18 aprel 2025 21:24
196

Ən nüfuzlu iqtisadi yönümlü beyin mərkəzi: 9 illik fəaliyyətə nəzər salanda…

Ramil Hüseyn: İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin innovativ layihələri ölkədə sahibkarlığın inkişafı, qeyri-neft sektoru üzrə ixrac imkanlarının artırılması, xarici investisiyaların cəlb edilməsi və startap ekosisteminin təşviqinə dəstək göstərir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini, iqtisad elmləri doktoru Ramil Hüseyn qurumun 9 illik fəaliyyəti ilə bağlı “İki sahil” qəzetinə müsahibə verib:

- Aprel ayının 20-də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaradılmasının 9-cu ili tamam olacaq. 9 yaşlı Mərkəzin əsas fəaliyyət istiqamətləri barədə oxucularımıza məlumat verə bilərsinizmi?

- Bəli, doğru qeyd edirsiniz. Azərbaycan Prezidentinin müvafiq Fərmanı ilə ölkədə aparılan iqtisadi islahatların əhatə dairəsinin genişləndirilməsi və bu sahədə işlərin səmərəli əlaqələndirilməsinin təmin edilməsi məqsədilə 2016-cı il 20 aprel tarixində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) yaradılıb. Ölkənin iqtisadi yönümlü ən nüfuzlu beyin mərkəzi kimi İİTKM Azərbaycanın dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikro səviyyədə təhlil və tədqiqatlar aparır, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər hazırlayır, dövlət proqramlarının icrasının monitorinq və qiymətləndirməsini həyata keçirir, həmçinin ölkə iqtisadiyyatının müxtəlif sahələr üzrə nailiyyətlərini təbliğ edir. Mərkəzin innovativ layihələri isə ölkədə sahibkarlığın inkişafı, qeyri-neft sektoru üzrə ixrac imkanlarının artırılması, xarici investisiyaların cəlb edilməsi və startap ekosisteminin təşviqinə dəstək göstərir.

Bu 9 illik fəaliyyətə nəzər salanda vacib bir məqamı vurğulayım ki, yarandığı gündən indiyə qədər Mərkəzə Azərbaycan Prezidentinin Fərman və sərəncamları ilə verilən tapşırıqların orta tamamlama faizi 94,84% olub.

Mərkəz 2016-2024-cü illərdə 30-dan çox strategiya, Dövlət Proqramı, tədbirlər planı və yol xəritələrinin icra vəziyyətlərinin monitorinq və qiymətləndirməsini həyata keçirib

- İİTKM strategiyaların və dövlət proqramlarının icrasının monitorinqini və qiymətləndirməsini necə həyata keçirir?

- Məlumat üçün bildirim ki, Mərkəz 2016-2024-cü illərdə 30-dan çox strategiya, Dövlət Proqramı, tədbirlər planı və yol xəritələrinin icra vəziyyətlərinin monitorinq və qiymətləndirməsini həyata keçirib. Bu istiqamətdə 100-dən çox monitorinq və qiymətləndirmə hesabatları hazırlanaraq təqdim olunub. Mərkəz monitorinq və qiymətləndirmədə rəqəmsal transformasiyaya keçib və dövlət idarəetməsinin rəqəmsallaşdırılmasına elektron monitorinq portal və modulları ilə töhfə verir. 

Mərkəz tərəfindən monitorinq və qiymətləndirilməsi həyata keçirilən proqramlar
ölkəmiz üçün həyati əhəmiyyətə malik sənədlərdir.

İİTKM tərəfindən müvafiq elektron portallarda tətbiqinə başlanılmış “Layihə idarəetməsi” modulu strategiya və dövlət proqramlarında nəzərdə tutulan layihələr barədə bütün zəruri məlumatların mərkəzləşdirilmiş qaydada və real vaxt rejimində toplanmasını təmin edir. Bu isə layihələrin icrasını sistemli şəkildə izləməyə şərait yaradır və nəticələrin qiymətləndirilməsində effektivliyi artırmaqla proqram idarəetməsində mexanizmin qurulmasını təmin edir.

