26 yanvar 2025 10:18
192

İstanbul və Ankarada tarixi əsər qaçaqçılarına qarşı ƏMƏLİYYAT

Ankara və İstanbulda tarixi əsər qaçaqçılığı etdikləri iddia edilən 12 şübhəliyə qarşı keçirilən əməliyyatlarda, tarixi əsər olduğu qiymətləndirilən 243 ədəd tarixi əsər ələ keçirilib.

Ankara Polis İdarəsinin yaydığı açıqlamaya görə, Qaçaqmalçılıq Cinayətləri ilə Mübarizə Şöbəsi tərəfindən “Mədəniyyət və Təbii Sərvətlərin Mühafizəsi Haqqında Qanun”u pozan şəxslərə qarşı aparılan təxminən 6 aylıq araşdırma nəticəsində Altındağ rayonunda 2 nəfərin internet vasitəsilə hərrac keçirdiyi müəyyən edilib.

Bu auksionlarda ölkə daxili və xaricindən əldə etdikləri, Avropa və Osmanlı dövrlərinə aid etnoqrafik əhəmiyyətə malik tarixi əsərləri satdıqları aşkarlanan şübhəlilərin, bu əsərlərin rəsmi qeydiyyata alınmalı olduğu müəyyən edilib.

"Daşınan Mədəniyyət Sərvətləri Ticarəti və Bu Ticarətə Aid İş yerləri ilə Anbarların Nəzarəti Haqqında Əsasnamə" çərçivəsində lisenziyalarının olmadığı müəyyən edilən şübhəlilərə qarşı Ankara və İstanbulda eyni vaxtda əməliyyatlar keçirilib. Ankara şəhərində 10, İstanbulda isə 2 nəfər olmaqla, ümumilikdə 12 şübhəli saxlanılıb.

Şübhəlilər barəsində aparılan əməliyyatlar zamanı tarixi əsər olduğu hesab edilən 243 nümunə ələ keçirilib.

Ələ keçirilən əşyalar arasında Osmanlı dövrünün XIX və XX əsrlərinə aid, təxminən 200 illik Kapıkulu süvariləri tərəfindən istifadə olunan çaxmaqlı tapança, 1918-ci ildə Sultan Vahdeddin tərəfindən Osmanlı leytenantlarına göndərilmiş berat-ı şərif, Qurtuluş Müharibəsi sonrası fərqlənən əsgərlərə verilmiş İstiqlal medalı, Sultan Əbdülməcid tərəfindən yüksək rütbəli dövlət məmurlarına təqdim edilmiş 4 ədəd mecidiye nişanı, yeniçərilər tərəfindən döyüş meydanlarında istifadə olunan qılınc, xəncər və qın yer alır.

Bundan əlavə, Osmanlı sarayının mətbəxində istifadə olunan XIX və XX əsrlərə aid Avropa və Fransa mədəniyyətinə məxsus çəngəl, bıçaq və qaşıq dəsti, 1877-ci ildə xətt sənəti ilə yazılmış "Bismillah" sözləri olan taxta lövhə, mərkəzində "Yeddi Yatanlar"ın adları yazılmış və Kəlimeyi-şəhadət və Ayətəl-Kürsi ilə əhatələnmiş xətt lövhəsi, 1911-ci ilə aid, üzərində Allahın adları və Dörd Xəlifənin adları yazılmış, mərkəzində Süleymaniyyə məscidinin təsviri olan parçadan hazırlanmış lövhə də ələ keçirilən əşyalar arasındadır.

Ümumi dəyəri təxminən 1,5 milyon lirə olaraq qiymətləndirilən bu əşyaların əsas qiymətləndirilməsi Ankara Etnografiya Muzeyi tərəfindən aparılacaq.

Orxan Vahidoğlu, "İki sahil"