19 aprel 2025 13:03
136

Azərbaycanın 2 rayonunda mədənlərin yaxınlığında aqrar təsərrüfatın inkişafı ilə bağlı layihənin icrasına başlanılıb

“AzerGold” QSC və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi “Daşkəsən və Göygöl rayonlarında aqrar inkişafa dəstək” layihəsinin icrasına başlayıb.

“İki sahil” “AzerGold”a istinadən xəbər verir ki, bununla bağlı “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü – sədr müavini Xəyyam Fərzəliyev, Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev iştirakı ilə layihənin təqdimatı olub.

Layihə çərçivəsində kənd təsərrüfatı təyinatlı torpaqlarda il ərzində ümumilikdə 24 dəfə fitosanitar monitorinq, 12 dəfə fumiqasiya tədbiri, 150 məntəqədə bitki mühafizə tədbiri, laborator müayinələr, torpaq və su nümunələrinin ekspertizası, aqrokimyəvi analizlərin aparılması nəzərdə tutulub. Həmçinin heyvandarlıq təsərrüfatlarında 6 dəfə baytarlıq yoxlamalarının aparılması, o cümlədən 280 iribuynuzlu, 285 xırdabuynuzlu, 123 arı ailəsinə ümumi kliniki baxışın keçirilməsi, qan nümunələrinin analizi, ümumi sahəsi 2 026 kv.metrlik olan heyvandarlıq məntəqələrində 7 dəfə dezinfeksiya işlərinin həyata keçirilməsi nəzərdə tutulub.

Layihə çərçivəsində, həmçinin heyvandarlıq və bitkiçilik sahələrində fəaliyyət göstərən kəndli-fermerlərə ümumilikdə 60-dan çox təlimin keçirilməsi, onların bitkiçilik sahəsində zərərli orqanizmlərlə mübarizə, fitosanitar monitorinq, fumiqasiya tədbirləri, xüsusi təhlükəli yoluxucu xəstəliklərlə mübarizə, eləcə də ətraf mühitin çirklənməsinin qarşısının alınması üçün torpaqların aqrokimyəvi analizlərinin aparılması üsul və qaydaları haqqında məlumatlandırılması, zəruri məsləhətlərin verilməsi planlaşdırılıb.

Bununla “AzerGold” QSC-nin istismar işləri həyata keçirdiyi mədənlərin yaxınlığında yerləşən kənd və qəsəbələrdə kəndli-fermerlərin öz təsərrüfatlarını daha da inkişaf etdirməsinə dəstək göstərəcək.