09 oktyabr 2026 18:05
127

Xəzər Azərbaycan və Türkmənistanı dostluq və qardaşlıq körpüsü kimi birləşdirir

Azərbaycan və Türkmənistanı ortaq dil, etnik kök zəngin tarixi və mədəniyyət birləşdirir. Bakı-Aşqabad münasibətləri dostluq və qardaşlıq prinsipləri üzərində qurulub. İki ölkə arasında 1992-ci il iyunun 9-da qurulan diplomatik əlaqələr illər ərzində inkişaf edərək 2017-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə ilə yeni bir mərhələyə qədəm qoyub. Azərbaycan və Türkmənistan həm ikitərəfli formatda, həm də Türk Dövlətləri Təşkilatında (TDT) və BMT çərçivəsində bir-birini qarşılıqlı şəkildə dəstəkləyir. Hər iki ölkə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayırlar. 

Azərbaycanın Türkmənistan ilə qarşılıqlı faydalı əməkdaşlığının inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir.  İki dost ölkə arasında ortaq tarixi, dini, dil və mədəni bağları mövcuddur. Bakı ilə Aşqabad arasında 2017 ci ildə imzalanmış “Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə”yə uyğun olaraq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərimiz iki ölkə rəhbərlərinin siyasi iradəsi ilə önəmli inkişaf yolu keçərək daha da möhkəmlənib. Bu günədək Azərbaycan və Türkmənistan arasında müxtəlif əməkdaşlıq sahələrini əhatə edən 108 sənəd imzalanıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türkmənistana 2 rəsmi, 5 işgüzar səfər edib. Sonuncu işgüzar səfər 22 avqust 2025-ci ildə Türkmənbaşı şəhərində Azərbaycan, Türkmənistan və Özbəkistan arasında Yüksək səviyyəli görüşdə iştirak etmək üçün həyata keçirilib.

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov 2023-cü il martın 2-də Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana işgüzar səfər, cari ilin 22-23 iyun tarixlərində isə dövlət səfəri edib. Dövlət səfəri zamanı Prezident İlham Əliyev və Prezident Sərdar Berdiməhəmmədov prezidentlərin Birgə Bəyanatını imzalayıblar. Eləcə də müxtəlif əməkdaşlıq sahələrini əhatə edən 12 sənəd imzalanıb.

2025-ci il oktyabrın 7-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov və Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak edən digər dövlət və hökumət başçılarının iştirakı ilə Türkmənistan tərəfindən Füzulidə tikiləcək məscidin onlayn formatda təməli qoyulub. Hazırda, məscidin tikinti işləri davam edir və onun 2027-ci ilin may ayında istifadəyə verilməsi gözlənilir. Türkmənistanın Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində məscid kompleksi inşa etməsi iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin, dini-mənəvi həmrəyliyin və humanitar əməkdaşlığın bariz nümunəsi və Qarabağın yenidən bərpasına töhfə kimi yüksək qiymətləndirilir.

Azərbaycan ilə Türkmənistan arasında beynəlxalq və regional təşkilatlar çərçivəsində, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə, İqtisadi Əməkdaşlıq Təşkilatı, UNESCO, TDT və TÜRKSOY çərçivəsində faydalı əməkdaşlıq mövcuddur.

Azərbaycan və Türkmənistan arasında iqtisadi-ticarət əlaqələri energetika, nəqliyyat, investisiya və kommunikasiya sahələrində strateji tərəfdaşlıq səviyyəsində dinamik şəkildə inkişaf edir. Belə ki, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 208,39 milyon dollar təşkil edib. 2026-cı ilin yanvar-iyul aylarında isə bu göstərici 63,35 milyon dollar olub. 2025-ci ildə Azərbaycanla Türkmənistan arasında tranzit daşımaların həcmi əvvəlki il ilə müqayisədə 15 faiz artaraq, 2 milyon 344 min ton təşkil edib. 2026-cı ilin yanvar-avqust aylarında isə bu həcm 2 milyon 29 min ton təşkil etməklə, əvvəlki dövr ilə müqayisədə 38 faiz artıma səbəb olub.

2021-ci ildə Azərbaycanla Türkmənistan arasında Xəzər dənizindəki “Dostluq” yatağının karbohidrogen ehtiyatlarının birgə işlənməsi haqqında Anlaşma Memorandumunun imzalanması mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Türkmənistanın enerji resurslarının dünya bazarlarına çıxarılmasında tranzit ölkə kimi strateji əhəmiyyət daşıyır. Azərbaycan üzərindən keçən tranzit-nəqliyyat infrastrukturunun, xüsusilə Bakı-Tbilisi-Ceyhan boru kəməri bu prosesdə mühüm rola malikdir. Bakı Gəmiqayırma Zavodunda 2023-cü ildən tikilən və Türkmənistan üçün nəzərdə tutulan 8 min tonluq “Dostlug” adlı neftdaşıyan tanker 22 iyun 2026-cı ildə Türkmənistan Prezidentinin Azərbaycana səfəri zamanı Türkmənistan tərəfinə hədiyyə olunub.

İki ölkə arasında mədəni-humanitar sahədə əməkdaşlıq uğurla inkişaf etdirilir. 2025-ci ilin 9-10 dekabr tarixlərində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə nümayəndə heyəti Avazada keçirilən beynəlxalq forumda iştirak edib. Eyni zamanda, səfər çərçivəsində Q. Berdiməhəmmədov adına Qayğıya Ehtiyacı Olan Uşaqlara Yardım üzrə Xeyriyyə Fondunun vitse-prezidenti Oğulcahan Atabayeva ilə görüş keçirilib, fondlar arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb. Həmin ildə Bakı və Gəncə şəhərlərində Türkmənistan mədəniyyəti günləri, 4-8 iyun 2026-cı il tarixlərində Aşqabad və Arxadağ şəhərlərində Azərbaycan mədəniyyət günləri keçirilib.   Həmçinin Aşqabadda A.S.Puşkin adına Rus Dram Teatrında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin son operettası olan “Arşın mal alan” əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunub.

Azərbaycan ilə Türkmənistan arasında təhsil sahəsində əməkdaşlıq getdikcə genişlənir. Belə ki, 2025-2026-cı tədris ili üzrə Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan Türkmənistan vətəndaşlarının ümumi sayı 73 nəfər təşkil edib. Ötən ilin oktyabrında Azərbaycan Dövlət İqtisad Universiteti ilə Türkmənistanın iki ali təhsil müəssisəsi-Türkmən Dövlət İqtisadiyyat və Menecment İnstitutu və Türkmən Dövlət Maliyyə İnstitutu arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Tarixi köklərə, ortaq mədəniyyətə və qarşılıqlı etmiada söykənən Bakı-Aşqabad tərəfdaşlığı gələcək illərdə də regionun sabitliyi, iqtisadi inkişafı və inteqrasiyası baxımından mühüm rol oynamağa davam edəcək.

Zahid Rza, “İki sahil”