21 yanvar 2025 23:43
121

Şahmat taxtası üzərində Zəngəzur dəhlizi: Azərbaycanın uğurlu strategiyası

Zəngəzur dəhlizinin, sadəcə, Azərbaycan və Ermənistan üçün deyil, qlobal səviyyədə əhəmiyyəti var.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 

Zəngəzur dəhlizi layihəsi Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəqiq hesablanmış uzaqgörən siyasəti sayəsində irəli sürülən böyük bir layihəsidir. Bu isə nəinki Azərbaycan üçün strateji dəyərə malikdir, həm də regional nəqliyyat şəbəkəsinin açar elementi kimi qlobal əhəmiyyət daşıyır. Bu dəhliz Azərbaycanı Naxçıvan vasitəsilə Türkiyə ilə birləşdirərək yeni iqtisadi, siyasi və mədəni üfüqlər açır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin söylədiyi kimi, “Zəngəzur dəhlizi Azərbaycanın Naxçıvanla birbaşa əlaqələrini təmin edəcək və ölkəmizin nəqliyyat infrastrukturunu daha da gücləndirəcəkdir”. Lakin unutmaq olmaz ki, Zəngəzur dəhlizi sadəcə coğrafi bağlar yaratmağa hesablanmamışdır, bu layihə daha böyük strateji məsələdir. Zəngəzur dəhlizi siyasəti şahmatdakı incə planlama və taktiki addımları xatırladır. Burada hər bir gediş diqqətlə düşünülmüş, gələcəkdəki mümkün cavab gedişləri nəzərə alınmışdır.

Şahmat oynamağı bacaranlara yaxşı məlumdur ki, bu oyunda açılış mərhələsi gələcək oyunun taleyini həll edir. Azərbaycanın Zəngəzur dəhlizini beynəlxalq gündəmə gətirməsi də məhz belə bir açılış gedişinə bənzəyir. Belə ki, şahmatda açılış mərhələsi standart gedişlərdən ibarət olub qəlibləşmiş düsturlar formasında mövcud olur. Məşhur italyan nəzəriyyəçisi D.Lolli obrazlı şəkildə sözügedən mərhələni tikilmiş binanın bünövrəsinə bənzədirdi. Həqiqətən də təməli möhkəm qoyulmuş binanın uçma təhlükəsi, demək olar ki, yox dərəcəsindədir. Müqayisə aparsaq, aydın olar ki, Azərbaycan öz “açılış”ında diplomatik və hüquqi əsasları möhkəm quraraq Ermənistana hər hansı “cəbhə xətti”ni yenidən açmaq şansı tanımamışdır. Bu güclü gediş Zəngəzur dəhlizinin beynəlxalq nəqliyyat şəbəkələrinin “qızıl gedişi” kimi qiymətləndirilə bilər. Təsadüfi deyil ki, Azərbaycan Rusiya və Ermənistan arasında imzalanan 10 noyabr 2020-ci il tarixli Bəyanatda Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəlik Ermənistanın üzərinə qoyulmuşdur. Bu, şahmat masasında rəqibi müdafiəsiz vəziyyətə salmaq üçün böyük gələcək vəd edən uzağa hesablanmış açılış gedişi irəli sürməyə bənzəyir.

“Çəngəl” termini şahmatçılara yaxşı məlumdur. “Çəngəl” piyada və ya fiqurun eyni vaxtda rəqibin iki və ya daha çox piyadasına və ya fiquruna hücumudur. Şahmat oyunu zamanı belə vəziyyət yarandıqda rəqib hücuma məruz qalanlardan yalnız birini xilas etmək məcburiyyətində qalır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik siyasətində də bu taktika açıq-aşkar görünür. Ermənistanın nəqliyyat blokadasından çıxmaq marağını, Rusiyanın regional dominantlığını qorumaq istəyini və Qərbin Şərqə açılan qapılara nəzarət etmək arzusunu həssaslıqla hesablayaraq ölkə başçımız ustalıqla hər kəsi özünün memarı olduğu balanslaşdırılmış dəhliz layihəsi təklifinin ətrafında toplaya bilmişdir. Bu kontekstdə Ermənistan şahmatdakı kimi “məcburi gediş” etməklə “çəngəl” taktikasının da qurbanı olmağa məhkumdur. Belə ki, Zəngəzur dəhlizinin açılması ilə Ermənistan iqtisadi təcriddən çıxa bilər, amma belə bir vəziyyətdə sözsüz ki, Azərbaycan bölgədə təsirini daha da gücləndirəcəkdir. Göründüyü kimi, rəqibin bu cür bir hala düşməsi şahmatdakı incə bir strategiyanı xatırladır – qarşı tərəfi öz istədiyiniz istiqamətə məcbur etmək.

Şahmatda şah və top fiqurlarının hərəkəti ilə tamamlanmış əməliyyat “qalaqurma” adlanır. Qalaqurmanın məqsədi şahı qoruma altına almaqdan ibarətdir, yəni bu, şah fuqurunu təhlükəsiz vəziyyətə salmağa xidmət edir. Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyi də məhz belə bir “qalaqurma” strategiyasıdır. Bu gün Azərbaycan beynəlxalq hüquq normalarını öz siyasətinin təməl daşı kimi qoyaraq Zəngəzur dəhlizini beynəlxalq bir tələb halına gətirmişdir. Bununla yanaşı, Azərbaycan həm də daxili mövqeyini gücləndirmişdir. Regional layihələrdə iştirakçı ölkələrlə əlaqələrini daha da dərinləşdirərək hərbi, iqtisadi və siyasi sahədə mövqeyini möhkəmləndirmişdir.

