Rusiya İranın nüvə proqramı ilə bağlı problemin sülh yolu ilə həlli üçün mümkün olan hər şeyi etməyə davam edəcək.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Tehranın özü ABŞ-la danışıqlara dair mövqeyini formalaşdırır və “sıx təmasların” olduğu göz qabağındadır.
“İran qarşılıqlı hörmətə, konstruktiv danışıqlara əsaslanan danışıqlara can atır. Təbii ki, biz öz tərəfimizdən bu prosesi – İranın nüvə dosyesi probleminin həllini dinc istiqamətə gətirmək üçün bizdən asılı olan və mümkün olan hər şeyi etməyə davam edəcəyik”, – deyə, Dmitri Peskov jurnalistlərə bildirib.
Martın 7-də ABŞ prezidenti Donald Tramp bildirib ki, o, İranın ali dini lideri Ayətullah Əli Xameneiyə məktub göndərərək İranın nüvə proqramı ilə bağlı danışıqların aparılmasını təklif edib. Amerika prezidenti vurğulayıb ki, Tehran razılaşmasa problem “başqa şəkildə” həll olunacaq. Martın 10-da İran Xarici İşlər Nazirliyi “təzyiq və hədə-qorxu ilə” danışıqlar aparmaqdan imtina edib.