22 yanvar 2025 00:44
163

Azərbaycanın enerji diplomatiyasının təqdimatında mühüm paltforma

Dövlət başçısı İlham Əliyev Dünya İqtisadi Forumu çərçivəsində qarşı tərəflərin müraciətləri əsasında keçirdiyi görüşlərlə Azərbaycanın dünyada yeri və rolunu təqdim edir

Dövlət başçısı İlham Əliyev Dünya İqtisadi Forumunda iştirak etmək üçün yanvarın 20-də İsveçrə Konfederasiyasına səfər etdi. Yanvarın 20-dən 24-dək davam edəcək sayca 55-ci olan Forum bu dəfə « Ağıllı əsr üçün əməkdaşlıq» devizi altında toplaşır. Forum hazırkı dövrün əsas çağırışlarının müzakirəsində, birgə qərarların qəbul edilməsində mühüm paltforma kimi diqqətdədir. Forumda 5 əsas istiqamət üzrə müzakirələr nəzərdə tutulub. İnkişafın yenidən dizayn edilməsi – Güclü və dayanıqlı iqtisadiyyatların qurulması üçün yeni inkişaf mənbələrini necə müəyyən edə bilərik? İntellektual əsrdə sənayelər - Biznes liderləri öz sənayelərinin transformasiyasında qısamüddətli məqsədlərlə uzunmüddətli imperativlər arasında tarazlığı necə əldə edə bilərlər? İnsan kapitalına investisiya - Dövlət və özəl sektor müasir və davamlı cəmiyyətin inkişafına töhfə verən insan kapitalının inkişafına və iş yerlərinin artmasına necə sərmayə qoya bilər? Planetin mühafizəsi - İnnovativ tərəfdaşlıqlar, artan maliyyələşdirmə və aparıcı texnologiyaların tətbiqi vasitəsilə enerji, iqlim və təbiət məqsədlərinə nail olmağı necə sürətləndirə bilərik? Etimadın bərpası - Getdikcə mürəkkəbləşən və sürətlə inkişaf edən dünyada cəmiyyətlər arasında dərinləşən fikir ayrılıqları, geosiyasi çoxqütblük və siyasi proteksionizmə doğru baş verən dəyişikliklər həm ticarətə, həm də investisiyalara mane olur. Maraqlı tərəflər həm beynəlxalq, həm də cəmiyyətlər daxilində əməkdaşlıq etmək üçün yeni həll yollarını necə tapa bilərlər?

Nəzərə alsaq ki, 2024-cü il Azərbaycanın, ümumilikdə dünyanın həyatında COP29 iqlim konfransının keçirilməsi və mühüm nəticələrin əldə olunması ilə yadda qaldı, bu halda Forum çərçivəsində «COP30-a gedən yol» mövzusunda panel müzakirələrin aparılacağı qaçılmazdır. İqlim diplomatiyasında dönüş nöqtəsi kimi dəyərləndirilən Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşdü. Cənab İlham Əliyevin çıxşılarında, həmçinin Bakı nailiyyəti ilə bağlı paylaşımında da qeyd edildiyi kimi, 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaqdan qürur duyduq. Genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu.

«Yaşıl dünya naminə həmrəylik!» şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaratdı. Bütün proses boyu Azərbaycan inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırış etdi, çünki onlar iqlim dəyişmələrinin ağır yükünü daşıyırlar və ekzistensial təhlükə ilə üzləşirlər. Ölkəmiz, həmçinin müstəmləkə idarəçiliyi ilə daha da ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlar ilə həmrəylik nümayiş etdirdi. Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi və bunun nəticəsində dünya tarixi Bakı nailiyyətinə şahid oldu. Bakı COP-da İtki və Zərər Fondu tam işlək vəziyyətə gətirildi. Azərbaycan, həmçinin karbon bazarına dair çoxdan gözlənilən 6-cı maddənin tam işlək vəziyyətə gətirilməsinə nail oldu. Ən əsası, Bakı COP 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 300 milyard ABŞ dolları təmin etmək üçün qarşıya yeni qlobal məqsəd qoyan Yeni Kollektiv Kəmiyyət Məqsədinin şahidi oldu. Bu razılaşma inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə kömək edəcək. Bakı nailiyyəti çoxtərəfliliyin təntənəsidir.

