ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) ölkədə qızılca epidemiyası ilə bağlı açıqlama yayıb.
“İki sahil”in məlumatına görə, CDC-nin rəsmi saytında yayılan açıqlamada, ölkə daxilində əksəriyyəti uşaq olmaqla 222 yoluxmanın aşkar edildiyi, qızılcaya Texas və Nyu Meksiko ştatlarında, həmçinin Alyaska, Kaliforniya, Florida, Corciya, Kentukki, Nyu Cersi, Nyu York, Pensilvaniya, Rhode Island və Vaşinqtonda da rast gəlindiyi qeyd edilib.
Martın 7-nə olan məlumata görə, Texas 198 qızılca hadisəsi ilə 12 ştata liderlik edir, Nyu Meksiko isə 10 nəfərlə ikincidir.
Bildirilir ki, Texasda bir uşaq və Nyu Meksikoda bir yetkin qızılcadan ölüb.
Epidemiyanın yayılmağa davam etdiyi və yaxın günlərdə yoluxma sayının arta biləcəyi xəbərdarlığı edilib.
Açıqlamada ölkədə yaz-yay səyahət mövsümünün yaxınlaşdığına diqqət çəkilərək, peyvənd vasitəsilə qızılca xəstəliyinin yayılmasının qarşısının alınmasında səhiyyə işçilərinin oynadığı mühüm rola diqqət çəkilib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”