Müxtəlif dövrlərdə və müxtəlif sivilizasiyalar tərəfindən yaradılmış qədim mədəniyyət abidələri cəmiyyətin keçmişdəki tarixi-mədəni irsini gələcək nəsillərə çatdırmaqla ümumbəşəri amallara xidmət etmişdir. Qədim Misir ehramları, Böyük Çin səddi, Roma Kolizeyi, Naxçıvan Duzdağı, Şuşa qalası, Bərdə türbəsi, yerləşdikləri coğrafiyaları adlarında daşısalar da, əks etdirdikləri tarix, memarlıq xüsusiyyətləri, daşıdıqları məzmun baxımından ümumdünya tarixinin qiymətli inciləri sırasındadır. Lakin zaman-zaman bu abidələrdən bir qismi təbii, bəzən də süni olaraq dağıntılara məruz qalmışdır. Məqsədyönlü şəkildə mədəniyyət abidələrinin dağıdılması faktoru ilə biz işğal edilmiş torpaqlarımızdakı erməni vandalizminin izləri timsalında rastlaşmışıq. Qarabağ ərazisindəki Üzərliktəpə arxeoloji abidəsi, məscidlər, türbələr dəfələrlə yandırılmış yaxud güllələnmişdir. Sədərək rayonundakı Orta əsrlərə aid başdaşındakı güllə izləri bunun çoxsaylı sübutlarından sadəcə biridir. Bu cür vandalizm aktlarının qarşısının alınması üçün abidələrin qorunmasının beynəlxalq müstəviyə daşınması, ayrıca olaraq bununla bağlı xüsusi günün - 18 aprel tarixinin təsis olunması olduqca əhəmiyyətlidir.
1983-cü ildə Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının təklifi ilə UNESCO tərəfindən “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü”nün təsis olunması insanların diqqətini bu dəyərli ümumbəşəri irsin qorunmasının vacibliyinə çəkmək məqsədi daşıyırdı. Təsis olunmasından keçən 42 il ərzində hər ilin 18 aprel tarixində müxtəlif ölkələrdə tarixi, arxeoloji, memarlıq və mədəniyyət abidələri təkcə çoxsaylı ziyarətçi axını ilə məhdudlaşmır, eyni zamanda, onların qorunmasının vacibliyi, hüquqi təminatı və təbliği ilə bağlı məsələlər də geniş işıqlandırılır.
Ölkəmizdə abidələrin qorunması hüquqi-konstitusional səviyyədə təmin edilmişdir. Azərbaycan dünyanın ən qədim insan məskənlərindən biri olaraq, zəngin abidələrə malikdir və hər zaman onların qorunmasının hüquqi cəhətdən təminatına mühüm yer vermişdir. Ölkəmizdəki abidələrin konstitusional təminatı Azərbaycan Respublikasının Konstitusiyası (12.11.1995), “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu (10.04.1998), “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanunu (31.05.2021), Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə, həmçinin tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir. 1995-ci ildə qəbul edilən ilk milli Konstitusiyamızın 77-ci maddəsində tarix və mədəniyyət abidələrinin qorunmasının hər kəsin borcu olduğu xüsusi vurğulanmışdır. Bu qanunlardan irəli gələn tələblərə uyğun olaraq, cəmiyyətin bütün üzvlərinin üzərinə tarix və mədəniyyət abidələrimizi milli mənəvi dəyərlərimiz kimi qorumaq məsuliyyəti düşür.
Ümummilli Lider Heydər Əliyev mədəni irsimizə yüksək səviyyədə qayğı göstərmişdir. Abidələrimizin qorunmasının hüquqi təminatını daim diqqət mərkəzində saxlayan ümummilli lider mədəni tarixi irsimizin himayə edilməsinin vacibliyini vurğulamış, Azərbaycanda ilk hakimiyyəti illərində bir çox abidələrimiz məhv olmaqdan xilas edilmişdir. Müstəqilliyimizin qazanılmasından sonra bu sahə daha da inkişaf etdirilmiş, abidələrin qorunmasının hüquqi təminatı ilə bağlı xüsusi sənədlər imzalanmışdır. Bunun bariz nümunələrindən biri 1998-ci il 10 aprel tarixində Heydər Əliyev tərəfindən “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun imzalanması olmuşdur. Həmin qanunun birinci fəsilində qeyd olunmuşdur: “Tarix və mədəniyyət abidələri xalqın milli sərvətidir”. Bu qanun abidələrin qorunmasında hər bir vətəndaşın üzərinə düşən məsuliyyəti göstərməklə yanaşı, onun müxtəlif fəsillərində tarix və mədəniyyət abidələrinin anlayışı və təsnifatı, abidələr üzərində mülkiyyət, abidələrin dövlət qeydiyyatı, əhəmiyyət dərəcəsi və digər məsələlər izah olunmaqla, ictimaiyyətin bu sahədə hüquqi baxımdan maarifləndiriliməsinə töhfə verir.
