Fransa və Niderland Afrika ölkələrinin bir hissəsini hələ də nəzarətlərində saxlayırlar. Onlar bu ölkələrin təbii sərvətləri hesabına öz varidatlarını artırır, xalqların milli kimliklərini məhv edirlər. Üstəlik, bu gün Niderland və Fransa öz müstəmləkəçilik istismarlarını gücləndirməyə çalışırlar. Bir çox tərəqqipərvər ölkələr Afrika ölkələrinin hüquqları uğrunda apardıqları mübarizəyə dəstək verir. Azərbaycan isə bu məsələdə ən aktiv mübarizə aparan bir ölkədir. Belə ki, ölkəmiz Bakı Təşəbbüs Qrupu (BTQ) vasitəsilə Fransanın və Niderlandın zülmündən əziyyət çəkən ölkələrin səsini dünya ictimaiyyətinə çatdırmaq, həmçinin onları beynəlxalq təşkilatlara üzv etmək istiqamətində ciddi addımlar atır.
Aprelin 15-də BMT-nin Nyu-Yorkdakı Baş qərargahında Fransa və Niderlandın müstəmləkəçiliyi altında olan Qvadelupa, Martinika, Kanaki (Yeni Kaledoniya), Sint-Marten, Reunyon, Bonayre, Aruba, Maohi Nui (Fransız Polineziyası), Fransız Qvianasının nümayəndələrinin, eyni zamanda, Beynəlxalq Dekolonizasiya Cəbhəsinin təmsilçilərinin iştirakı ilə keçirilən “Dekolonizasiya: Sakit inqilab” adlı beynəlxalq konfransda da bu kimi məsələlər gündəmdə olub. Afrikaəsilli xalqların daimi forumunun IV sessiyası çərçivəsində BTQ-nin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən və ilk dəfə BMT-nin rəsmi tədbiri kimi qeydiyyata alınan bu konfransda sözügedən təşkilatın icraçı direktoru Abbas Abbasov BTQ-nin saytında “Müstəmləkəçilik zülmünün tanınması və təzminatların ödənilməsi tələbi” adlı petisiyanın başladıldığını da bildirib. Konfransın sonunda qəbul edilən yekun sənəddə Fransa və Niderland kimi dövlətlərin bu gün də öz kolonial siyasətlərindən əl çəkmədiyi vurğulanıb, kolonializmin dünya miqyasında bərpası mümkün olmayan dərin yaralar vurduğu qeyd olunub.
Amma görünən odur ki, istər Fransa, istərsə də Niderland Azərbaycanın bu kimi fəallığını olduqca qısqanclıqla yanaşır. Ona görə də ölkəmizə qarşı apardıqları iyrənc siyasətlərinə yeni çalarlar əlavə etməyə çalışırlar. Niderland parlamentində hər zaman anti-Azərbaycan qüvvələrin kəskin çıxışları, martın 28-də Fransanın Milli Assambleyasında son iki ildə 20-dən çox beynəlxalq konfrans keçirimiş BTQ-yə qarşı qəbul edilmiş qətnamə, həmçinin Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baronun sayıqlamaları da bunun sübutudur. Xatırladaq ki, Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baro aprelin 14-də Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin Lüksemburqda keçirilən iclası çərçivəsində çıxış edərkən regional gərginlik, sülh prosesi və hazırda Azərbaycanda mühakimə olunan ermənilərlə bağlı bəzi anti-Azərbaycan iddiaları səsləndirib. Yəqin Fransa rəsmiləri bilməmiş deyillər ki, bəşəriyyətə qarşı cinayətlərdə təqsirləndirilən şəxslərin məhkəmə proseslərinə maneçilik törədilməsi ölkənin suverenliyinə müdaxilədən başqa bir şey deyil. Şübhəsiz, Fransanın bu cür müdaxiləsi cinayətkarları qorumaqla cəzasızlığın davamına xidmət edir. Yeri gəlmişkən, Fransa Avropa İttifaqının Ermənistanda Azərbaycanla sərhəd bölgələrində fəaliyyət göstərən “müşahidə missiyası”nın tərkibinin genişləndiriləməsinə də cəhd edir. Bu faktlar bir daha göstərir ki, Ermənistanı sürətlə silahlandıran, həmçinin onu müharibəyə təhrik edən Fransa hələ də ermənipərəst mövqeyindən, həm də bölgədə sülhə mane olmaq fikrindən əl çəkməyib. Elə bu kimi səbəblərdən Fransa sakinlərinin üçdə ikisi Prezidenti Emmanuel Makronun siyasətini bəyənmir.
Şübhəsiz, bütün bunlar BTQ-ni haqq yolundan döndərə bilməz. Artıq BMT-nin müəyyən institutları Fransadan Yeni Kaledoniya və Fransız Polineziyadakı hadisələrlə bağlı xüsusi hesabatlar tələb edirlər. Bu da sözügedən ölkənin ifşasında mühüm rol oynayır. Fransa artıq anlamalıdır ki, onun müstəmləkəçilik siyasəti, Yeni Kaledoniya və digər bölgələrdə yerli xalqların iradəsinin kobud şəkildə pozulması BTQ-nin səyləri sayəsində artıq beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.
Bu kimi addımlara görə neokolonializm siyasətindən əziyyət çəkən ölkələr Azərbaycana təşəkkürünü ifadə edirlər. BTQ isə Fransa və Niderland müstəmləkəçiliyinə qarşı fəaliyyət göstərən bütün hərəkatlara dəstək nümayiş etdirməkdə israrlıdır.
Qvami Məhəbbətoğlu, “İki sahil”