Oktyabrın 8-də Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün Türkmənistanın Türkmənbaşı şəhərinə işgüzar səfərə gedib. Görüşdə Mərkəzi Asiya ölkələri ilə bir çox regional məsələlərə, o cümlədən iqtisadi əməkdaşlığa dair müzakirələr aparılıb. Ölkəmizin başçısı çıxışında müttəfiq ölkələrin energetika sahəsindəki əməkdaşlığını daha da genişləndirməyin vacibliyini vurğulayıb. Bildirib ki, bu gün Azərbaycan enerji resurslarının Mərkəzi Asiyadan beynəlxalq bazarlara tranzitində mühüm rol oynayır: « Türkmənistan və Qazaxıstan nefti ölkəmiz vasitəsilə nəql olunur və bu daşımaların həcmi artır. Bərpaolunan enerji sahəsində əməkdaşlığımız davamlı olaraq genişlənir. Biz Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyirik».
Həmçinin Görüşdə Mərkəzi Asiya ölkələrini və Azərbaycanı dünyanın bir çox istiqamətləri ilə bağlayan nəqliyyat- loqistika məsələləri də əsas müzəkirə mövzusu olub. Xüsusi qeyd edilib ki, nəqliyyat Mərkəzi Asiya və Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir. Dövlətimizin başçısı çıxışında vurğulayıb ki, Xəzər dənizi bu ölkələr arasında qarşılıqlı nəqliyyat əlaqələrində getdikcə daha vacib rol oynayır. Yəni, Xəzərin hər iki sahilindəki nəqliyyat infrastrukturu Mərkəzi Asiyanı Azərbaycanla və daha sonra beynəlxalq bazarlarla birləşdirmək üçün çox əhəmiyyətli məkandır. Prezident İlham Əliyev bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinin səmərəliliyindən danışaraq bildirib: «Bizim ortaq məqsədimiz bu marşrutları daha səmərəli və rəqabətədavamlı etməkdir.
Məlumdur ki, respublikamızın Mərkəzi Asiya ölkələri ilə iqtisadi əlaqələri hər il davamlı olaraq genişlənir. Artıq bu ölkələr arasındakı ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb. Bu rəqəmləri də 8-ci Məşvərət görüşünəki çıxışında bu ölkəmizin başçısı səsləndirib. Deyib ki, bu gün ölkəmizdə Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən çox şirkət aktiv şəkildə fəaliyyət göstərir: «Son illərdə Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb. Bu fondların hər birinin kapitalı yüz milyonlarla dollar təşkil edir».
Ölkəmizin başçısı iqtisadi əməkdaşlığın ən önəmli seqmenti olan investisiyalar barədə də danışıb. Vurğulayıb ki, ilk növbədə, birgə layihələrin həyata keçirilməsi, yeni istehsal müəssisələrinin yaradılması və sənaye əməkdaşlığının genişləndirilməsi üçün bu investisiya fondlarının imkanlarından daha fəal və səmərəli istifadə zəruridir : «Biz təkcə qarşılıqlı ticarəti artırmaqla kifayətlənməməliyik, həm də birlikdə investisiya qoymalı, istehsal etməli və xarici bazarlara çıxmalıyıq».
Prezident İlham Əliyev tədbirdə Qarabağda və Şərqi Zəngəzurda erməni işğalından azad edilmiş ərazilərin bərpasına göstərilən qardaş dəstəyini də yüsək qiymətləndirərək bunun Azərbaycan üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, Füzuli şəhərində Özbəkistan tərəfindən Mirzə Uluqbəy adına məktəb, Qazaxıstan tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi inşa edilib. Qırğızıstan tərəfindən də azad edilmiş ərazilərdə məktəb tikilib: «Biz bu yardımı yüksək qiymətləndiririk».
Məşvərət görüşünə ev sahibliyi edən Türkmənistanla Azərbaycanın da münasibətlərinin son illərdə dinamik şəkildə inkişaf ediyini bildirən Prezident İlham Əliyev deyib ki, iki ölkə arasında ötən ildən bəri artıq beş yüksəksəviyyəli səfər həyata keçirilib: «Bu, siyasi dialoqumuzun intensivliyini və ikitərəfli əlaqələri daha da gücləndirmək üçün qarşılıqlı istəyimizi əks etdirir».
Ölkəmizin başçısı Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə Füzuli şəhərində məscidin tikintisini xüsusi vurğulayıb: «Keçən il onun təməlinin qoyulmasında birgə iştirak etdik. Qardaş Türkmənistanın ölkəmizə verdiyi bu hədiyyə xalqlarımızın dostluğunun və mənəvi yaxınlığının daha bir sübutudur».
8-ci Məşvərət görüşündə dövlət başçıları - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon «Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün Birgə Bəyanatı»nı və «Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünün tənzimləyici sənədləri haqqında Qərar»ı imzalayıblar.
Hazırda Mərkəzi Asiya dünyanın sürətlə inkişaf edən regionlarından biridir. Bu, regionun geosiyasi çəkisinin artması, yeni ticarət marşrutlarının formalaşması və enerji-logistika əməkdaşlığının dərinləşməsi ilə müşayiət olunur. Təkcə 2024-cü ildə Mərkəzi Asiya ölkələri 500 milyard ABŞ dollarından çox birgə nominal ümumi daxili məhsul (ÜDM) istehsal edib. Azərbaycan və Mərkəzi Asiya dövlətləri birlikdə 575 milyard dollarlıq iqtisadiyyata malikdirlər. İqtisadçıların bildirdiklərinə görə, 2026- cı ilin sonunda adıçəkilən region ölkələrinin və Azərbaycanın ÜDM-nin birgə həcmi 700 milyard dollara yaxınlaşacaqdır.
Bu gün Mərkəzi Asiya ölkələri ümumi 6,2 faiz illik iqtisadi artım ilə diqqət çəkir və bu temp dünya üzrə orta illik artımı 2 dəfə üstələyir. Belə ki, son 8 ildə bu region dövlətləri arasındakı ticarət dövriyyəsi 5 dəfəyə yaxın artaraq 2,5 milyard ABŞ dollarından 12 milyard dollara çatıb. Son 25 ildə Mərkəzi Asiya dövlətlərinin ticarət dövriyyəsində isə 6 dəfə artım qeydə alınıb.
Qeyd olunan iqtisadi üstünlüklərlə yanaşı, Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin son illər geosiyasi mövqeyi də ciddi şəkildə güclənib. Orta Dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) genişlənməsi, yaşıl enerji sahəsində reallaşan böyük potensial buna misal göstərilə bilər. Böyük təbii ehtiyatlara malik olan Mərkəzi Asiya ölkələrinin qlobal və regional iqtisadiyyata gələcəkdə də ciddi töhfələr verəcəyi bir həqiqətdir.
İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri
Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında tarixi dostluq münasibətləri yüksək səviyyəyə çatıb
Azərbaycan Mərkəzi Asiyaya günəş kimi doğur: Prezidentin çıxışı Yeni Yol Xəritəsidir
Xəzər Azərbaycan və Türkmənistanı dostluq və qardaşlıq körpüsü kimi birləşdirir