18 aprel 2025 00:57
170

Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir   

Dövlət başçısı İlham Əliyev ölkəmizə rəsmi səfər edən Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ilə mətbuata birgə bəyanatında bir daha bildirdi ki, əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil

«Müstəqil, prinsipial xarici siyasət bizim əsas istiqamətimizdir. Biz heç kimə qarşı heç vaxt heç bir iş görməmişdik, heç kimin işinə qarışmamışdıq. Amma bizim işimizə qarışmaq istəyənlərə də hər dəfə dərs vermişik ki, bunu etməsinlər. Belə cəhdlər var, olacaq. Düzdür, onların heç bir əhəmiyyəti yoxdur. Ancaq bizim xarici siyasət istiqamətində bu amil təbii olaraq həmişə nəzərə alınacaq. Kim bizimlə ikitərəfli formatda, qarşılıqlı hörmət əsasında əməkdaşlıq etmək istəyirsə, biz ikiqat əməkdaşlıq edəcəyik. Amma əgər kimsə hesab edir ki, bizə gəlib nəsə diktə edəcək, yaxud da ki, bizi əsassız olaraq ittiham edəcək, ya da ki, hansısa vasitələrlə bizi qaralayacaq və sanki heç nə olmamış kimi bu ölkələrlə biz dostluq edəcəyik, bu, səhv təsəvvürdür, bu, olmayacaq!» Dövlət başçısı İlham Əliyev onu da qeyd edir ki,  Azərbaycan çoxdan özünü ləyaqətli və qürurlu dövlət kimi təsdiqləyib. Xüsusilə, tarixi Zəfərimizdən sonra  beynəlxalq nüfuzumuz bir neçə dəfə artıb. Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir. Bundan sonra da xarici siyasətdə geriyə heç bir addım olmayacaq. Dostlarımızın bütün qitələrdə sayı artır. Biz indi - İkinci Qarabağ müharibəsindən və suverenliyimizi bərpa edəndən sonra daha fəal xarici siyasət aparacağıq. Vaxtilə mövcud olmadığımız bölgələrlə indi çox ciddi təmaslar qurulur, həm sərmayə qoyuluşu layihələri nəzərdən keçirilir, eyni zamanda, müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaranır. Təbii olaraq, ənənəvi tərəfdaşlarımızla, dostlarımızla münasibətlərimiz yerindədir, daha da inkişaf edir və edəcək.

Azərbaycanın xarici siyasətində qonşu dövlətlərlə əlaqələrə xüsusi önəm verilir. Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycanın enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır.

Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin prezident seçkilərindən sonra ilk səfərini Azərbaycana etməsi özündə mühüm məqamları ehtiva edir. Bu səfər ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə vermək məqsədi daşıyır. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında səfəri belə dəyərləndirdi: « Mən çox şadam ki, prezident vəzifəsinə seçiləndən sonra Siz ilk rəsmi səfəri Azərbaycana edirsiniz. Biz bunu Azərbaycanda çox yüksək qiymətləndiririk. Bu, bir daha Gürcüstan-Azərbaycan əlaqələrinin mahiyyətini, xalqlarımızın dostluğunu, qardaşlığını göstərir.»

Səfər çərçivəsində ikitərəfli münasibətlərin gündəliyində duran aktual məsələlər müzakirə edildi. Prezident İlham Əliyevin Gürcüstan Prezidenti ilə təkbətək və geniş tərkibdə görüşü keçirildi.  Əvvəldə də qeyd etdiyimiz kimi, səfər bir daha iki dost, qardaş ölkənin tarixi köklərə söykənən əlaqələrinin geniş təhlilinə imkanlar yaratdı. Onu da qeyd edək ki, bu ilin yanvarında Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin ölkəmizə işgüzar səfəri oldu.  Bu səfərin də özəlliyi, münasibətlərimizin inkişafında rolu daha çox diqqət çəkdi. Belə ki, bu, Gürcüstanın Baş nazirinin ölkəsində keçirilən parlament seçkilərindən sonra ilk xarici səfəri idi. Məhz ilk səfərin Azərbaycana olması iki ölkənin münasibətlərinin hazırkı inkişaf səviyyəsinə işıq saldı. Dövlətimizin başçısı İlham Əliyev Gürcüstanın Baş naziri ilə mətbuata birgə bəyanatında bu mühüm məqamı da xüsusi qeyd etdi ki, bu səfər İrakli Kobaxidzenin son 10 ayda Azərbaycana üçüncü səfəridir. Bu fakt özlüyündə Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər dərin  olduğunu göstərir.

