22 yanvar 2025 01:57
113

Biabırçı Paris Olimpiadası: Yeni saxtakarlıq faktları üzə çıxır

Ötən il Fransanın paytaxtı Parisdə keçirilmiş Yay Olimpiya və Paralimpiya Oyunlarında mükafat əldə edən 100-dən çox idmançı qazandıqları medalları keyfiyyətsiz olması səbəbindən geri qaytarıb

Fransa hökumətinin, Prezident Makronun biabırçılığa, saxtakarlığa söykənən siyasəti özünü ötən il 26 iyul - 11 avqust tarixlərində Parisdə baş tutan Yay Olimpiya Oyunlarında da qabarıq şəkildə büruzə verdi desək yanılmarıq. Müşahidələr və araşdırmalar göstərdi ki, Yay Olimpiya Oyunları tarixində hələ bu səviyyədə biabırçılıqlar, saxtakarlıqlar olmamışdı. Məlum olduğu kimi, bir müddət əvvəl Fransa nəşri olan “La Lettre”nin dərc etdiyi məqalədə bildirilirdi ki, Olimpiya iştirakçılarına verilən gümüş və bürünc medallar saxta və keyfiyyətsiz olub. Qaydalara əsasən, qaliblərə təqdim edilən medalların materialı əslində adına müvafiq olan yüksək əyarlı metaldan hazırlanmalı idi. Yəni, bürünc medalın medalyon hissəsi bürüncdən, gümüş medalin isə medalyon hissəsi gümüşdən hazırlanmalı idi. Lakin Paris hökumətindən Sikkəxanaya verilən sifarişə əsasən, həmin medalların medalyon hissəsini adi dəmirdən hazırlanıbmış. Sonra da lak vasitəsilə sözügedən əyarlı metalların üzəri örtülüb. Lakin sikkəxana laklarının keyfiyyəti layihədə nəzərdə tutulduğundan da aşağı olub. Ona görə də medalların bir hissəsi hələ təqdimata qədər keyfiyyətini itirib - medalın lakları qopub. Digər hissəsi isə təqdimatdan sonra öz görkəmini itirib. İdmançılar sosial şəbəkələrdə korlanmış mükafatların fotolarını yayıblar. Bu səbəbdən də Fransanın paytaxtı Parisdə keçirilmiş Yay Olimpiya və Paralimpiya Oyunlarında mükafat əldə edən 100-dən çox idmançı qazandıqları medalları keyfiyyətsiz olması səbəbindən geri qaytarıb.

“La Lettre” nəşrinə istinadən xəbər verilir ki, medalları hazırlayan Paris Sikkəxanasının rəhbərliyi artıq 3 aparıcı mütəxəssisi işdən çıxarıb. Yayılan məlumata görə, Azərbaycanda da Paris-2024 Yay Olimpiya Oyunlarında medal qazanan idmançılarımızın bəzilərinin medallarının keyfiyyətsiz olduğu ortaya çıxıb. Məsələn, bir müddət öncə taekvondoçumuz Qaşım Maqomedovun Paris Olimpiadasında qazandığı gümüş medalın keyfiyyətsiz olduğu məlum olub. Bu barədə mətbuata idmançımız özü məlumat verib. Məlumata görə, Azərbaycan Milli Olimpiya Komitəsi 2024 Olimpiadasında qazanılan bütün digər medalları yoxlamaq fikrindədir və defektlər aşkarlanan medallar qaytarılacaq.

Xatırladaq ki, Paris-2024 Yay Olimpiya Oyunlarının keçirildiyi hər gün daha da aydın olurdu ki, Fransa qapılarını açıb 10 milyonadək turisti qəbul etməyə hazır deyilmiş. Təhlükəsizlikdən tutmuş təmizliyə, təmizlikdən idman bazaları, yarış yerlərinin keçirildiyi yerlərədək bir çox məsələlər nəinki qənaətbəxş deyilmış, hətta biabırçı vəziyyətdə imiş. Oyunlar zamanı Böyük Britaniya komandasının böyük bir hissəsi çatışmazlıqlara etiraz edərək oyunu yarımçıq tərk etmişdi. Çünki komanda üzvləri özlərinə normal yemək tapa bilmirdilər. Digər ölkələrin milli komandaları da Parisi yarımçıq tərk etmişdi. Bəzi ölkələr idmançılarına kondisioner göndərmişdi. Çünki otellərdə kondisioner yox idi, idmançılara verilən yemək isə keyfiyyətsiz idi. Antisanitariya baş alıb gedirdi. İdmançılara ət olmayan, kalorisi aşağı olan yeməklər verilirdi. Hətta Olimpiadada triatlonçular üçün ilk üzgüçülük məşqi Senada suyun keyfiyyətsizliyinə görə ləğv edilmişdi. Necə deyərlər, biabırçılıq...

Lakin bütün bunlar başda Prezident Emmanuel Makron olmaqla heç kimi narahat etmirdi. Məsələn, qonaqların çantalarının oğurlanması, otel və qonaq evlərində çarpayıların yararsızlığı, yarışların keçirildiyi yerə idmançıların uzun-uzadı yol qət etmələri etirazlara səbəb olsa da Fransa hökuməti tədbir görməyə tələsmədi. Bundan başqa, Fransa üçün üzqarası sayıla biləcək ən utanverici hadisələrdən biri də Parisdə baş tutan açılış mərasimində yaşanmışdı. Bu bütövlükdə, Olimpiya tarixində bir rəzalət, rüsvayçılıq idi. Söhbət açılış mərasimində xristianların dini hisslərinin təhqir edilməsindən, cinsi azlıqların aqressiv təbliğatının aparılmasından, satanizm elementləri və digər bu kimi hallardan gedir. Səhnələrdən birində peyğəmbər İsa Məsihin etikadan kənar obrazı yaradılmışdı.

Şübhəsiz, açılış mərasiminin ssenari müəlliflərinin hazırlıq mərhələsində Yelisey Sarayından hansısa tezislər almadıqlarını düşünmək sadəlövhlük olardı. Olimpiadalar bütün dövrlərdə siyasətdən uzaq tutulub. Ancaq belə görünür ki, Makron və onun komandası “Paris 2024”-ü də siyasi manipulyasiya alətinə çevirməkdən və onun vasitəsilə özlərinin sahib olduğları əxlaqi keyfiyyətləri dünyaya ötürməkdən çəkinmədilər. Makronun özünün və formalaşdırdığı hökumətin ayrı-ayrı təmsilçilərinin qeyri-ənənəvi oriyentasiyaları ilə bağlı müzakirələr çox aparılır. Açılış mərasimində cinsi azlıqların aqressiv formada təbliğatına hesablanan səhnələrin nümayiş etdirilməsi ondan xəbər verir ki, Makronun özünün və komandasındakı bəzi nazirlərin cinsi oriyentasiyaları ilə bağlı yayılan xəbərlərdə həqiqət payı yox deyil.

Sevinc Azadi, “İki sahil”