Təbii ki, bunları qeyd etməkdə məqsədimiz COP30 üçün mühüm nəticələrin əldə edildiyini diqqətə çatdırmaqdır. Bunlar növbəti COP-lar üçün böyük stimuldur. Azərbaycanın əməkdaşlıqla enerji amilinə xüsusi önəm verməsi, iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri ilə dünyanın enerji xəritəsini yenidən tərtib etməsi, həmçinin yeni əməkdaşlıq formatlarının müəllifi kimi tanınması və nüfuz qazanması beynəlxalq səviyyədə təqdir edilir. Artıq hazırkı dövr yaşıl enerjiyə keçidlə bağlıdır. Azərbaycan yaşıl enerjiyə keçidin fəal təbliğatçısıdır. COP29 bunu bir daha təsdiqlədi.

Ənənəvi keçirilən Davos Dünya İqtisadi Forumunin hər bir iclasının mövzusu dövrün çağırışlarını özündə ehtiva edir. Ötən il 60-dan çox hökumət və dövlət başçısının, o cümlədən Avropa Komissiyasının, BMT, NATO, Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun, Avropa Yenidənqurma və İnkişaf Bankının rəhbərlərinin və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdiyi 54-cü Dünya İqtisadi Forumu «Etibarın bərpası» devizi altında keçirildi. Bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, iqtisadi xarakter daşımasına baxmayaraq Davos Forumu dünya siyasətinə, beynəlxalq münasibətlərə ciddi təsirə malikdir. Forum dünyanın iqtisadi mənzərəsinin təqdimatında önəmli rol oynayır. Burada irəli sürülən yeni fikirlər, təkliflər qlobal iqtisadiyyata yeni istiqamətlər verir. Davos Forumu, eyni zamanda, iqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoqu və dünya ictimaiyyətinə hesabat xarakteri daşıyır. Qlobal iqtisadi böhranın, milyonlarla insanın yaşayışına, ayrı-ayrı dövlətlərin iqtisadiyyatına təsir edən siyasi münaqişələrin davam etdiyi, ərzaq çatışmazlığı probleminin mövcud olduğu indiki dövrdə siyasi liderləri, iş adamlarını, vətəndaş cəmiyyəti qurumlarının rəhbərlərini bir araya toplayan Davos Forumu, şübhəsiz ki, bir çox məsələlərin müzakirəsinə və vacib qərarların qəbuluna əlverişli mühit yaradır. Bu nöqteyi-nəzərdən yanaşsaq Forumda dövlətlərarası münasibətdə əsas faktor olan etibarın bərpası məsələsinin Forumun gündəliyinə salınması və geniş müzakirə edilməsi bu məsələnin aktuallığını təsdiqləməklə yanaşı, tədbirin mövcud problemlərin həllində roluna da işıq salır.

Dövlət başçısı İlham Əliyevin ənənəvi keçirilən Davos İqtisadi Forumunun iclaslarında iştirakı, eyni zamanda, çıxışı, verdiyi müsahibələr, qarşı tərəflərin müraciətləri əsasında keçirdiyi görüşlər Azərbaycan həqiqətlərinin, qlobal məsələlərin həllində tutduğumuz mövqeyin təbliğində əhəmiyyətli rol oynayır. Budəfəki Forumda 350 hökumət nümayəndəsi, 60 dövlət və hökumət başçısı daxil olmaqla 130-dan çox ölkədən 3000-ə yaxın liderin bir araya gəlməsi də özündə mühüm məqamları ehtiva edir. Tədbirdə yeni texnologiyaların tətbiqi, geosiyasi gərginliklər və iqlim dəyişikliyinin sürətləndirilməsi fonunda sosial və iqtisadi dayanıqlığın gücləndirilməsi kimi məsələlər əsas müzakirə mövzusu olacaq.

