Azərbaycan və Gürcüstan tarixən bir-birinə yaxın, dost və strateji tərəfdaş olan ölkələrdir. Hər iki ölkə Cənubi Qafqazın mühüm siyası və iqtisadi həyatı üçün regionun sabitliyi və inkişafı üçün əməkdaşlıq edir. Azərbaycan Gürcüstan münasibətləri əsrlər boyu formalaşan dostluq, qarşılıqlı hörmət və mehriban qonşuluq prinsiplərinə əsaslanır. Müstəqillik əldə etdikdən sonra bu münasibətlər daha da möhkəmlənmiş, bir sıra sahələrdə strateji əməkdaşlığa çevrilmişdir.
Siyasi əməkdaşlıq
Iki ölkə arasında siyasi münasibətlər qarşılıqlı etimada və beynəlxalq hüququn prinsiplərinə hörmətə əsaslanır. Azərbaycan və Gürcüstan bir birinin ərazi bütövlüyünü və suverenliyini daim dəstəkləyirlər. Rəsmi səfərlər, ali səviyyəli görüşlər və müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq buna bariz nümunədir. Azərbaycan Gürcüstanın təşəbbüslərinə beynəlxalq platformalarda dəstək verir. Azərbaycan və Gürcüstanın Avroatlantik inteqrasiya yolunu anlayışla qarşılayır.
Iqtisadi və enerji sahəsində əməkdaşlıq
Azərbaycan və Gürcüstan arasında iqtisadi münasibətlər xüsusilə enerji və nəqliyyat sahələrində genişlənməkdədir. Bakı-Tiflis-Ceyhan neft kəmər və Bakı-Tiflis-Ərzurum qaz kəməri regionun enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu layihələr Gürcüstanın tranzit ölkə kimi əhəmiyyətini artırır, eyni zamanda Azərbaycanın ixrac imkanlarını genişləndirir. Bakı-Tbilis-Qars dəmir yolu xətti isə ölkə arasında nəqliyyat əlaqələrini gücləndirməklə yanaşı, Avropa və Asiya arasında yeni bir körpü rolunu oynayır.
Mədəni və hümanitar əlaqələr
Azərbaycan və Gürcüstan xalqları arasında mədəni və hümanitar münasibətlər də yüksək səviyyədədir. Hər iki ölkə ərazisində yaşayan azsaylı azərbaycanlı və gürcü icmaları cəmiyyətə inteqrasiya olmuş, sülh və həmrəylik şəraitində yaşayırlar. Tbilisidə fəaliyyət göstərən Azərbaycan məktəbləri, eləcə də Bakıda keçirilən gürcü mədəniyyət günləri iki xalq arasında qarşılıqlı anlayış və dostluğun göstəricisidir. Universitetlərarası əməkdaşlıq, tələbə mübadiləsi proqramları və mədəni layihələr bu münasibətlərin dərinləşməsinə töhfə verir.
Regional və beynəlxalq əməkdaşlıq
Azərbaycan və Gürcüstan regionda təhlükəsizlik və sabitliyin qorunmasına çalışır. Iki ölkə beynəlxalq təşkilatlar- BMT, ATƏT, GUAM və digərləri çərçivəsində əməkdaşlıq edir. Həmçinin hər iki ölkə Avropa İttifaqı ilə tərəfdaşlıq əlaqələri quraraq regional inteqrasiyasının vacib iştirakçıları kimi çıxış edir.
Azərbaycan və Gürcüstan münasibətləri bugünki dövrdə qarşılıqlı etimad və əmakdaşlıq ruhunda inkişaf edir. Bu münasibətlər təkcə ikitərəfli deyil, eyni zamanda regional sabitlik və inkişaf Azərbaycan və Gürcüstan baxımından da əhəmiyyət daşıyır. Gələcəkdə bu əlaqələrin daha da dərinləşəcəyi və strateji tərəfdaşlığın möhkəmlənəcəyi gözlənilir. Iki xalq arasında yaranmış dostluq körpüsü regionun gələcəyinə inamla baxmağa imkan verir.
Gözəl Məmmədli,
48 nömrəli məktəbin müəllimi