10 mart 2025 17:04
100

Almaniyanın hava limanlarında XAOS

Almaniyanın 13 hava limanında maaşların artırılmasını tələb edən işçilərin bir günlük xəbərdarlıq tətili keçirilir.

“İki sahil” xəbər verir ki,  bu barədə "Stern" məlumat yayıb.

Qeyd edilir ki, Almaniya Hava Limanları Assosiasiyasının hesablamalarına görə, gün ərzində 3500-ə yaxın reys təxirə salınacaq, 500 mindən çox insan isə uça bilməyəcək. Həmkarlar ittifaqı aviasiya təhlükəsizliyi və hava limanının yerüstü xidməti işçilərini tətilə çağırıb.

Tətil Almaniyanın ən böyük Frankfurt hava limanı ilə yanaşı, Berlin, Bremen, Köln, Dortmund, Düsseldorf, Hamburq, Hannover, Leypsiq, Münhen və Ştutqart hava limanlarını da əhatə edir. "Stern"in məlumatına görə, Frankfurtda planlaşdırılan təxminən 1170 reysdən 1050-yə yaxın reys təxirə salınıb. Münhendə 820 uçuşdan 170-i yerinə yetiriləcək. Tətilin başladığı Hamburqda 143 aviareysin hamısı ləğv edilib.

Alman Aviasiya Sənayesi Federal Assosiasiyası işçilərin tətillərini qəbuledilməz adlandırıb. Assosiasiya nümayəndələri Almaniya hava limanlarının beynəlxalq hava nəqliyyatından kənarda qaldığını iddia edirlər.

Həmkarlar ittifaqı hava limanı işçiləri üçün maaşların 8% artırılmasını, daha yüksək mükafatlar və üç əlavə istirahət günü verilməsini tələb edir. Ötən həftə həmkarlar ittifaqı məsələ ilə bağlı yerli hakimiyyət orqanları ilə müzakirələrin dalan nöqtəyə çatdığını bildirdi. Növbəti danışıqlar martın 14-dən 16-dək Potsdamda baş tutacaq.