Qarşılıqlı səfərlərin dinamikliyi münasibətlərin aydın mənzərəsini yaradır. Prezident İlham Əliyevin mətbuata bəyanatında qeyd etdiyi kimi, əsrlər boyu  xalqlarımız sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşamışlar. Bu gün də bu, belədir. Dövlətlərarası münasibətlər də yüksək səviyyədədir. Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra ediblər və bu layihələr həm ölkələrimiz, xalqlarımız, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıyır. Təbii olaraq siyasi əlaqələr inkişaf edir. Yüksəksəviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır. İki dost, qardaş ölkə, sözün əsl mənasında, bir-birinə çox bağlıdır və beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir. Bizi birləşdirən bir çox sərmayə layihələri  böyük coğrafiya üçün önəmlidir. Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdikləri neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat, kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir və nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir. Əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Hazırda Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir. Nəqliyyat-kommunikasiya sahəsində əldə olunmuş nailiyyətlər, yeni inşa edilmiş dəmir yolları, limanlar həm Azərbaycanda, həm də Gürcüstanda böyük sinergiya yaratmış və əslində, Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilmişdir. Əgər bu gün biz Cənubi Qafqazda Orta Dəhliz layihəsindən danışırıqsa, bu, Azərbaycandan və Gürcüstandan keçən dəhlizdir. İldən-ilə ölkələrimizin ərazisindən keçən yüklərin həcmi artır və bu yüklərin həcminin artırılması üçün əlavə addımlar atılır.

Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar edilməsi də iki ölkənin  birgə marağında  olan məsələdir və burada həm Gürcüstan, həm də Azərbaycan öz töhfəsini verir. Uzun illər ərzində Cənubi Qafqaz münaqişə, müharibə arenasına çevrilmişdir. Cənab İlham Əliyev bu əminliyi ifadə etdi ki,  bundan sonra Cənubi Qafqazın qara səhifələri bağlanacaq və tarixdə qalacaq. Bundan sonra da  əlaqələrimiz yüksələn xətlə inkişaf edəcək.

Gürcüstan rəsmiləri  iki ölkənin bu qədər yaxın olmasına Prezident İlham Əliyevin töhfəsini yüksək qiymətləndirirlər. Belə ki, Gürcüstan Prezidenti bildirdi ki, əsrlər boyu xalqlarımız arasında bənzərsiz dostluq inkişaf edərək əməkdaşlığın gələcəkdə daha da möhkəmlənməsi üçün etibarlı zəmin yaradıb. Milli özünəməxsusluğu qoruyub saxlamaq, adət-ənənələrə, mədəniyyətə, tariximizə hörmət xalqlarımızın xüsusi diqqət yetirdiyi təməl prinsiplərdir. Bizim dostluğumuz qarşılıqlı hörmətə və bir-birimizin milli maraqlarının nəzərə alınmasına əsaslanır. Biz münasibətlərdə güvənməyin nə qədər vacib olduğunu başa düşürük və sözümüzün dəyərini bilirik. Bizi xilas edən və bu günə çatdıran bir sıra yazılmamış qanunlarımız, dəyərlərimiz var. Ona görə də Gürcüstan-Azərbaycan dostluğu və strateji tərəfdaşlığı bu qədər xüsusi və nümunəvidir.

Çağırışlar və təhlükələrlə dolu bugünkü qloballaşma dövrü bir çox fundamental dəyərləri təhdid edir. Ona görə də  bu prinsipləri qorumaq üçün xüsusi diqqət və səy göstərməliyik. Gürcü və Azərbaycan xalqları millətlərimiz üçün həyati əhəmiyyət kəsb edən dəyərlərin qorunması uğrunda mübarizədə bir yerdədir və bundan sonra da birlikdə olacaqlar.

Xatırladaq ki, 1996-cı ildə  imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoyan sənəddir. Reallıq budur ki,  Azərbaycan-Gürcüstan münasibətləri daim yüksək səviyyədə olub. Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. Qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Gürcüstan əlaqələri ötən illər ərzində dinamik inkişaf edib, ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəniyyət  və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb.

Ümummilli Lider Heydər Əliyevin və sabiq Prezident Eduard Şevardnadzenin dostluq münasibətləri bu əlaqələrin inekişafında böyük stimul olub. Ali və yüksək səviyyədə çoxsaylı qarşılıqlı səfərlər həyata keçirilib, indiyədək ölkələrimiz arasında 120-dən çox sənəd imzalanıb. 1995-ci ildə Gürcüstanın Azərbaycanda, bir il sonra isə Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başlayıb. Həmçinin 2009-cu ildə Azərbaycanın Gürcüstanın Batumi şəhərində baş konsulluğu, 2013-cü ildə isə Gəncə şəhərində Gürcüstanın baş konsulluğu açılıb.