Süni intellekt strategiyasının monitorinq və qiymətləndirilməsi Mərkəzə tapşırılıb

- Hazırda hansı proqramların monitorinq və qiymətləndirilməsi aparılır?

- Sualınıza cavabımı bir qədər də konkretləşdirərək bildirim ki, hazırda Mərkəz ölkəmiz üçün çox mühüm əhəmiyyət kəsb edən “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”,  “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” və “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” kimi strateji sənədlər daxil olmaqla, ondan çox proqramın monitorinq və qiymətləndirməsini aparır. Ən son olaraq, 2025-ci ilin 19 mart tarixində cənab Prezident tərəfindən daha bir mühüm sənədin - “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın monitorinq və qiymətləndirilməsi Mərkəzə tapşırılıb. Diqqət yetirsəniz görərsiniz ki, Mərkəz tərəfindən monitorinq və qiymətləndirilməsi həyata keçirilən proqramlar ölkəmiz üçün həyati əhəmiyyətə malik sənədlərdir.

Tədqiqatçılarımız Qarabağın reinteqrasiyası üçün lazım olan iqtisadi əsaslandırma prosesində iştirak edərək islahat gündəliyinin formalaşmasına töhfə verir

- Ramil müəllim, bildirdiniz ki, İİTKM ölkənin ən nüfuzlu iqtisadiyönümlü beyin mərkəzidir. 9 ildə bu istiqamətdə hansı nailiyyətləriniz olub?

- Mərkəz fəaliyyət göstərdiyi 9 il ərzində bir çox sanballı tədqiqatlara imza atıb. Hazırda da əməkdaşlarımız qlobal tendensiyaları araşdırır, ölkə daxilində və xaricdə maliyyə-iqtisadi münasibətləri təhlil edir, qonşu dövlətlərlə iqtisadi münasibətlərin inkişafına dair tədqiqatlar aparır, bu sahədə mövcud çağırışları qiymətləndirir və elmi-analitik və proqnoz xarakterli təkliflər hazırlayır.

Mərkəzin tərkibində fəaliyyət göstərən "EconLAB" laboratoriyası Azərbaycan iqtisadiyyatının fundamental təhlili üçün əsas iqtisadi-riyazi modellərin hazırlanmasına xidmət edir. Laboratoriyada Xərclər-Buraxılış, Maliyyə Proqramlaşdırılması, Dinamik Stoxastik Ümumi Tarazlıq (DSGE), ORANI, mikrosimulyasiya, qravitasiya və Kompleks Adaptiv Gözləntilər Modeli (CAEM) iqtisadi siyasətin formalaşdırılması və qərar qəbuletmə prosesini dolğun məlumatlarla təmin edir. Eyni zamanda, tədqiqatçılarımız Qarabağın reinteqrasiyası üçün lazım olan iqtisadi əsaslandırma prosesində iştirak edərək islahat gündəliyinin formalaşmasına töhfə verir.

- Bəs, ölkəmizin təbliğinə hansı töhfəni verirsiniz?

- İİTKM iqtisadi siyasət və islahat tədbirlərinin kommunikasiyasını, ictimaiyyətə çatdırılmasını aktiv 27 internet resursu, eləcə də 17 sosial şəbəkə hesabı vasitəsilə həyata keçirir. Mərkəzdə həftəlik, aylıq və rüblük olmaqla 7 icmal dərc olunur. “Həftəlik icmal” ötən bir həftənin yekununu təqdim edir, “İslahat icmalı” və “Videoicmal” vacib islahat qərarlarının vizuallaşdırılması üçün mütəmadi hazırlanır, sosial şəbəkələrdə və media resurslarında yayımlanır. İİTKM və Türk Dövlətləri Təşkilatının birgə layihəsi olan “Türk iqtisadi icmalı” rüblük olaraq ildə 4 dəfə 8 dildə nəşr olunur. Rəqəmsal obyekt identifikatorunun (DOI) da mövcud olduğu  “İqtisadi islahatlar” elmi-analitik jurnalı isə ildə iki dəfə nəşr edilir. Mərkəz KİV-in mütəmadi sorğularını cavablandırmaqla yanaşı, televiziya layihələrinin hazırlanmasında da iştirak edir.

