05 oktyabr 2026 19:58
108

Yeni vəzifələr: prioritetlərin müəyyənləşdirilməsi keçilən yolun təhlilini bir tələbə çevirir

Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin bu günlərdə partiyanın VIII qurultayında proqram xarakterli çıxışında səsləndirdiyi çağırışlar hazırda ölkə mətbuatında  geniş  şərh edilir. Dövlətimizin başçısı şanlı Qələbəmizin və suverenliyimizin tam bərpasının yaratdığı reallıqlar əsasında qarşıda dayanan vəzifələri diqqətə çatdırdı. Təbii ki, yeni vəzifələrin, prioritetlərin müəyyənləşdirilməsi keçilən yolun təhlilini bir tələbə çevirir. VIII qurultay Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edildiyi dövrdə keçirilir. Suverenliyin bərpası ilə ölkəmiz yeni dövrə qədəm qoyub. Yeni dövrün reallıqlarına söykənərək müəyyənləşdirilən vəzifələr qalib, bütövləşən Azərbaycanın gələcək inkişafının aydın mənzərəsini təqdim edir. Çıxışında Azərbaycanın keçdiyi yoldan, əldə olunan nəticələrdən, ölkəmizin regional inkişafa verdiyi töhfələrdən, dünya siyasətində yaratdığı reallıqlardan geniş bəhs edən cənab İlham Əliyev vurğuladı ki, Heydər Əliyev  siyasəti 2003-cü ildən bu yana davam etdirilirdi, bu gün də davam etdirilir və bundan sonra da davam etdiriləcək. Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir. Bir çox tanınmış ekspertlər və təhlilçilər Azərbaycanı artıq orta güc dövləti sırasına daxil edirlər. Bunun da bir çox parametrləri var. Biz iqtisadi müstəqilliyi tam təmin etmişik. Bu gün beynəlxalq aləmin çox dəyərli üzvüyük, öz taleyimiz öz əlimizdədir. “Bu illər ərzində qarşımıza qoyduğumuz istənilən vəzifə həyata keçdi.

İlk növbədə, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası” söyləyən cənab İlham Əliyev qeyd etdi ki, 2003-cü ildə ilk dəfə Prezident seçiləndə onu bəyan etmişdim ki, bu, əsas vəzifə olacaq. Biz o şərəfli missiyaya nail olmaq üçün hər gün, hər saat addımlayırdıq və istədiyimizə nail olduq. Şanlı qələbələrimizdən sonra Ermənistanla sülhü də dünyanın ən mötəbər məkanında, Ağ Evdə möhürlədik. Yeni dövrün vəzifələrini açıqlayan Prezident İlham Əliyev bildirdi ki, əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır. Sual oluna bilər, biz şanlı Zəfər qazanmışıq, Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur olub. Bu gün Azərbaycanla Ermənistan arasında münaqişə yoxdur, müharibə yoxdur, sərhədlərdə sakitçilikdir. Sülh müqaviləsi paraflanıb, artıq təmaslar da var. Hətta Azərbaycan Ermənistanla ticarətə də başlamışdır. Bu nə üçün lazımdır? Buna cavab, məncə, çox açıq-aydındır: “Bu, həmişə lazımdır, hər bir ölkə üçün. Çünki bizim xalqımız bu faciə ilə üzləşib. Bizim xalqımız ermənilərin nankorluğu ilə üzləşib. Yəni onların şirin sözlərini, sağlığımıza qaldırılan badələri, Azərbaycan dilində sərbəst danışmalarını, hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır. Amma nəticədə nə oldu? Gördülər ki, biz bir az laxlayırıq, gördülər ki, büdrəmişik, arxadan bıçaq vurdular. Yəni birinci dəfə deyil onların tarixində. Eynisini bir əsr ondan əvvəl başqa yerdə də törətmişdilər. Ona görə biz bunu heç vaxt unutmamalıyıq, ayıq olmalıyıq və hər zaman, hər gün onlardan 10 qat güclü olmalıyıq. Necə ki, bu gün belədir, sabah da belə olacaq. Ona görə bu, birinci amildir”.

