26 yanvar 2025 12:47
690

Makron Fransası niyə bu qədər narahatdır? - ŞƏRH

Həmişə insan hüquqlarından dəm vuran Fransa hazırda Afrika ölkələrinin bir hissəsini hələ də nəzarətində saxlayır. Azərbaycan konkret faktlarla Fransanın bu müstəmləkəçilik siyasətini ifşa edir. Hətta Bakı Təşəbbüs Qrupu (BTQ) vasitəsilə Fransanın zülmündən əziyyət çəkən ölkələrin səsini dünya ictimaiyyətinə çatdırmaq istiqamətində ciddi addımlar atır. Bu da öz səmərəsini verməkdədir. Elə ölkəmizin mənəvi dəstəyi ilə Yeni Kaledoniya, Fransız Polineziyası, Korsika, Qvadelupa, Martinika, Fransız Qvianası kimi bölgələrin müstəmləkəçiliyin buraxdığı uzunmüddətli miraslarla mübarizəsini davam etdirməsi bu faktı bir daha sübut edir.

Yanvarın 23-24-də Kanakidə (Yeni Kaledoniya) isə Yeni Kaledoniya, Fransız Polineziyası, Martinik, Qvadelup, Fransız Qvianası və Korsikanın müstəqilliyi uğrunda mübarizə aparan parlamentarilər, siyasi partiyalarının liderləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, ictimai hərəkatların başçılarının iştirakı ilə 2024-cü ilin iyulunda BTQ-nin dəstəyi ilə yaradılmış Fransa müstəmləkəsi olan əraziləri özündə birləşdirən Beynəlxalq Dekolonizasiya Cəbhəsinin ilk konqresi keçirilib. Həmin tədbirdə müəyyən səbəblərdən BTQ-in rəhbəri Abbas Abbasov konqresdə video-formatda çıxış edib. O, Prezident İlham Əliyevin Kanak xalqına qarşı törədilmiş cinayətləri açıq şəkildə pislədiyini və müstəmləkə altında olan regionlara dəstəyini ifadə etdiyini xatırladıb. Kanak xalqı minnətdarlıq əlaməti olaraq Azərbaycan bayrağını yenidən paytaxt Numea şəhərində ucaldıb. 

Yeri gəlmişkən xatırladaq ki, 2024-cü ildə bütün dünya Kanakidə baş verən faciəvi və ədalətsiz hadisələrin şahidi olub. Fransa hakimiyyəti kanak xalqının dinc etirazlarını zorakılıqla yatırıb. Hətta bu qəddar basqılar ən azı 14 nəfər insanın həyatını itirməsi və 200-dən çox insanın yaralanması ilə nəticələnib. Bu vəhşiliklərlə əlaqədar BTQ beynəlxalq təşkilatların rəhbərlərinə məktublar ünvanlayıb, bununla da Fransanın iç üzünü bir daha açmağa nail olub. 

Bir məsələni də xatırladaq ki, yanvarın 21-də BTQ-nin təşkilatçılığı ilə “Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış” adlı konfrans da keçirilib. Bu tədbirdə Fransanın hələ də davam etdirdiyi müstəmləkə siyasətinin dəhşətli nəticələrinin Hind okeanında yerləşən Reyunyon adasında da özünü qabarıq şəkildə büruzə verməsi diqqət mərkəzində olub. Konfransın yekunu olaraq BTQ və "Ka Ubuntu" Müstəqillik Hərəkatı arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi BTQ-nin icraçı direktoru Abbas Abbasov və “Ka Ubuntu”nun  sədri  Romen Katambara imzalayıblar. Qeyd edək ki, Anlaşma Memorandumu yalnız siyasi müstəvidə deyil, qurumlar arasında təhsil və səhiyyə sahələrində də əməkdaşlığı əhatə edəcək.
Lakin Makron Fransası Azərbaycanın müstəmləkəçilik əleyhinə apardığı bu uğurlu mübarizəni həzm edə bilmir. Daha doğrusu, Fransanın neokolonial siyasətinə qarşı Azərbaycanın liderliyi ilə başlanan mübarizə Parisdə ağrılı bir şəkildə qəbul olunur. Hətta rəsmi Bakını Fransanın, həmçinin sözügedən ölkələrin daxili işlərinə qarışmaqda suçlayır. Növbəti belə bir addım isə Fransanın XİN başçısı Jan-Noel Barro tərəfindən atılıb. 
Bəri başdan qeyd edək ki, Azərbaycan indiyədək  heç bir ölkənin daxili işlərinə qarışmayıb və qarışmaq fikri də yoxdur. Rəsmi Bakı sadəcə kolonializmdən əziyyət çəkən bütün xalqları beynəlxalq hüquq normaları çərçivəsində dəstəkləməklə onlara mənəvi dəstək göstərir. Bu mənada əminliklə demək olar ki, Azərbaycan konkret bir ölkəyə qarşı deyil, insanları öz müqəddəratını təyinetmə hüququndan və azadlığından məhrum edən müstəmləkə sisteminə qarşı mübarizə aparır. Üstəlik, Azərbaycan BTQ-nin timsalında Fransanın müstəmləkə siyasətini və dənizaşırı ərazilərdəki problemləri beynəlxalq aləmə çatdırır. Bununla da dekolonizasiya prosesinə öz töhfəsini verir.

Halbuki, məhz əsarət altında saxladığı ölkələrin təbii sərvətlərini talan edən, yerli xalqların hüquqlarını pozan, onların mədəni irsini yer üzündən silməyə çalışan, ermənipərəst mövqeyi ilə seçilən Fransa həmişə regional məsələlərə qarışıb və Azərbaycanın sülh və sabitliyi bərpa etmək istiqamətində apardığı prosesi Ermənistanı silahlandırmaqla, revanşistləri müharibəyə təhrik etməklə pozmağa çalışıb. Fransa bu gün də bu iyrənc siyasətini davam etdirir. 

Şübhəsiz, bütün bunlar Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin bildirdiyi kimi,  Fransanın XİN başçısı Jan-Noel Barronun söylədikləri ölkəsinin müstəmləkə əsarətində olan yerli əhalinin tələblərinə qarşı hərəkətsizliyini ört-basdır etmək cəhdindən başqa bir şey deyil. Bütün bunlara baxmayaraq, Azərbaycan bu istiqamətdə mübarizəni davam etdirməkdə israrlıdır. Yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bununla bağlı Prezident İlham Əliyev demişdi ki, Azərbaycan cəmiyyəti artıq öz mövqeyini ortaya qoyub və BTQ-nin  fəaliyyəti ildən-ilə genişlənir, böyüyür. Dövlətimizin başçısı qeyd etmişdi ki, əgər bu proses müəyyən səbəblər üzündən başlamışdırsa, bu gün bu, artıq həyatımızın bir parçasıdır: “Onlar hədələnir, onlara qarşı ədalətsizlik bir qayda olaraq artıq özünü təsdiqləyib. Onların müdafiəsinə qalxmaq istəyən tərəflərin, təşkilatların sayı da çox azdır. Çünki yenə də deyirəm, mən bunu demişəm, heç kim başağrısı istəmir, heç kim istəmir ki, böyük dövlətlərlə, – hər halda özlərini belə sayan, – üz-üzə gəlsin. Amma biz bunu edirik və edəcəyik. Bu müstəmləkəçilik praktikası davam edənə qədər biz o xalqların yanında olacağıq. Artıq bunu Azərbaycan cəmiyyəti öz mənəvi borcu kimi qiymətləndirir…”.

Qvami Məhəbbətoğlu, “İki sahil”