“Azexport.az” portalı Azərbaycanda sərbəst satış sertifikatı vermək hüququna malik yeganə qurumdur

- Mərkəz tərəfindən reallaşdırılan innovativ layihələrin vəziyyəti necədir?

- Mərkəz tərəfindən məhdud resurs sərf edilməklə böyük nəticələr əldə edilən innovativ layihələrdən biri Azərbaycan Prezidentinin Sərəncamı əsasında yaradılan “Azexport.az” portalıdır. “Azexport.az” ölkədə istehsal olunan malların vahid məlumat bazası olmaqla yanaşı, “amazon.com”, “alibaba.com”, “ebay.com”, “all.biz”, “Go4worldbusiness.com” kimi geniş auditoriyaya malik 15-dən artıq portala inteqrasiya edilib və Azərbaycan məhsullarının rəqəmsal marketinqinə töhfə verir. Bunun nəticəsində “Azexport.az”ın fəaliyyət göstərdiyi müddət ərzində Azərbaycan məhsullarının beynəlxalq onlayn ticarət platformalarında mövcudluğu 500 dəfə artıb.

“Azexport.az” portalı Azərbaycanda sərbəst satış sertifikatı vermək hüququna malik yeganə qurumdur. Bu sertifikat qeyri-neft sektoru üzrə istehsal olunan məhsulların “Made in Azerbaijan” brendi ilə yeni bazarlara çıxmasına töhfə verir.

Həmçinin Prezidentin Sərəncamına əsasən yaradılan Rəqəmsal Ticarət Qovşağı sərhədlərarası kağızsız ticarətin aparılması və məsafədən biznes əməliyyatlarının təqdim edilməsi üçün rəqəmsal resursdur. Bu portal ticarətin asanlaşdırılması üçün xeyli sayda əlverişli sərhədlərarası e-xidmətlər təklif edir, İKT-dən səmərəli istifadəni təmin etməklə ixrac potensialının yüksəldilməsinə müsbət təsir göstərir.

Digər bir innovativ layihə “Bir Pəncərə” İxraca Dəstək Mərkəzidir. Sahibkarlar vaxta qənaət etməklə ixrac üçün lazım olan bütün sertifikatları “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində fəaliyyət göstərən  5 dövlət qurumunun nümayəndələrindən əldə edə bilirlər. Burada sahibkarlara konsultasiyaların verilməsi, biznes planın yazılması, gömrük bəyannamələrinin real vaxt rejimində doldurulması və s. məsələlərdə dəstək göstərilir. 2017-2024-cü illər ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə 1 milyard ABŞ dollarından çox həcmdə qeyri-neft məhsullarının ixracı həyata keçirilib.

Prezident İlham Əliyevin 19 sentyabr 2018-ci il tarixli Sərəncamına əsasən yaradılmış “Enterprise Azerbaijan” portalı isə Azərbaycana birbaşa xarici investisiyaların cəlb edilməsi potensialının təkmilləşdirilməsi, ölkədə alternativ maliyyələşməyə açıq layihələr və yeni investisiya imkanları haqqında məlumatların yayılması üçün əlverişli platforma rolunu oynayır. “Enterprise Azerbaijan” hər il ölkəmizin ən böyük startap məktəbi olan “Startup School” layihəsini həyata keçirir.

Şübhəsiz ki, Mərkəzin nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) də xüsusi yeri var. TDAM “Türk Dünyası 2040 Vizyonu”nun reallaşmasına töhfə vermək məqsədilə Türk Dövlətləri Təşkilatının  üzv və müşahidəçi ölkələri ilə dayanıqlı iqtisadi inkişafın təmin edilməsi istiqamətində elmi-analitik yanaşmalar ortaya qoyur, tədqiqatlar aparır, proqnoz və tövsiyələr hazırlayır.

Şübhəsiz ki, Mərkəzin 9 ildə gördüyü işləri bir müsahibəyə sığdırmaq mümkünsüzdür. Amma düşünürəm ki, bəzi mühüm məqamları diqqətinizə çatdıra bildim.

- Müsahibə üçün minnətdarlığımızı bildiririk.

Orxan Vahidoğlu,

Vüsal Cahanov (foto), “İki sahil”