23 noyabr 2026 18:25
84

Azərbaycan-Vyetnam dostluğunun başlanğıcı

Azərbaycan ilə Vyetnam arasında münasibətlər uzun illərin tarixi təcrübəsinə, qarşılıqlı hörmətə və dostluq ənənələrinə əsaslanır. Bu gün iki ölkə arasında mövcud olan siyasi, iqtisadi və humanitar əlaqələrin təməlində 1959-cu ildə baş vermiş mühüm tarixi hadisə – Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfəri dayanır. Həmin səfər Azərbaycan-Vyetnam münasibətlərinin formalaşmasında xüsusi əhəmiyyət daşımaqla yanaşı, xalqlarımız arasında dostluq əlaqələrinin inkişafına da güclü təkan vermişdir.

1959-cu ildə Ho Şi Minin Bakıya gəlişi sadəcə diplomatik səfər deyildi. Bu hadisə iki xalqın bir-birini daha yaxından tanıması, qarşılıqlı etimad və əməkdaşlıq münasibətlərinin qurulması baxımından mühüm başlanğıc oldu. O dövrdə Azərbaycan mühüm sənaye və neft mərkəzi kimi tanınırdı. Bakı şəhərinin zəngin neft sənayesi təcrübəsi, iqtisadi potensialı və mütəxəssis hazırlığı sahəsində əldə etdiyi nailiyyətlər Vyetnam üçün də maraq doğururdu. Bu baxımdan Ho Şi Minin Azərbaycana səfəri gələcək əməkdaşlığın istiqamətlərini müəyyənləşdirən tarixi hadisəyə çevrildi.

Azərbaycan ilə Vyetnam arasında dostluq münasibətlərinin inkişafında Ümummilli Lider Heydər Əliyevin də mühüm xidmətləri olmuşdur. 1983-cü ildə Heydər Əliyevin rəhbərlik etdiyi sovet nümayəndə heyətinin Vyetnama səfəri ikitərəfli əlaqələrin tarixində yeni mərhələ açdı. Səfərin səkkiz gün davam etməsi və Vyetnamın əsas regionlarını əhatə etməsi ölkənin iqtisadi və sosial inkişafı ilə bağlı məsələlərin ətraflı müzakirəsinə imkan yaratdı. Həmin səfər çərçivəsində əldə olunan razılaşmalar Vyetnam iqtisadiyyatının inkişafına töhfə verdi və uzunmüddətli əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirdi.

Azərbaycan-Vyetnam münasibətlərinin inkişafında 2014-cü ildə Prezident İlham Əliyevin Vyetnama ilk dövlət səfəri, 2015-ci ildə isə Vyetnam Prezidentinin Azərbaycana səfəri də mühüm əhəmiyyət kəsb etmişdir. 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana ilk dövlət səfəri isə münasibətlərin inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Həmin səfər zamanı Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbul edilməsi iki ölkənin əməkdaşlığı daha yüksək səviyyəyə çatdırmaq niyyətini nümayiş etdirmişdir.

Prezident İlham Əliyevin 2026-cı il noyabrın 19-da Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə də məhz bu tarixi dostluğun və müasir tərəfdaşlığın əhəmiyyətini bir daha gündəmə gətirmişdir. Dövlət başçısı müsahibəsində Azərbaycan-Vyetnam münasibətlərinin təxminən 70 illik tarixindən bəhs edərək, bu dostluğun əsasının qoyulmasında Ho Şi Minin 1959-cu ildə Bakıya səfərinin xüsusi rolunu vurğulamışdır. Müsahibədə siyasi dialoqla yanaşı, energetika, investisiya, nəqliyyat, kənd təsərrüfatı, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi məsələlərinə də toxunulmuşdur.

Müsahibədə humanitar və mədəni əlaqələrə xüsusi yer ayrılması da təsadüfi deyil. Azərbaycan və Vyetnam xalqları arasında dostluq yalnız siyasi və iqtisadi əməkdaşlıqla məhdudlaşmır. Təhsil, elm, mədəniyyət və xeyriyyəçilik sahələrində həyata keçirilən təşəbbüslər bu münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir. Sovet dövründə təxminən 5 min Vyetnam vətəndaşının Azərbaycanda təhsil alması, 2025-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ho Şi Minin Memorial otağının açılması tarixi əlaqələrin davamlılığını göstərən mühüm faktlardır.

Bu gün Azərbaycan-Vyetnam münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur. 1959-cu ildə Bakıda əsası qoyulan dostluq bu gün dövlətlərarası strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Ho Şi Minin tarixi səfəri ilə başlanan bu münasibətlər zamanın sınağından keçərək qarşılıqlı etimad, hörmət və əməkdaşlıq prinsipləri əsasında inkişaf etmişdir.

Prezident İlham Əliyevin müsahibəsində səsləndirilən fikirlər bir daha təsdiq edir ki, xalqlar arasında qurulan səmimi dostluq dövlətlərarası münasibətlərin ən etibarlı dayaqlarından biridir. 1959-cu ildə Bakıda atılan dostluq təməlləri bu gün də öz əhəmiyyətini qoruyur və gələcək nəsillər üçün mühüm tarixi irs olaraq qalır. Əminliklə demək olar ki, Ho Şi Minin unudulmaz Bakı səfəri ilə başlanan Azərbaycan-Vyetnam dostluğu qarşıdakı illərdə də yeni əməkdaşlıq layihələri və birgə təşəbbüslərlə daha da möhkəmlənəcəkdir.

Nicat Əsədli,
YAP Ordubad rayon təşkilatının əməkdaşı