25 yanvar 2025 22:22
164

Türkiyə XİN: İraqla birlikdə terrora qarşı mübarizəmizi davam etdirəcəyik

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli “X” sosial media platformasında PKK terror təşkilatı tərəfindən 2 İraq əsgərinin öldürülməsi ilə bağlı paylaşım edib.

“İki sahil” xəbər verir ki, o, dünən PKK terror təşkilatının Duhukda həyata keçirdiyi hücum nəticəsində İraq Sərhəd Qüvvələri Komandanlığının iki sərhədçisinin həlak olmasından dərin kədərləndiklərini bildirib, İraq xalqına başsağlığı verib, Allahdan rəhmət diləyib. Şəhid əsgərlər və hücumda yaralanan əsgərə təcili şəfalar diləyib: “PKK terror təşkilatının Türkiyə və İraqın milli təhlükəsizliyini təhdid etdiyi, İraqın suverenliyini pozduğu aydındır. Bu son hücum terror təşkilatının əsl simasını bir daha ortaya qoydu".

XİN sözçüsü İraqla birlikdə terrora qarşı mübarizəni davam etdirəcəklərini qeyd edib.

Dünən İraqın Duhok şəhərində PKK terror təşkilatının hücumu nəticəsində İraqın 2 sərhədçi əsgəri həlak olub.

Məhərrəm Ağalaroğlu, “İki sahil”