18 aprel 2025 00:12
169

İşsizlikdən sığorta ödənişi: Kimlərə şamil olunur və hansı şərtlə verilir?

DMA nümayəndəsi:  Əvvəllər manual qaydada aparılan işsizlikdən sığorta ödənişi ilə bağlı bütün proseslərin artıq cari ildən etibarən elektron qaydada  həyata keçirilməsinə başlanılıb

Məlum olduğu kimi, 2018-ci ilədək "işsizlik müavinəti" adı altında əmək müqaviləsinə xitam verilmiş şəxslərə müəyyən ödənişlər olunub. İndi bu ödənişin adında da, təyinat qaydalarında da dəyişiklik var. Belə ki, 2018-ci ildən bəri işsizlik müavinətini işsizlikdən sığorta ödənişi anlayışı əvəz edib.

“İki sahil”in  müsahibi  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin (DMA)  Məşğulluq tədbirləri departamentinin müdir müavini Eldar Əliyevlə mövzu ilə əlaqədar bir çox mühüm  məqamlara aydınlıq gətirmək üçün həmsöhbət olduq.

- İşsizlikdən sığorta ödənişi nədir? Kimlər  işsizlikdən sığorta ödənişi ala bilərlər?

- İşləyən şəxsin əmək müqaviləsinə özündən asılı olmayan səbəblərə görə xitam verilirsə, yəni, şəxs işdən azad olunursa, ona işsizlikdən sığorta ödənişi təyin olunur. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək münasibətlərinə aşağıdakı əsaslarla xitam verilən şəxslər işsizlikdən sığorta ödənişi almaq hüququna malik olur:

· Dövlət orqanı və ya hüquqi şəxs ləğv edildikdə,

· İşçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə,

· Əmək müqaviləsinin müddəti qurtardıqda,

· Müəssisənin mülkiyyətçisi dəyişdikdə,

· Əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduğu halda,

· Əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdiyi halda.

- Sığorta ödənişi necə hesablanır və hansı qayda ilə ödənilir?

- Sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox sığorta stajına malik əmək qabiliyyətli şəxslərə onların itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində ödəniş hesablanır.

· sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı 1 il sığorta stajı olan əmək qabiliyyətli şəxslərə minimum məbləğdə sığorta ödənişi hesablanır.

· Müddətli müqavilənin müddətinin qurtarması əsası ilə əmək müqaviləsinə xitam verilən hallarda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi üzrə ən azı 24 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə minimum məbləğdə sığorta ödənişi hesablanır.

- Sığorta ödənişi almaq istəyənlər  hara müraciət etməlidirlər?

- Qanuna əsasən, müvafiq əsaslarla əmək müqaviləsinə xitam verilən şəxslər Azərbaycan Respublikasının Əmək va Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarına və ya nazirliyin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) DOST mərkəzlərinə müraciət edib işsiz kimi qeydiyyata alınırlar. Bunun üçün yalnız vətəndaşın şəxsiyyətini təsdiq edən sənədin olması kifayətdir. Vətəndaş barədə digər bütün məlumatlar nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemindən (MEİS) əldə edilir.

Şəxs işdən azad olunduqdan dərhal sonra istənilən vaxt ərzində işsizlikdən sığorta ödənişi almaq üçün müraciət edə bilər. Burada yeganə şərt odur ki, sonuncu əmək müqaviləsi üzrə sığorta hadisəsi baş versin, yəni sığorta verilməsi üçün əsas yaransın.Yəni, şəxs bir yerdə 12 aydan artıq işləyib. Sonra işdən ayrılıb. Daha sonra başqa bir işə qəbul olunub, bir-iki ay sonra bu iş yerindən də çıxmalı olub. O zaman həmin şəxsə sığorta ödənişi son iş yerinə əsasən təyin olunacaq. Bu halda, işçinin işini itirməsindən neçə müddət sonra işsizlikdən sığorta üçün müraciət etməsi əhəmiyyət kəsb etmir.

- İndiyədək ümumilikdə neçə şəxsə  və cəmi nə qədər işsizlikdən sığorta ödənişi ödənilib?

-Bu məsələlər aşağıdakı cədvəldə öz əksini tapır.

 

 

-İşsizlikdən sığorta üçün təkrar müraciət etmək mümkündür yoxsa?

-Qanuna əsasən, bir sığorta hadisəsi üzrə ilk dəfə sığorta ödənişi təyin olunduğu vaxtdan 24 ay ərzində məşğul şəxs hesab edilməmiş şəxsin bir dəfə təkrar müraciət edərək həmin sığorta hadisəsinə görə yenidən minimum məbləğdə sığorta ödənişi almaq hüququ vardır. Qanuna müvafiq olaraq, müddətli müqavilənin müddətinin qurtarması əsası ilə əmək müqaviləsinə xitam verilən şəxslərə təkrar sığorta ödənişinin təyin olunmasına yol verilmir.

- İşsizlikdən sığorta ödənişi verilməsindən nə zaman imtina oluna bilər?