Dünya İqtisadi Forumunun tarixinə nəzər salaq. Forum isveçrəli professor Klaus Şvabın təşəbbüsü ilə 1971-ci ildə yaradılıb. K. Şvab 1971-ci ildə İsveçrənin Davos şəhərində Avropanın aparıcı 450 şirkətinin rəhbərlərini toplayaraq, dünya iqtisadiyyatının perspektivlərini müzakirə etmək və ümumi strategiya hazırlamaq məqsədilə birinci simpoziumu keçirib. Ötən əsrin 70-ci illərinin ortalarından Forumun iclaslarına müxtəlif ölkələrin hakimiyyət nümayəndələri və iş dünyasının liderləri olan sahibkarlar dəvət edilməyə başlanıb. 1987-ci ildən etibarən isə Forum Dünya İqtisadi Forumu adlandırılıb. Forumun hər il keçirilməsində əsas məqsəd dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların, elm adamlarının, nüfuzlu siyasətçilərin, iqtisadçıların və biznesmenlərin iştirakı ilə yeni beynəlxalq iqtisadi layihələrin həyata keçirilməsini müzakirə etməkdir. Ölkəmizin Dünya İqtisadi Forumunda iştirakı ötən əsrin 90-cı illərinin ortalarından başlayıb. 1995-ci ilin yanvarında Ulu Öndər Heydər Əliyev ilk dəfə olaraq forumda iştirak etmək üçün İsveçrənin Davos şəhərində işgüzar səfərdə olub. Dahi şəxsiyyət Azərbaycanın karbohidrogen ehtiyatları ilə zəngin olduğunu və respublikamızın bu resurslardan dünyanın gələcək inkişafı naminə istənilən ölkə ilə qarşılıqlı maraqlar əsasında yararlanmaq prinsiplərini özündə əks etdirən xarici iqtisadi siyasət xətti tutduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdı. Prezident İlham Əliyev də ötən illər ərzində Dünya İqtisadi Forumunun iclaslarında fəal iştirak edib. Dövlətimizin başçısı Forum çərçivəsində ayrı-ayrı ölkələrin dövlət və hökumət başçıları, bir sıra tanınmış şirkətlərin rəhbərləri ilə çoxsaylı görüşlər keçirib və müxtəlif mövzularda aktual müzakirələrə qatılıb. Azərbaycanın ildən-ilə artan nüfuzu və iqtisadi imkanları, regionda baş verən hadisələr, tarixi Zəfərimizdən sonrakı dövrdə yeni reallıqların yol açdığı uğurlar hazırda əsas müzakirə mövzularıdır. Ölkəmiz investisiya cəlbediciliyini yüksək səviyyədə qoruyur. Azərbaycan sabitlik diyarı və böyük iqtisadi imkanlara malik ölkə kimi nüfuz qazanıb. Reallıq budur ki, hər bir ölkə iqtisadi əlaqələr qurduğu ölkələrdə ilk olaraq sabitliyə xüsusi diqqət yetirir. Onlar yatıracaqları investisiyaların təhlükəsizliyinə tam əmin olmaq istəklərini açıqlayırlar. Azərbaycan bu baxımdan xarici investorların daha böyük diqqət göstərdiyi ölkədir. Son 21 ildə ölkə iqtisadiyyatına 310 milyard dollar investisiya yatırılıb ki, bunun 200 milyar dolları qeyri-neft sektorunun payına düşür. Təkcə bu rəqəm Azərbaycanın iqtisadiyyatını düzgün əsaslar üzərində qurmasını nümayiş etdirir.

Azərbaycanın zəngin bərpaolunan enerji resurslarına malik olması yeni əməkdaşlıq formatlarının yaradılmasına, investisiyaların artırılmasına geniş imkanlar açır. Energetika Nazirliyinin məlumatına əsasən, Azərbaycanın bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135, dənizdə 157 qiqavatdır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 qiqavat, o cümlədən külək enerjisi üzrə 3 min meqavat, günəş enerjisi üzrə 23 min meqavat, bioenerji potensialı 380 meqavatdır. Dağ çaylarının potensialı 520 meqavat həcmində qiymətləndirilir.

