O, nəşrin şəhidlərimizin adlarının, xatirələrinin və qəhrəmanlıq tarixlərinin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Kitabın müəllifləri Məftunə Nur, Rəqsanə Tapdıqlı və Kirman Rüstəmli çıxışlarında şəhidlər haqqında yazmağın mənəvi məsuliyyətindən, onların keçdiyi şərəfli ömür yolunun ədəbi nümunələrlə yaşadılmasının vacibliyindən danışıblar.

Tədbirin sonunda “Şəhidə məktub” adlı videoçarx nümayiş etdirilib, vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib. Kitablar şəhid ailələrinə və dövlət təşkilatlarının nümayəndələrinə təqdim olunub, xatirə fotosu çəkdirilib.

Qeyd edək ki, “Səni necə tanıdım” kitabında 11-i Türkiyə Respublikasından olmaqla, ümumilikdə 60 müəllifin 60 şəhid haqqında qələmə aldığı hekayələr yer alıb. Layihənin rəhbərləri İlhamə Müslümova və Namiq Müslümovdur. Nəşrin redaksiya heyətində Azərbaycan ədəbiyyatının və elminin nümayəndələri təmsil olunublar.

Bəxtiyar Əliyev,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin mətbuat katibi