İkinci amil isə  dünyada gedən proseslər, müharibələrin çoxalması və geniş vüsət almasıdır. Dövlətimizin başçısının bildirdiyi kimi,  ətrafımızda məkanlar alovlanıb, qaynayır. Müharibələr bitmir, əksinə,  həm Şimalda, həm Cənubda, həm də Yaxın Şərqdə yeni müharibə, münaqişə ocaqları yaranır. Yəni perimetr üzrə bizim ətrafımızda müharibələr, toqquşmalar davam edir və bu müharibələrin dayandırılması üçün heç bir beynəlxalq mexanizm yoxdur və yəqin ki, olmayacaq. Çünki beynəlxalq hüquq tamamilə sıradan çıxıb. Ona əhəmiyyət verənlərin sayı kəskin azalır. Cənab İlham Əliyev bu çağırışı etdi ki,  biz hər gün hazır olmalıyıq ki, istənilən hərbi təxribata cavab verək.  Elə güc əldə etməliyik və bunu əldə edirik ki, heç kimin ağlına belə gəlməsin Azərbaycana qarşı hansısa təxribat törətmək.

Ona görə bu, birinci vəzifədir və təsadüfi deyil ki, bizim bu gün müzakirə olunan dövlət büdcəmizdə, gələn ilin büdcəsində hərbi və təhlükəsizlik məsələləri yenə də ön plandadır və təqribən 9 milyard manata yaxın vəsait bu məqsədlər üçün nəzərdə tutulur: “Təbii ki, bizim başqa ehtiyaclarımız da var - ilk növbədə, Qarabağın və Şərqi Zəngəzurun bərpası, insanların sosial vəziyyətinin yaxşılaşdırılması. Biz bunu da edirik və müzakirə olunan büdcədə bütün bunlar nəzərdə tutulur. Ancaq əgər biz özümüzü qoruya bilməsək, onda bizim başqa hər hansı bir layihə tamamilə əhəmiyyətsiz olacaq”. Ölkənin iqtisadi potensialının artırılması, beynəlxalq mövqelərinin möhkəmləndirilməsi, müasir ordu quruculuğu və diplomatik imkanların genişləndirilməsi dövlət siyasətinin əsas istiqamətləri kimi geniş təhlil edildi. Ölkəmizin hərtərəfli inkişafını şərtləndirən amillərdən geniş bəhs edən cənab İlham Əliyev onların bir-biri ilə sıx bağlı olduğunu əsaslı şəkildə diqqətə çatdırdı. Bütün dövrlər üçün aktuallığını qoruyan təhlükəsizlik məsələlərinə xüsusi diqqət göstərildi. Bildirildi ki, bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır. Bu, indiki dünyada böyük sərvət sayıla bilər.

Çünki bu gün dünya xəritəsinə baxsaq görərik ki, Azərbaycan xalqı qədər sabitlik, əmin-amanlıq, sülh şəraitində yaşayan çox az xalqlar və ölkələr var. Bu, bizim reallıqlarımızdır. Ona görə təhlükəsizlik tədbirləri daim gündəlikdə olmalıdır: “Ölkə daxilində hər hansı risklər mövcud deyil - nə fiziki risklər, nə ideoloji risklər, nə hansısa başqa. Bütün risklər hüdudlarımızın kənarında formalaşır. Azərbaycan gücləndikcə, daha fəal və açıq müstəqil siyasət apardıqca, bizə tuşlanan hər bir oxa 10 ox geriyə buraxdıqca, bizə qarşı təzyiqlər daha da çoxalacaq. Bax, biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq. Bir zərbəyə bəlkə 2, 5, 10 zərbə qaytarırıq ki, hərə otursun yerində, bizim işlərimizə qarışmasın, bizim həyat tərzimizə burnunu soxmasın və bizə yol göstərməsin. Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın. Bu gün Azərbaycan reallıqları belədir ki, biz bir çox ölkələr üçün örnək olmuşuq. Ona görə risklərlə bağlı, - həm fiziki, həm ideoloji risklərlə bağlı, - ciddi tədbirlər görülür və görüləcək”.

Prezident İlham Əliyev bu əminliyi də ifadə etdi ki, hamımız, hər bir vətənpərvər azərbaycanlı, Azərbaycan vətəndaşı öz dövləti ilə fəxr edir. İdeoloji təhlükəsizlik də fiziki təhlükəsizlik kimi önəmlidir. Çünki ideoloji təxribat ölkənin içinə istiqamətləndirilir. Biz sərhədlərimizi qoruyuruq və bu da vəzifələrdən biridir. Dövlət sərhədlərimizin mühafizəsinə, qorunmasına müasir texnologiyalardan istifadə etməklə nail olmuşuq. Amma ideoloji risklər sərhəd tanımır, xüsusilə indiki dünyada, internet dünyasında, kiberhücumlar dünyasında, süni intellekt dünyasında. Ona görə biz özümüzü ideoloji təxribatlardan qorumalıyıq.

Nihad Pənahov,
YAP Tovuz rayon təşkilatının sədri