18 aprel 2025 00:27
145

Azərbaycan-Gürcüstan tərəfdaşlığında növbəti mərhələ

İki dost ölkənin birlikdə göstərdiyi səylər onların Avropa ilə Asiya arasında mühüm körpü rolunu daha da möhkəmləndirir, yeni uğurlu layihələrin əsasını üçün zəmin yaradır

Azərbaycanın artan iqtisadi imkanları, yerləşdiyi əlverişli coğrafi mövqeyindən maksimum şəkildə səmərəli faydalanmaq bacarığı, beynəlxalq aləmə inteqrasiyası onun qonşuları ilə əlaqələrinə də müsbət təsir göstərib. Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulub. 2022-ci ildə münasibətlərimizin 30-cu ildönümü qeyd olunub. Qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Gürcüstan əlaqələri ötən illər ərzində dinamik inkişaf edib, ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb. Ümummilli Lider Heydər Əliyevin və keçmiş Prezident Eduard Şevardnadzenin dostluq münasibətləri bu əlaqələri inkişaf etdirməyə əhəmiyyətli təkan verib. Ali və yüksək səviyyədə çoxsaylı qarşılıqlı səfərlər həyata keçirilib, indiyədək ölkələrimiz arasında 125-dən çox sənəd imzalanıb. 1995-ci ildə Gürcüstanın Azərbaycanda, bir il sonra isə Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başlayıb. Həmçinin 2009-cu ildə Azərbaycanın Gürcüstanın Batumi şəhərində baş konsulluğu, 2013-cü ildən etibarən isə Gəncə şəhərində Gürcüstanın baş konsulluğu açılıb. Azərbaycan ilə Gürcüstan arasında beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı dəstək təcrübəsi var. BMT Baş Assambleyasının 2020-ci (3 sentyabr), 2021-ci (17 iyun) və 2022-ci ildə (8 iyun) keçirilmiş sessiyalarında “Abxaziya (Gürcüstan) və Cənubi Osetiyadan (Gürcüstan) məcburi köçkün və qaçqınların vəziyyəti barədə” qətnamələrə dair səsvermə zamanı Azərbaycan sözügedən sənədin lehinə səs verib.

Ölkələrimiz arasında mütəmadi olaraq yüksək rəsmilərin səfərləri həyata keçirilir və bu, ikitərəfli əlaqələrin yüksək səviyyədə olmasının əyani təzahürüdür. Bu qarşılıqlı səfərlər özlüyündə Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər dərin və mənalı olduğunu göstərir. Bu mənada Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin də ilk rəsmi səfərini Azərbaycana etməsi xüsusi önəm kəsb edir. Xatırladaq ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze də “Gürcü Arzusu” Partiyasının seçkilərdəki qələbəsindən sonra ilk səfərini Azərbaycana etmişdi. Bunlar Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olmasından xəbər verir. İki ölkə arasında iqtisadi sahədə yaxşı nəticələr var. Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub. Azərbaycan investorları böyük həvəslə Gürcüstana öz sərmayələrini qoyurlar. Birgə həyata keçirilən neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir. Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir. Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir. Bu, çox böyük, xüsusi əhəmiyyətə malik olan layihədir və getdikcə qaz ixrac coğrafiyası genişlənəcək. Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir. Bakı-Tbilisi-Qars dəmir yolu isə Şərq və Qərb arasında qısa və səmərəli alternativ bağlantı yaradır.

Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili iki ölkənin bu qədər yaxın olmasında Prezident İlham Əliyevin töhfəsini yüksək qiymətləndirib. O, ikitərəfli münasibətlərimizi belə xarakterizə edib: “Bizim dostluğumuz qarşılıqlı hörmətə və bir-birimizin milli maraqlarının nəzərə alınmasına əsaslanır. Biz münasibətlərdə güvənməyin nə qədər vacib olduğunu başa düşürük və sözümüzün dəyərini bilirik. Bizi xilas edən və bu günə çatdıran bir sıra yazılmamış qanunlarımız, dəyərlərimiz var. Ona görə də Gürcüstan-Azərbaycan dostluğu və strateji tərəfdaşlığı bu qədər xüsusi və nümunəvidir”.

İki ölkə arasında energetika sahəsində əməkdaşlıq yüksək səviyyədədir. Azərbaycan, Türkiyə və Gürcüstanın siyasi iradəsi əsasında reallığa çevrilən enerji layihələri ilə regional inkişafın  əsası qoyuldu. Çoxlarına əfsanə kimi görünən  Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz layihələri həyata keçirildi. İqtisadi əhəmiyyətinə görə enerji layihələrindən geri qalmayan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi gerçəkləşdi. Azərbaycan və Gürcüstanın tranzit imkanlarının genişliyi uğurla həyata keçirilən layihələrdə özünün aydın ifadəsini tapır. Birgə həyata keçirdiyimiz neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir. Azərbaycanla Gürcüstan yaşıl enerji layihələrini də uğurla həyata keçirirlər. Yaşıl enerjiyə keçid hazırkı dövrün əsas çağırışıdır. Bu gün yaşıl enerji bazarda böyük maraq doğurur, buna böyük tələbat var. Prezident İlham Əliyev hər zaman bu əminliyi də ifadə edir ki, bütün digər layihələr kimi, yaşıl enerji  layihələri də uğurla həyata keçiriləcək.

Azərbaycan və Gürcüstan arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq da xüsusi əhəmiyyət daşıyır. Orta Dəhliz – həm Azərbaycan, həm də Gürcüstan üçün strateji əhəmiyyətə malikdir.  Bu layihə təkcə iki qonşu ölkənin iqtisadi potensialını artırmaqla qalmır, eyni zamanda regionun beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilməsinə zəmin yaradır. Bu dəhliz Azərbaycan və Gürcüstanın infrastruktur imkanlarını inkişaf etdirməklə yanaşı, iqtisadi inteqrasiyanı dərinləşdirir və regionun qlobal ticarətdəki rolunu artırır. Azərbaycan və Gürcüstan Orta Dəhlizdə əsas strateji mövqedədirlər.

Göründüyü kimi, bu səfər yalnız ikitərəfli əlaqələrin inkişafına deyil, həm də regionda sabitliyin və iqtisadi inteqrasiyanın gücləndirilməsinə töhfə verir. Azərbaycan və Gürcüstanın birlikdə göstərdiyi səylər, onların Avropa ilə Asiya arasında mühüm körpü rolunu daha da möhkəmləndirəcək və yeni uğurlu layihələrin əsasını qoyacaq.

Sevinc Azadi, “İki sahil”