23 noyabr 2026 17:12
218

Kəlbəcərə qayıdış – böyük quruculuq və yeni həyatın təntənəsi

Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış 25 Noyabr – Kəlbəcər şəhəri günü ölkəmizin ərazi bütövlüyünün və dövlətimizin qüdrətinin təntənəsini özündə əks etdirən əlamətdar tarixlərdən biridir. Bu gün Kəlbəcərin azadlığı uğrunda mübarizə aparmış qəhrəman şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilir, Vətən uğrunda canından keçmiş igid oğullarımızın fədakarlığı minnətdarlıqla xatırlanır.

2020-ci il noyabrın 25-də Kəlbəcər rayonunun işğaldan azad edilməsi Azərbaycanın hərb və diplomatiya tarixində mühüm hadisə oldu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın birliyi sayəsində Kəlbəcər öz doğma sahibinə qovuşdu. 2023-cü il iyulun 31-də Prezident İlham Əliyevin imzaladığı Sərəncamla 25 noyabr Kəlbəcər şəhəri günü kimi təsis edildi.

Bu gün işğaldan azad olunmuş bütün ərazilərimizdə olduğu kimi, Kəlbəcərdə də genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Dövlətimizin başçısının rəhbərliyi ilə reallaşdırılan Böyük Qayıdış proqramı doğma yurdlarından didərgin düşmüş soydaşlarımızın öz torpaqlarına qayıdışını təmin etməklə yanaşı, bölgənin sosial-iqtisadi inkişafına da yeni imkanlar yaradır.

Kəlbəcərin yenidən qurulması istiqamətində diqqət çəkən mühüm layihələrdən biri də Zallar kəndinin bərpası və müasir yaşayış məntəqəsinə çevrilməsidir. 2023-cü il mayın 27-də Prezident İlham Əliyev Kəlbəcər rayonunun Zallar kəndində olmuş, kəndin təməlini qoymuş və layihə ilə tanış olmuşdur. Təqdim edilən layihəyə əsasən, kənddə ümumilikdə 487 ailənin məskunlaşması nəzərdə tutulub. Bu, yüzlərlə ailənin doğma ocağına qayıtması, öz torpağında yeni həyata başlaması deməkdir.

Zallar kəndinin salınması üçün 20 illik perspektiv və sonrakı inkişaf imkanları nəzərə alınmaqla 137 hektar torpaq sahəsi ayrılıb. Layihənin birinci mərhələsində 350 ailənin köçürülməsi üçün birmərtəbəli fərdi yaşayış evlərinin tikintisi planlaşdırılıb. Evlərin ailələrin tərkibinə uyğun olaraq müxtəlif otaq sayında inşa edilməsi nəzərdə tutulub. Belə ki, 100 ev ikiotaqlı, 167 ev üçotaqlı, 57 ev dördotaqlı, 26 ev isə beşotaqlı olacaq.

Kəndin sosial infrastrukturunun yaradılması da layihənin əsas istiqamətlərindəndir. Burada 360 şagird yerlik məktəbin, 120 yerlik uşaq bağçasının inşası nəzərdə tutulub. Bununla yanaşı, sakinlərin məşğulluğunun təmin edilməsi, istirahəti üçün şəraitin yaradılması, ərazidə abadlıq və yaşıllaşdırma işlərinin aparılması planlaşdırılıb. Evlərin və küçələrin işıqlandırılmasında yaşıl enerjidən istifadə olunması da layihənin müasir və ekoloji tələblərə uyğun hazırlandığını göstərir.

Bütün bunlar onu deməyə əsas verir ki, Zallar kəndinin yenidən qurulması sadəcə yaşayış evlərinin tikintisi deyil, burada tam sosial həyatın formalaşdırılmasına xidmət edən kompleks inkişaf layihəsidir. Məktəbin, uşaq bağçasının, müasir yaşayış evlərinin və zəruri infrastrukturun yaradılması gələcəkdə kəndin davamlı inkişafı üçün möhkəm zəmin olacaqdır.

Kəlbəcərdə həyata keçirilən quruculuq işləri dövlətimizin işğaldan azad edilmiş ərazilərə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Yeni yolların çəkilməsi, elektrik enerjisi, su və digər infrastruktur təminatının yaradılması, yaşayış məntəqələrinin yenidən qurulması Böyük Qayıdışın uğurla həyata keçirilməsinə xidmət edir.

Ən böyük sevinc isə illərlə doğma yurd həsrəti ilə yaşayan insanların ata-baba torpaqlarına qayıdaraq öz evlərində yaşaması, övladlarının doğma kəndlərində böyüməsi, gələcəyə inamla baxmasıdır. Zallar kəndində 487 ailənin məskunlaşdırılması ilə bağlı nəzərdə tutulan layihə də bu müqəddəs məqsədin reallaşdırılmasına hesablanıb.

25 Noyabr – Kəlbəcər şəhəri günü münasibətilə bir daha əminliklə bildiririk ki, bu qədim diyarımızın hər bir kəndində, hər bir yaşayış məntəqəsində həyat yenidən canlanacaq. Kəlbəcər öz təbii gözəllikləri, zəngin tarixi, mədəni irsi və müasir infrastrukturu ilə Azərbaycanın inkişaf edən bölgələrindən birinə çevriləcəkdir.

Bu gün Kəlbəcərdə aparılan genişmiqyaslı quruculuq işləri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin, xalqımızın birliyinin və Zəfərimizin real nəticəsidir. Kəlbəcərə qayıdış həm tarixi ədalətin bərpası, həm də gələcək nəsillərə ötürülən böyük vətənpərvərlik nümunəsidir.

Kəlbəcər yenidən qurulur, doğma sakinlərini gözləyir və gələcəyə inamla addımlayır!

Ehtibar İsmayılov,
YAP Ordubad rayon təşkilatının sədri