Reallıq budur ki, Azərbaycanın yerləşdiyi coğrafi məkan, malik olduğu iqtisadi resurslardan səmərəli istifadəni təmin etmək məqsədilə yeni layihələrin təşəbbüsçüsü kimi çıxış etməsi, çoxşaxəli xarici siyasəti siyasi mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rol oynayır. İqtisadi müstəqillik siyasi müstəqillik üçün əsasdır. Regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrilən Azərbaycanın enerji sektorunda qazandığı uğurlar biri-birini əvəzləməkdədir. Keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər iştirakçı ölkələrin, o cümlədən Azərbaycanın malik olduğu imkanların, iqtisadi uğurlarının təqdimatında əhəmiyyətli rol oynayır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin ölkə iqtisadiyyatının inkişafında neft amilinə xüsusi önəm veməsi bugünümüzə hesablanmış mühüm addım kimi qeyd edilir. Azərbaycan təşəbbüsləri reallığa çevirməklə həm layihələrdə iştirakını, həm də dünya dövlətlərinin dayanıqlı inkişafını təmin edir. Cənab İlham Əliyev daim bu çağırışı edir ki, əlbəttə, biz gələcəyə baxmalıyıq. Ənənəvi əməkdaşlıq sahələri, gələcək planlar mütəmadi müzakirə edilir, ortaq mövqe ortaya qoyulur.

Bərpaolunan enerji mənbələri ilə bağlı məsələlər bu gün əsas müzakirə olunan mövzular sırasındadır. Azərbaycan öz yaşıl enerji siyasətinə münasibətdə çox işlər görür. 2022-ci ilin iyulunda Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan «Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu»nda da bərpaolunan enerji mənbələri məsələsi xüsusi önə çəkilir.

Bu sırada həmin ilin dekabrında imzalanan Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya hökumətləri arasında imzalanan Gürcüstanın Qara dəniz sahilindən Rumıniyanın Qara dəniz sahilinə qədər «Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə dair Saziş»i də xüsusi qeyd etməliyik. Məqsəd Azərbaycandan 4 qiqavatlıq yaşıl enerjini nəql etmək imkanını yaradacaq kabeli çəkməkdir. Cənab İlham Əliyev bu fikirləri böyük inamla vurğulayır ki, Azərbaycanda investisiya mühiti çox müsbətdir. Azərbaycan neft və qaz sektoruna böyük sərmayələr cəlb edib. İndi isə hədəf bərpaolunan enerjidir. Planlarımız böyükdür və ölkəmiz bu işlərin öhdəsindən gəlmək imkanlarına malikdir. Enerji sammitlərində, forumlarda Azərbaycanın neftin və təbii qazın təchizatçısı olduğu əsaslı şəkildə iqtisadi tərəfdaşlarmıza, onların vasitəsilə beynəlxalq ictimaiyyətə çatdırılır. Ölkəmiz yaşıl enerjini, o cümlədən dənizdə külək elektrik stansiyalarından hasil olunacaq yaşıl hidrogeni təchiz etməyi əsas hədəf kimi qarşıya qoyur. Bunun təkcə ölkəmiz deyil, həm də bütün region üçün çox böyük əhəmiyyəti vardır. Azərbaycanın bərpaolunan enerji mərkəzinə çevriləcəyi qaçılmazdır. COP29 bütün bu məqamlara aydınlıq gətirdi. Dünyanı Bakıya toplayan bu iqlim konfransı Azərbaycanın hər bir sahədə zəngin təcrübəyə malik olduğunu təsdiqlədi.

Bu günlərdə ölkəmizdə səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə mətbuata birgə bəyanatında cənab İlham Əliyev bir daha diqqəti bu reallıqlara yönəltdi ki, Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir. İldən-ilə ixrac artır. Keçən il bu, 25 milyard kubmetrə çatmışdır və ümumi ixracımızın 10 faizi Gürcüstanın payına düşür. Getdikcə qaz ixrac coğrafiyamız genişlənəcək. Yeni qaz yataqlarımız bu il işə düşəcək. Gələn il, ondan sonrakı illər üçün də yeni kəşf edilmiş yataqlar mövcuddur. Ona görə getdikcə təbii qazın ixracı artmalıdır və artacaqdır.

Ölkələr arasında əməkdaşlıqda enerji amili xüsusi rol oynayır. Öz daxili tələbatını yüksək səviyyədə yerinə yetirən Azərbaycan etibarlı və arzuolunvn tərəfdaş imicinə yeni-yeni əlavələr etməklə dünyanın enerji təhlükəsizliyinin təminaatına verdiyi davamlı töhfələri ilə diqqətdədir.