- Yuxarıda qeyd olunan maddələrlə əmək müqaviləsinə xitam verilməyən və yaxud da Qanunda tələb olunan sığorta stajı olmayan şəxslərə işsizlikdən sığorta ödənişinin verilməsindən imtina olunur. Eləcə də:

Sığorta ödənişinin verilməsi aşağıdakı hallarda dayandırılır:

· “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən məşğul şəxs hesab edildikdə;

· sığorta ödənişini alan şəxs fərdi məşğulluq proqramını üzrlü səbəblər olmadan icra etmədikdə;

· sığorta ödənişini alan şəxs bu Qanunda nəzərdə tutulan sığorta ödənişinin ödənilmə müddətləri başa çatdıqda;

· sığorta ödənişini alan şəxs üzrlü səbəblər olmadan bu Qanunda müəyyən olunmuş qaydada və müddətdə fərdi məşğulluq proqramının icrası barədə hesabat təqdim etmədikdə;

·  sığorta ödənişini alan şəxs ona təklif olunan münasib işlərdən imtina etdikdə, 1 (bir) il müddətində;

·  sığorta ödənişini alan şəxs sığorta ödənişi aldığı dövrdə müvafiq icra hakimiyyəti orqanına məlumat vermədən işə düzəldikdə;

·  sığorta ödənişini alan şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada işsiz kimi qeydiyyata alınma və ya yenidən qeydiyyata alınma şərtlərini və müddətlərini pozduqda;

·  sığorta ödənişini alan şəxs qanunla müəyyən olunmuş qaydada işə bərpa edildikdə;

· sığorta ödənişi alan şəxs ali və orta ixtisas təhsil müəssisəsinə əyani qəbul olunduqda;

· sığorta ödənişi alan şəxs hərbi və ya alternativ xidmətə, hərbi toplanışlara çağırıldıqda, həmin müddətdə;

· sığorta ödənişi alan şəxsin barəsində azadlıqdan məhrumetmə və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda, həmin müddətdə;

· sığorta ödənişi alan şəxsə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yaşa görə əmək pensiyası təyin edilmək üçün əsaslar yarandıqda;

· sığorta ödənişi alan şəxsə “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yaşa görə müavinət təyin edilmək üçün əsaslar yarandıqda;

· sığorta ödənişi alan şəxs tərəfindən təqdim olunmuş sənədlərdə və məlumatlarda təhrif olunmuş və ya düzgün olmayan məlumatlar aşkar olunduqda;

· sığorta ödənişi alan şəxs vəfat etdikdə və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə;

· sığorta ödənişini alan şəxs tərəfindən işsiz kimi qeydiyyatdan çıxarılma barədə ərizə təqdim edildikdə.

-İşsizlikdən sığorta neçə günə verilir?

-İşsiz kimi qeydiyyata alındığı tarixdən növbəti ayın 1-dən hesablanır.

-Şəxs işsizlikdən sığortanı  neçə müddət ala bilər?

- İlkin təyinat zamanı 6 ay əsas sığorta ödənişi alır. Daha sonra məşğul şəxsə çevrilməyibsə 3 ay təkrar sığorta ödənişi alır.  Beləliklə, bir sığorta hadisəsi üzrə ilkin təyinat zamanından sonra 24 ay ərzində ümumilikdə(əsas+təkrar) 9 aydan artıq ala bilməz.Növbəti dəfə sığorta hadisəsi baş veribsə bundan öncə qeyd olunan maddələr üzrə yenidən sığorta stajı tələb olunur.

-İşsizlikdən sığorta məbləği nə qədərdir?

- Minimum məbləğ ölkə üzrə minimum aylıq əməkhaqqına bərabər tutulan məbləğdir-400 manat. Sığorta ödənişinin maksimum həddi isə ötən ildə orta aylıq əmək haqqınının məbləğindən artıq ola bilməz (1009,20 qəpik)

-Maraqlıdır, işsizlikdən sığorta ilə bağlı hansı yeniliklər gözlənilir?

- İşsizlikdən sığorta ödənişləri ilə bağlı bütün proseslərin elektronlaşması istiqamətində işlər aparılmaqdadır və artıq bu proses tamamlanmaq üzrədir. Belə ki, əvvəllər manual qaydada aparılan işsizlikdən sığorta ödənişi ilə bağlı bütün proseslərin artıq cari ildən etibarən elektron qaydada aparılmasına başlanılıb. Bütün proseslər MEİS tərəfindən həyata keçirilir. Sığorta ödənişinin alınması prosesinə uyğun olaraq şəxsin işəgötürənlə bağlanılmış əmək müqaviləsinə yuxarıda qeyd olunan maddələr ilə xitam verilib işsiz kimi qeydiyyata alındıqdan sonra  şəxsin məlumatları MEİS vasitəsilə yoxlanılır və sistem tərəfindən elektron qaydada ona sığorta ödənişinin təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə qərar verilir. Sığorta ödənişi təyin olunduğu hallarda MEİS-də olan məlumatlar əsasında şəxsə təyin olunacaq məbləğ də sistem vasitəsilə elektron qaydada müəyyən olunur. Təyin olunan sığorta ödənişinin dayanmasına səbəb olan hallar sistem tərəfindən aşkar olunduqdan sonra sığorta ödənişinin verilməsi elektron qaydada dayandırılır. Eyni qaydada da təyin olunan sığorta ödənişinin məbləğinin dəyişməsinə səbəb olan hallar sistem tərəfindən aşkarlandıqdan sonra məbləğ elektron qaydada yenidən hesablanır.

Yaqut Ağaşahqızı, “İki sahil”