Prezident seçiləndə verdiyi Fransanı inkişaf etdirəcəyi vədini unudan Emmanuel Makron əksinə səlahiyyətləri müddətində erməni lobbisinə göstərdiyi dəstəyi öz vətəndaşlarından əsirgəyib. İnkişaf edən digər Avropa ölkələrindən fərqli olaraq siyasi, iqtisadi iflic vəziyyətindən çıxa bilməyən, hələ də geosiyasi paradoksun burulğanında çabalayan Fransa beynəlxalq aləmdə belə qəbul olunmur . Şərqi Avropanın Qərblə inteqrasiyasında yaranan ziddiyyətlər fövqündə xəstə təfəkkürlü Makronun ermənipərəst siyasətinin girovuna çevrilən fransızlar dövlət başçısının onlara vəd etdiyi islahatları hələ də gözləyirlər. Vətndaşlarının inamını, etibarını itirən, ölkəni qlobal təlatümlər girdabına sürükləyən Makron Fransanı «Avropanın xəstə üzvünə» çevirib. Ölkəni illərdən bəri davam edən iflaslarla üz-üzə qoyan Makron Fransanı siyasi, iqtisadi, hərbi sahələrdə daha dramatik vəziyyətə salıb. Yaranan vəziyyətdən, iqtisadi tənəzzüldən əziyyət çəkən yerli əhali yaşadıqları əraziləri tərk etməyə məcbur qalır. Ötən il üzrə xarici ticarət kəsiri 81 milyard avro təşkil edən Fransanın dünya bazarında digər Avropa dövlətlərinə uduzması ölkə iqtisadiyyatı kimi, hər bir vətəndaşın həyat tərzinə mənfi təsir göstərir . Siyasi elitası xalqdan ayrı düşən, yalançı bəyanatlarla əhaliyə xoş gün vəd edən Makronun Fransanı yenidən dirçəltmək, hərbi güc kimi formalaşdırmaq vədlərinə inam sıfır səviyyəsindədir. Afrikada nufuzunu itirən, əsrlərdən bəri müstəmləkə altında saxladığı ölkələrdən çıxarılan, Avropa İttifaqında da lüzumsuz üzv kimi etinasızlıqla qarşılanan Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü və nüvə silahına sahib bir ölkə olsa da öz maraqlarını, müttəfiqlərini də qorumaq imkanlarından məhrum olub. Belə bir vəziyyətlə üzləşən Makron Fransasının Ermənistanı silahlandırması, ona öz maraqları baxımından «dəstək» göstərməsi «Özünə umac ova bilməyənin başqasına əriştə kəsməsi» məsəlinə bənzəyir.
Müstəmləkə altında saxladığı ölkələrdə yerli əhalinin azadlığı uğrunda mübarizələrinin intensivləşdiyi bir məqamda Fransada pensiya islahatları ilə bağlı tələblərin artması, yerli əhalinin ana dilindən sərbəst istifadəsinə tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması, məhkəmə-hüquq sistemində yaranan boşluqlarla bağlı etirazların güclənməsi Makron hakimiyyətinin sonunu yaxınlaşdırır. Ölkəni uçuruma aparan vəziyyətdən narahat olan siyasətçilərin etiraf etdikləri kimi, iqtisadiyyatı on il geridə qalan Fransa bir zamanlar malik olduğu böyük dövlət imicindən də məhrum olub.
Bu cür siyasi, iqtisadi böhranlar içərisində qalan, çıxış yolu görünməyən Makronun erməni lobbisinin dəstəyi ilə olsa belə, hakimiyyətdə qalması təbii ki, mümkün deyil. Ölkə daxilində yaranan böhranları aradan qaldırmaq imkanı olmayan Makronun Ermənistana dəstəyi, beynəlxalq aləmdə özünü «Qarabağ ermənlərinin hüquqlarının müdafiəçisi» kimi tanıtdırmaq səyləri anlaşılan deyil.