Ölkələrimiz arasında parlamentlər səviyyəsində də fəal əməkdaşlıq əlaqələri mövcuddur. Hər iki ölkənin qanunverici orqanlarında dostluq və işçi qrupları var. Azərbaycan ilə Gürcüstan arasında beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı dəstək təcrübəsi mövcuddur. BMT Baş Assambleyasının 2020-ci, 2021-ci  və 2022-ci ildə  keçirilmiş sessiyalarında “Abxaziya (Gürcüstan) və Cənubi Osetiyadan (Gürcüstan) məcburi köçkün və qaçqınların vəziyyəti barədə” qətnamələrə dair səsvermə zamanı Azərbaycan sözügedən sənədin lehinə səs verib.

Azərbaycan ilə Gürcüstan arasında iqtisadi sahədə də münasibətlər yüksək səviyyədədir. İqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiya 2004-cü ildən etibarən fəaliyyət göstərir. Komissiyanın mütəmadi olaraq iclasları keçirilir. Azərbaycan ilə Gürcüstanın tarixi İpək Yolu üzərində yerləşməsi və ölkələrimiz tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük axınının həcmini dəfələrlə artırıb.

Əvvəldə də qeyd etdiyimiz kimi, ölkələrimiz arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin- Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və sairin reallaşdırılması bölgədə sülhə və sabitliyə xidmət edir.

İki ölkə arasında münasibətlərə nəzər salarkən humanitar sahədə əməkdaşlığı xüsusilə vurğulamaq lazımdır. Bu sahədə əməkdaşlıqdan danışarkən Heydər Əliyev Fondu tərəfindən Gürcüstanda həyata keçirilən çoxsaylı layihələr xüsusi qeyd edilməlidir. Paytaxt Tbilisidə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan böyük küçə, park və abidə var. Bu, bir daha göstərir ki, Ulu Öndər Gürcüstanla əlaqələrə necə böyük önəm verib. Ümummilli Lider iki ölkənin xalqları arasında əlaqələri belə xarakterizə etmişdir: “Azərbaycan və gürcü xalqları xoşbəxtdirlər ki, onlar qonşu xalqlardır. Bizim əcdadlarımız həmin təmasları yaradıb və bu gün bizim vəzifəmiz odur ki, həmin əməkdaşlığı irəli aparaq və gələcək nəsillərə ötürək.»

Ölkələrimiz arasında regionlararası əməkdaşlıq da  yüksələn xətlə davam edir. Belə ki, iki ölkənin bir sıra şəhərləri arasında birbaşa əməkdaşlıq əlaqələri qurulub. Azərbaycan ilə Gürcüstanın bir sıra şəhərləri arasında “qardaşlaşma” əlaqələrinə dair müvafiq memorandumlar imzalanıb: Gəncə-Kutaisi, Sumqayıt-Rustavi, Naxçıvan-Batumi, Şəki-Telavi, Bakı-Tbilisi, Şəmkir-Marneuli, Ağstafa-Qardabani, Göygöl-Bolnisi  və  Daşkəsən-Dmanisi. Ölkələrimiz arasında əlaqələrin və əməkdaşlığın inkişaf dinamikası onu deməyə əsas verir ki, Azərbaycan-Gürcüstan münasibətləri gələcəkdə daha da genişlənəcək və yeni sahələri əhatə edəcək.

Gürcüstanın Prezidenti  Mixeil Kavelaşvili mətbuata bəyanatında belə bir əminliyi ifadə etdi ki,  zamanın sınağından çıxmış yüksəksəviyyəli strateji və mehriban qonşuluq münasibətləri daha da möhkəmlənəcək, Gürcüstanın və Azərbaycanın milli maraqlarının həyata keçirilməsində yeni müstəviyə keçəcək. Regionun və dünyanın qarşısında duran vəzifələrin səmərəli həlli üçün ölkələrimiz arasında bütün sahələrdə sıx əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Biz bir sıra ümumi, qarşılıqlı faydalı layihələr həyata keçiririk ki, bu da bütün dünya üçün regionumuzu daha da cəlbedici edir. Cənubi Qafqaz regionunun daha da rəqabətədavamlı, etibarlı və perspektivli olması üçün davamlı sülhün və sabitliyin təmin edilməsi vacibdir. O da xüsusi qeyd edildi ki, Gürcüstan həmişə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin güclü tərəfdarı olub,  Azərbaycan ilə  Ermənistan arasında sülh sazişinin bütün bəndləri üzrə danışıqlar prosesinin bu yaxınlarda başa çatmasını alqışlayır. Bu,  regionun potensialının, imkanlarının nümayişində və istifadəsində irəliyə doğru atılmış addımdır. Yaxın gələcəkdə Azərbaycanla Ermənistan arasında  tarixi saziş imzalanacaq və bu,  regionda uzunmüddətli, davamlı sülhün təmin edilməsi üçün həlledici təkan olacaq.

Yeganə Əliyeva, «İki sahil»