17 aprel 2025 17:06
164

Azərbaycanın regiondakı lider mövqeyi güclənməkdə davam edir

Azərbaycan Avropa, Asiya və region ölkələri ilə həm diplomatik, həm iqtisadi, həm də ticari və digər sahələr üzrə sıx əməkdaşlıq prinsiplərini önə çəkərək beynəlxalq müstəvidə qazandığı diplomatik uğurlar sayəsində müasir beynəlxalq münasibətlər  sisteminin fəal aktoruna çevrilmişdir.

Xüsusilə Avropa Şurası və ATƏT kimi bir sıra beynəlxalq təşkilatların, güc mərkəzlərinin, Avropa dövlətlərinin əks mövqeyinə və beynəlxalq erməni mafiyasının ciddi-cəhdlərinə baxmayaraq hərbi-siyasi yolla ərazi bütövlüyünü təmin etdikdən və  ölkənin bütün ərazisində suverenliyini bərpa etdikdən sonra Azərbaycana maraq əhəmiyyətli dərəcədə artmışdır. Bu tendensiya region dövlətləri ilə münasibətdə özünü daha qabarıq şəkildə büruzə verir. Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin prezident seçkilərindən sonra aprelin 16-da rəsmi səfər üçün ilk olaraq məhz  Azərbaycanı seçməsi dediklərimizin daha bir təsdiqidir.

Düşünürəm ki, Azərbaycan-Gürcüstan münasibətlərini müxtəlif rakurslardan təhlil etdikdə bu əlaqələrin bütövlükdə Cənubi Qafqaz bölgəsi üçün necə böyük əhəmiyyət daşıdığına əmin olarıq. Səfərin yekunları ilə bağlı hər iki dövlət başçısının mətbuata verdikləri bəyanatların ruhu da bu reallıqlara köklənmişdir. Tarixən bizim xalqlarımızın sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşadıqlarını vurğulayan prezident İlham Əliyev bütün istiqamətlərdə dövlətlərarası münasibətlərin yüksək dinamikasını qeyd etmişdir. O bəyan etmişdir ki, Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz, nəqliyyat, kommunikasiya layihələri nəinki Cənubi Qafqazın, bütövlükdə Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir: “Əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Nəqliyyat-kommunikasiya sahəsində əldə olunmuş nailiyyətlər, yeni inşa edilmiş dəmir yolları, limanlar həm Azərbaycanda, həm də Gürcüstanda böyük sinergiya yaratmış və əslində, Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilmişdir”.

 Azərbaycan - Gürcüstan qarşılıqlı əlaqələrinin yüksək səviyyəsi Cənubi Qafqazda sülhün təmin edilməsində mühüm məqamdır və bu amil təhlükəsizliyə öz töhfəsini verir. Xüsusilə Ermənistan – Azərbaycan münasibətlərinin normallaşması istiqamətində atılan sülhməramlı addımlar fonunda Cənubi Qafqazda əmin-amanlığın bərqərar edilməsinin bizim birgə maraqlarımızda olduğunu bildirən cənab İlham Əliyev burada hər iki ölkənin rolunu yüksək qiymətləndirmişdir: ” Əfsuslar olsun ki, uzun illər ərzində Cənubi Qafqaz münaqişə, müharibə arenasına çevrilmişdir. Ümid edirəm ki, bundan sonra Cənubi Qafqazın qara səhifələri bağlanacaq və tarixdə qalacaq”.

İki dost və qonşu ölkə arasındakı yüksək səviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır. Dövlət və hökumət başçıları və digər səviyyələrdə reallaşdırılan qarşılıqlı səfərlər və görüşlərin məzmunu bu həqiqəti təsdiq edən faktdır. Bundan əlavə, Azərbaycanla Gürcüstan beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir.

Müqavilə-hüquq bazasına gəldikdə, qeyd etmək istəyirəm ki, bu günədək iki ölkə arasında 120-dək mühüm sənəd imzalanmış və qarşılıqlı münasibətlərin müsbət dinamikası belə sazişlərin sayının daha çox olacağına zəmin yaradır.

Parlamentlərarası əlaqələr də inkişaf etməkdə və getdikcə daha intensiv xarakter almaqdadır. Milli Məclisdə Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu uğurla fəaliyyət göstərir. Gürcüstan Parlamentinin Azərbaycan Parlamenti ilə ilə dostluq  qrupu mövcuddur.

Vacib məqamlardan biri də budur ki, Gürcüstan prezidenti Mixeil Kavelaşvilinin mətbuata verdiyi bəyanatda da Bakı və Tbilisi arasında strateji tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin möhkəmlənəcəyinə və yeni səviyyəyə yüksələcəyinə əminlik ifadə olunub və Gürcüstan və Azərbaycanın strateji dostluğu və əməkdaşlığı nümunəvi kimi qiymətləndirilib.

Əli Hüseynli,
​Milli Məclisin deputatı