Gürcüstan Prezidenti cənab Mixeil Kavelaşvili aprelin 15-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir. Səfər müddətində bir sıra əhəmiyyətli görüşlər keçirilmişdir. Aprelin 16-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Gürcüstanın Prezidenti cənab Mixeil Kavelaşvili mətbuata bəyanatlarla çıxış etmişlər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışının əvvəlində Gürcüstanın Prezidenti cənab Mixeil Kavelaşvilini bir daha salamladı. Prezident vəzifəsinə seçilməsi münasibətilə bir daha təbrik edib, uğurlar arzuladı. Prezident vəzifəsinə seçiləndən sonra ilk rəsmi səfərinin Azərbaycana etməsindən şad olduğunu, bunun Azərbaycanda çox yüksək qiymətləndirildiyini, Gürcüstan-Azərbaycan əlaqələrinin mahiyyətini, xalqlarımızın dostluğunu, qardaşlığını göstərdiyini bildirdi. Dövlətimizin Başçısı çıxışında qeyd etdi ki, əsrlər boyu bizim xalqlarımız sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşamışlar. Bu gün də bu, belədir. Dövlətlərarası münasibətlər də yüksək səviyyədədir. Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra ediblər və bu layihələr həm ölkələrimiz üçün, xalqlarımız üçün, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıyır. Təbii olaraq siyasi əlaqələr inkişaf edir. Yüksəksəviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır. Yəni, iki dost, qardaş ölkə, sözün əsl mənasında, bir-birinə çox bağlıdır və beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir. Bizi birləşdirən bir çox sərmayə layihələri qeyd etdiyim kimi, böyük coğrafiya üçün önəmlidir. Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat, kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir və nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir. Əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Hazırda Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir. Nəqliyyat-kommunikasiya sahəsində əldə olunmuş nailiyyətlər, yeni inşa edilmiş dəmir yolları, limanlar həm Azərbaycanda, həm də Gürcüstanda böyük sinergiya yaratmış və əslində, Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilmişdir. Əgər bu gün biz Cənubi Qafqazda Orta Dəhliz layihəsindən danışırıqsa, bu, Azərbaycandan və Gürcüstandan keçən dəhlizdir. İldən-ilə ölkələrimizin ərazisindən keçən yüklərin həcmi artır və bu yüklərin həcminin artırılması üçün əlavə addımlar atılır.
Mətbuata bəyanatının sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Mən bir daha cənab Prezidentə təşəkkürümü bildirirəm. Əminəm ki, Azərbaycan xalqı da onun qərarını yüksək qiymətləndirəcək. Çünki adətən seçkilərdən sonra birinci səfər rəmzi xarakter daşıyır və bu səfər Azərbaycana edilib. Eyni zamanda, Gürcüstanın Baş naziri də seçkilərdən sonra ilk rəsmi səfərini Azərbaycana edib. Yəni, bu, artıq gözəl ənənəyə çevrilib. Buna görə bir daha Sizə təşəkkürümü bildirirəm və fəaliyyətinizdə yeni uğurlar arzulayıram.”
Bahar Məmmədova,
YAP Xətai rayon təşkilatının “General Şıxlinski 56/2” ünvanı üzrə ərazi partiya təşkilatının sədri