05 oktyabr 2026 18:51
142

Müstəqillik elə şirin nemətdir ki...

Ölkəmizin uğurlarından məmnun olanlarla bərabər, bədxahlıq göstərənlər və onların miqyasını kiçiltməyə, imicinə zərbə vurmağa cəhd edənlər də var. Xatırlatmalıyıq ki, dövlətimizin başçısının fəaliyyətinin böyük bir hissəsi bədxahlarla, düşmən mövqe tutanlarla mübarizəyə sərf olunub və indi də olunur. Aydındır ki, bunların qarşısı alınmasa nəticəsi ağır ola bilər.

Bu səbəbdən Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında səsləndirdiyi fikirlər arasında bir fikir xüsusi diqqət çəkib: “Hərə otursun yerində, bizim işlərimizə qarışmasın, bizim həyat tərzimizə burnunu soxmasın və bizə yol göstərməsin”.

Dövlətimizin başçısı xaricdən qaynaqlanan ideoloji təxribatlardan danışıb, Azərbaycanın müstəqil siyasətinə və cəmiyyətin həyat tərzinə müdaxilə cəhdlərinə sərt cavab veriləcəyini bildirib.

Prezident bir sıra dövlətlərə də mesajlar ötürdü ki, biz bu gün müstəqilik. Biz bu gün öz siyasətimizi suveren və müstəqil şəkildə həyata keçiririk. Balanslı siyasətimizi də qoruyuruq. Bizim üçün kimsənin bizə istiqamət göstərməsi və yaxud “bunu belə et” deməsi əhəmiyyət kəsb etmir.

Dövlət başçısının çıxışında konkret ölkələrin adı çəkilməsə də, bu mesajın bir neçə ölkənin bəzi dini-siyasi çevrələrinə də aid olduğu şübhəsizdir. Siyasi ekspertlər və politoloqlar Prezidentin bu fikri barədə öz şərhlərini bildirirlər. Vurğulamaq lazımdır ki, dövlət müstəqilliyimiz bərpasından keçən otuz beş ildə ölkəmizə qarşı qarayaxma kampaniyaları aparmağa, beynəlxalq təşkilatlarda nüfuzunu sarsıtmağa, dini təfriqə salmağa, silahlı  qruplaşmalar təşkil etməyə, zərərli dini ədəbiyyat yaymağa, hətta dini “dövlət” qurmağa cəhd edənlər ifşa olunublar. Bu kimi yaramazlıqların siyahısını uzatmaq da olar.  

Dövlət başçısı onu da bildirib ki, Azərbaycan öz müstəqil siyasətini aparır və bir çox ölkələr üçün nümunəyə çevrilib. Buna görə də heç kim Azərbaycanın işlərinə qarışmağa, xalqın həyat tərzinə müdaxilə etməyə və ölkəyə yol göstərməyə çalışmamalıdır. Belə hərəkətlər birbaşa ölkəmizin müstəqilliyinə qarşı yönəldilib. Azərbaycanı qələbədən-qələbəyə aparan onun müstəqil siyasəti və iqtisadiyyatıdır. Ümummilli Liderimiz Heydər Əliyev müstəqilliyi ən böyük nemət kimi qiymətləndirib və onu bir daha itirməməyi tövsiyə edib. Siyasətçilər yaxşı bilirlər ki, müstəqillik elə şirin nemətdir ki, qalan hər şey dövlət müstəqilliyindən sonra gəlir.

Bəli, yaxşı olar ki, onun-bunun daxili işlərinə qarışanlar qoy öz xalqlarının rifah halının yaxşılaşdırılması üçün çalışsınlar, boş yerə ağılsız işlərlə məşğul olmasınlar. İndiki narahat dünyamızda ortalığa daha bir təfriqə salmaq heç kəsə xeyir gətirməz. Ən rahatı dinc yanaşı, qarşılıqlı əməkdaşlıq şəraitində yaşamaqdır. Bunu bacarmayanlar isə geci-tezi bir bəlaya düçar olacaqlar.

Sadə məntiqdir: Azərbaycan ki, heç bir ölkənin daxili işlərinə qarışmır, əlbəttə, başqalarının da onun daxili işlərinə qarışmasına da izn vermir. Bundan hər kəs öz payını götürsün və Prezident İlham Əliyevin dediyi kimi, hərə öz  yerində otursun.

Vəli İlyasov, “İki sahil”