Bu günlərdə BMT-nin Nyu-Yorkdakı Baş qərargahında Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən «Dekolonizasiya: Sakit inqilab» adlı beynəlxalq konfransın keçirilməsi Makrona daha bir zərbə oldu. Afrikaəsilli xalqların Daimi Forumunun 4-cü sessiyası çərçivəsində təşkil olunan konfransda çıxış edən BTQ-nin icraçı direktoru Abbas Abbasovun bildirdiyi kimi, Fransanın zülmü altında əsrlərdən bəri əziyyət çəkən xalqlara milli və müstəqillik mübarizələrində dəstək davam etdiriləcək. Azərbaycanın Qoşulmama Hərəkatına (QH) uğurlu sədrliyi dövrü və daha sonra Bakı Təşəbbüs Qrupunun fəaliyyəti ilə dekolonizasiya prosesinin ikinci dalğasının başlanması müsbət nəticələrinin olacağı vurğulanıb. Tədbir çərçivəsində «İctimai yaddaş, silinmə və afrikaəsilli yerli xalqların müqaviməti» və «Müstəmləkə hökmranlığı altında olan ərazilərdə geosiyasi dekolonizasiyanın dinamikası» adlı sessiyalarda iştirak edənlər Azərbaycanın müstəmləkəçilik əleyhinə apardığı siyasəti, ölkəmizin sülhsevər təşəbbüslərini dəstəklədiklərini minnətdarlıqla qeyd ediblər. Fransa və Niderlandın müstəmləkəçiliyi altında olan Qvadelupadan, Martinikadan, Kanakidən (Yeni Kaledoniya), Sint- Martendən, Reunyondan, Bonayredən, Arubadan, Maohi Nuidən (Fransız Polineziyası), Fransız Qvianasından olan ekspertlər, siyasətçilər və fəallar çıxış edərək müstəmləkə siyasətinin yaratdığı sosial, iqtisadi, siyasi fəsadlardan, mübarizələrindən, dünya ictimaiyyətinin müstəmləkəçiliyə verdiyi reaksiyadan, müstəmləkə xalqlarının səsinin beynəlxalq müstəviyə çıxarılmasının vacibliyindən və bu istiqamətdə Bakı Təşəbbüs Qrupunun gördüyü işlərdən danışıblar.
«Müstəmləkəçilik zülmünün tanınması və təzminatların ödənilməsi tələbi» adlı petisiyanın başlanılması ilə neokolonializm zülmünə məruz qalmış xalqlara vurulmuş maddi və mənəvi zərərlərin beynəlxalq səviyyədə tanınmasının və təzminat ödənilməsinin vacibliyi beynəlxalq səviyyəli tələb kimi irəli sürülüb. Tədbirin sonunda qəbul olunan yekun sənəddə müstəmləkəçiliyə qarşı mübarizənin həlli yolları göstərilib. Kolonial güclərin öz tarixi cinayətlərinə görə davamlı olaraq məsuliyyətə cəlb edilməkdən çəkinmələri qətiyyətlə pislənilib. Fransa və Niderland kimi dövlətlərin bu gün də öz kolonial siyasətlərindən əl çəkmədiyi diqqətə çatdırılıb. Bu il martın 28-də Fransanın Milli Assambleyasında Bakı Təşəbbüs Qrupuna qarşı qəbul edilmiş qətnamə qətiyyətlə pislənilib. Fransanın müstəmləkəsi altında olan ölkələrin nümayəndələrinə bildirilib ki, Azərbaycan milli və müstəqillik hərəkatlarına dəstəyini davam etdirəcək.
Bakı Təşəbbüs Qrupu sayəsində beynəlxalq səviyyədə tanındıqlarını, Fransanın müstələkəçilik siyasətindən, iqtisadi böhrandan əziyyət çəkdiklərini bildirən konfrans iştirakçıları dünya birliyini XXI əsrdə belə davam edən Fransa, Niderland neokolonializminə qarşı mübarizəyə səsləyiblər. Bildirilib ki, Bakı Təşəbbüs Qrupunun keçirdiyi tədbirlər neokolinalizmlə mübarizədə, milli azadlıq hərəkatlarının genişlənməsində böyük əhəmiyyət daşıyır. Konfransın BMT binasında keçirilməsi isə xüsusilə təqdirəlayiqdir. Birləşmiş Millətlər Təşkilatının dekolonizasiya edilməli ölkələr siyahısına daxil edilmək niyyətləri artıq müzakirələrin gələcək uğurundan xəbər verir. BTQ-nin sifarişi ilə hazırlanan «Fransız kolonializminin təkamülü: Siyasi və konstitusional tədqiqat»” adlı hesabatda Fransa müstəmləkəçiliyinin acı nəticələrindən ətraflı bəhs edilir. Prezident İlham Əliyevin ölkəmizin QH-yə sədrliyi dövründə dekolonizasiya prosesinə göstərdiyi dəstək bütün dünya ictimaiyyəti tərəfəndən dəstəklənir. Son 2 ildə BTQ-nin təşkilatçılığı ilə 20-dən çox beynəlxalq konfrans keçirilmiş, 12-dən çox hesabat hazırlanmış, 3 kitab çap olunmuşdur. Artıq Fransanın mənfur Cənubi Qafqaz siyasətinə, erməni vəhşilərinə dəstəyinə, «Həvəsdir, bəsdir» deməsinin vaxtıdır.
Xuraman İsmayılqızı, «İki sahil»