2015-2018-ci illərdə Avstraliyanın baş naziri olmuş Malkolm Turnbull ABŞ-ın hazırkı prezidentinin davranışını Çin Xalq Respublikasının liderinə “hədiyyə” adlandırıb.
“İki sahil” xəbər verir ki, Malkolm Turnbull Bloomberg-ə müsahibəsində bildirib ki, indi dünya Amerika prezidentinin “daha cəmlənmiş” versiyasını görür. Bu da Çin üçün üstünlükdür.
“Prezident Si Trampın tam əksi olmağa çalışacaq. Trampın xaotik olduğu yerdə o, ardıcıl olacaq. Tramp kobud və aqressiv olduğu yerdə, o, nəzakətli olacaq" - deyə Turnbull deyib. Onun fikrincə, nəticədə ölkələr Çini daha cəlbedici tərəfdaş kimi qəbul edəcəklər.
Keçmiş Avstraliya liderinin sözləri Amerika prezidentinin diqqətindən yayınmayıb. Müsahibədən qısa müddət sonra o, cavabını TruthSocial hesabında bildirib. “Mən onu həmişə zəif və təsirsiz lider hesab etmişəm. Görünür, avstraliyalılar mənimlə razıdırlar" deyə Tramp yazıb. O, daha sonra qeyd edib ki, Malkolm Turnbull Çində nə baş verdiyini heç vaxt başa düşməyib və heç vaxt anlamaq imkanı olmayıb.