Azərbaycan beynəlxalq konvensiyalara qoşulmaqla tarix və mədəniyyət abidələrinin ümumbəşəri dəyər kimi qorunmasına daim dəstək verir. 06.12.1993-cü il tarixdə “Ümumdünya mədəni və təbii irsinin mühafizəsi haqqında” Konvensiyaya qoşulmaq bu sahədə atılan mühüm addımlardan biri olmuşdur. Tarix, memarlıq abidələri ilə bərabər arxeoloji abidələrin də diqqət mərkəzində saxlanılması 20.10.1999-cu ildə “Arxeoloji irsin qorunması haqqında” Avropa Konvensiyasına Azərbaycan Respublikasının qoşulması barədə” xüsusi qanunun qəbul edilməsində özünü göstərmişdir. Diqqətəlayiq addımlardan biri də 12.12.2000-ci il tarixdə “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il tarixli Haaqa Konvensiyasına dair İkinci Protokola Azərbaycan Respublikasının qoşulması barədə Qanunun qəbul edilməsidir. Bu Konvensiyanın ən mühüm əhəmiyyətini işğal zonalarında hər hansı arxeoloji qazıntıların aparılması, mədəni mülkiyyətə dəyişikliklərin edilməsi, mədəni, tarixi və elmi dəlillərin gizlədilməsi və ya məhv edilməsinin qadağan olunması məsələsi təşkil edir. Bu maddə Azərbaycanın vaxtı ilə erməni işğalı altında olan ərazilərindəki abidələrin adlarının dəyişdirilməsinin, tarixi faktların saxtalaşdırılmasının qarşısının alınmasında istinad edilə bilən beynəlxalq hüquqi sənəd dəyərindədir. Tarix, mədəniyyət və arxeoloji abidələrimizin təbliği, beynəlxalq ictimaiyyətə tanıdılmasının nəticəsi olaraq, 2000-ci ildə İçərişəhər Qız qalası və Şirvanşahlar sarayı ilə birlikdə, 2007-ci ildə Qobustan Milli Tarix-Bədii Qoruğu, 2019-cu ildə Şəki xan sarayı UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş, Ordubad Tarixi Şəhəri timsalında onlarla tarixi yerlərimiz UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin siyahısına daxil edilmişdir.
Abidələrimizə göstərilən dövlət qayğısı bu gün daha intensiv mərhələyə daxil olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı” xalqımızın zəngin irsini özündə daşıyan abidələrin qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin genişləndirilməsinə stimul vermişdir. Bu proqram çərçivəsində görülən tədbirlər arxeoloji, mədəni, memarlıq abidələrinin, həmçinin tarixi ərazilərin qorunması məqsədilə ölkə başçısının sərəncamı ilə bir sıra qoruqların yaradılmasında o cümlədən “Qədim Şəmkir şəhəri”, “Orta əsr Ağsu şəhəri” tarix-mədəniyyət qoruqlarının yaradılması timsalında davam etdirilməkdədir. Buna ən yaxın tarixdən misal olaraq “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 21.02.2024-cü il tarixli Sərəncamını göstərmək olar. 240 ha ərazini əhatə edən tarix-mədəniyyət kompleksini təşkil edən abidələrdən biri olan XVII əsrə aid Cümə məscidində aparılan təmir-bərpa işlərindən sonra 18.03.2025-ci il tarixdən yenidən istifadəyə verilməsi geniş ictimaiyyət tərəfindən də yüksək rəğbətlə qarşılanmışdır.
Görülən tədbirlərin daha bir uğurlu istiqamətinin nəticəsi özünü arxeoloji abidələrin sayının artmasında da büruzə vermişdir. Ölkəmizin bütün bölgələrində bu sahə ilə bağlı tədqiqatların miqyası genişlənmişdir. Keçən il Naxçıvan MR ərazisində 5 arxeoloji ekspedisiya fəaliyyət göstərmiş, 6 abidədə qazıntılar aparılmışdır. Onlardan II Xələc yeni qeydə alınmış, ilk dəfə arxeoloji qazıntılara cəlb edilməklə elmi mədəni irsimizə qazandırılmışdır. Buradan aşkar edilən 1631 artefakt AMEA muzeyinə daxil edilməklə milli-mədəni irsimizi zənginlədirmişdir. Yeni maddi mədəniyyət nümunələri Albaniya Atropatena dövrü, işğalçılara qarşı mübarizəmizin Son Antik və erkən orta əsrlər mərhələsinin işıqlandırılmasında xüsusi əhəmiyyət daşıyır. İlbəil artan arxeoloji tədqiqatlar yeni-yeni tarix mədəni abidələrimizin üzə çıxarılmasına xidmət edir.
Bütün bunlar abidələrimizə, mədəniyyətimizə, tarixi irsimizə yüksək dövlət qayğısının nəticəsi olmaqla yanaşı, onlara münasibət məsələsində vətəndaşlıq vəzifələrini də bizlərə xatırladır. Vətəninə sədaqət, milli dəyərlərinə hörmət qədər o dəyərlərin bir parçası olan abidələrin qorunması da vacib və unudulmayan vətəndaşlıq vəzifələrindəndir.
Zeynəb Quliyeva,
Naxçıvan MR Ali Məclisinin deputatı,
tarix elmləri doktoru,
AMEA Naxçıvan Bölməsinin baş elmi işçisi