Əvvəldə də qeyd etdiyimiz kimi, Prezident İlham Əliyev Forum çərçivəsində qarşı tərəflərin müraciətləri əsasında bir sıra görüşlər keçirib və bunlar davam edir. Belə ki, cənab İlham Əliyev Davosda “OliverWyman Group” şirkətinin Baş icraçı direktoru Nik Studer, Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs, “The Goldman Sachs Group İnc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Kohen, İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid, “DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaim, İraq Kürdüstan regionunun Baş naziri Məsrur Bərzani ilə görüşlər keçirdi. Nik Studer “OliverWyman Group” şirkətinin beynəlxalq strateji idarəedici şirkət olaraq ölkəmizdə müxtəlif qurumlarla mümkün əməkdaşlıq istiqamətlərinə toxundu, Azərbaycanın iqtisadi transformasiya prosesinin, sığorta, maliyyə bazarının müxtəlif istiqamətlərinin inkişafı, enerji sektorunda, o cümlədən ənənəvi və yaşıl enerji sahələrində həyata keçirilən layihələrə, kənd təsərrüfatı məhsullarının ixracına, bölgədə yeni ticarət imkanlarını əhatə etməklə dəyər zəncirinin lokallaşdırılmasına maraq göstərdiklərini qeyd etdi. O, Azərbaycanın əldə etdiyi uğurları yüksək qiymətləndirdi. Latviya Prezidenti Edqars Rinkeviçs görüşün ikitərəfli əlaqələrin müzakirəsi üçün yaxşı imkan yaratdığını vurğladı. İraq Prezidenti COP29-da Azərbaycana səfərini məmnunluqla xatırlayaraq bu mühüm tədbirin uğurla keçirilməsi münasibətilə dövlətimizin başçısı İlham Əliyevə təbriklərini çatdırdı. “DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaim ilə görüşdə sözügedən şirkətlər qrupunun ölkəmizdəki fəaliyyətinin perspektivləri, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin yaratdığı imkanlar barədə müzakirələr aparıldı. Azərbaycanın regional nəqliyyat qovşağı kimi rolu xüsusi vurğulandı, mümkün əməkdaşlıq istiqamətləri müzakirə olundu. İraq Kürdüstan regionunun Baş naziri Məsrur Bərzani ilə görüşdə Azərbaycan ilə İraq Kürdüstan Regionu arasında iqtisadi, ticari, mədəni, humanitar əlaqələrin inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparıldı. Biznes dairələrinin qarşılıqlı səfərlərinin təşkilinin, onların arasında birbaşa təmasların yaradılmasının və biznes-forumların keçirilməsinin vacibliyi qeyd olundu.

Cənab İlham Əliyev yanvarın 20-də Davosda CGTN (China Global Television Network) telekanalına müsahibə verdi. İstər görüşlər, istərsə də müsahibə Azərbaycanın nüfuzunun, Prezident İlham Əliyevə yüksək etimadın göstəricisidir. Ölkəmizin hər bir məsələdə mövqeyinə verilən önəm diqqətdən kənarda qalmır. Təbii ki, bu, Azərbaycanın daim ədalətin və beynəlxalq hüququn yanında olmasından, inkişaf modelinin nümunəviliyindən, münasibətlərdə qarşılıqlı etimad mühitinin qorunmasına göstərdiyi diqqətdən irəli gəlir. Cənab İlham Əliyev yeni dövrün hədəflərini açıqlayarkən xarici siyasətimizlə bağlı bu çağırışı etmişdir ki, tarixi Zəfərimizdən sonra xarici siyasətimizdə daha sərbəstik. Müstəqil, prinsipial xarici siyasət bizim əsas istiqamətimizdir. Dostlarımızın bütün qitələrdə sayı artır. Vaxtilə mövcud olmadığımız bölgələrlə indi çox ciddi təmaslar qurulur, həm sərmayə qoyuluşu layihələri nəzərdən keçirilir, eyni zamanda, müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaranır. Təbii olaraq, ənənəvi tərəfdaşlarımızla, dostlarımızla münasibətlərimiz yerindədir, daha da inkişaf edir və edəcək.

Yeganə Əliyeva, «İki sahil»