Şahmatda mərkəzi sahələrə nəzarət bütün oyunun gedişatını dəyişə bilər. Analoji hal Zəngəzur dəhlizi üzrə də keçərlidir. Belə ki, bu dəhliz Cənubi Qafqazın “mərkəzi” sayılan bir nəqliyyat və kommunikasiya xəttidir. Azərbaycanın dəhliz üzərində nəzarət qurma strategiyası şahmatda mərkəzi ələ keçirməklə rəqibin gedişlərini məhdudlaşdırmağa bənzəyir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Zəngəzur dəhlizi siyasətini şahmatdakı “mərkəzə nəzarət” taktikası ilə həyata keçirməsi ölkəmiz üçün böyük perspektivlər vəd edir. Dövlət başçımızın rəhbərliyi altında ölkəmiz beynəlxalq tərəfdaşlarla səmərəli əməkdaşlıq quraraq regionun əsas iqtisadi gücünə çevrilmişdir.

Şahmatda açıq və qapalı mövqelər fərqli strategiyaların tətbiqini tələb edir. Açıq bir mövqe daşlarınız üçün fərqli istiqamətlərdə oynayacaq daha çox alternativ və daha çox hücum və ya əks-hücum fürsəti anlamına gəlir. Qapalı bir mövqe əsasən yavaş, strateji bir manevr stilidir və səngər savaşının şahmatdakı qarşılığıdır. Paralel müqayisə aparsaq görərik ki, Azərbaycanın siyasəti açıq (şəffaf, beynəlxalq arenada müzakirə olunan) və qapalı (ikitərəfli danışıqlar və lokal taktiki gedişlər) vəziyyətlər arasında balans yaratmaqla strateji üstünlük əldə edir. Ermənistan isə daha çox bağlı mövqelərdə sıxışdırılıb hərəkət azadlığı məhduddur.

“Dəyirman” termini də şahmatçılara yaxşı məlumdur. Belə ki, “dəyirman” dedikdə, top və fil fiqurunun iştirakı ilə açıq silsilə şahlar elan edən kombinasiya başa düşülür. Bu zaman top fiquru ilə ağlar yeddinci, qaralar isə ikinci xanada qarşısına çıxan bütün daşları silsilə “şah”ları təkrar etməklə vura bilir. Zəngəzur dəhlizi siyasəti də oxşar bir dinamikanı əks etdirir. Belə ki, dövlət başçımızın hər bir diplomatik addımı Ermənistanın mövqeyini zəiflədir, ölkəmizin mövqeyini isə daha da gücləndirir. Təbii ki, bu proses yalnız bir dəfə baş vermir, davamlı olaraq təkrarlanır. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusilə beynəlxalq arenada məntiqə söykənən ardıcıl dərin məzmunlu çıxışları və incə hesablanmış diplomatik gedişləri Ermınistanın zəif mövqeyini bir-bir məhv edən “dəyirman” taktikasını xatırladır. O, yalnız siyasi deyil, həm də hüquqi və iqtisadi müstəvidə erməni tərəfini çıxılmaz vəziyyətdə qoyaraq ölkəmizin üstün mövqeyini möhkəmləndirir. Bu taktikanın həyata keçirilməsi zamanı dövlət başçımızın qətiyyətli mövqeyini onun bu sözlərindən anlamaq olar: “Bizim iradəmiz qırılmazdır. Zəngəzur dəhlizi bizim tarixi haqqımızdır və bu haqqı təmin edəcəyik!”.

Şahmatda piyada strukturu (Carlsbad piyada strukturu, zəncirvari və s.) oyun zamanı tərcih edilən debütdən asılıdır. Debütdən asılı olaraq oyunda yaranmış situasiyalar zamanı bir-birindən fərqli piyada strukturları yaranır ki, həmin strukturlar taxta üzərində zəif və güclü xanaların meydana çıxmasına səbəb olur. Piyadalar şahmatda “kiçik fiqurlar” olsa da düzgün yerləşdirildikdə oyunun taleyini həll edə bilirlər. Bu baxımdan Azərbaycanın regiondakı kiçik iqtisadi layihələri (“piyadalar”) gələcəyin böyük strateji məqsədlərinə xidmət edir. Hər bir iqtisadi təşəbbüs (yeni dəmir yolları, tranzit marşrutları) Ermənistanın hərəkət sahəsini daraldır.

Şahmatda fiqurlar birgə işləyərək qarşı tərəfi məğlub etməyə çalışır. Danimarkalı şahmat böyük ustası Bent Larsen qızıl prinsipini belə açıqlayırdı: “Bütün daşlar, hücuma qatılın!”. Ölkə başçısı cənab İlham Əliyev Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsində Azərbaycanın müxtəlif hüquqi, siyasi və iqtisadi potensialını (diplomatiya, hərbi qüvvələr, iqtisadi resurslar və s.) koordinasiya edərək böyük uğurlara imza atmışdır.

“Şah” elan etmək nəticəsində rəqibin şah fiqurunun müdafiə oluna bilməməsi şahmatda “mat” termini ilə ifadə olunur. Bu zaman rəqibi mat edən oyunçu oyunu qazanır. Görünən odur ki, Azərbaycanın Zəngəzur siyasəti Ermənistanı belə bir vəziyyətə gətirib çıxarmışdır. Ermənistan dəhlizi açmasa regional layihələrdən tamamilə kənarda qalacaq və iqtisadi-maliyyə vəziyyəti daha da pisləşəcək. Ermənistan üçün istənilən seçim Azərbaycanın xeyrinə işləyir. Bu vəziyyət Azərbaycanın diplomatik üstünlüyünün şahmat masasında necə “mat” vəziyyəti yaratdığınının ən bariz nümunəsidir.

Zəngəzur dəhlizi siyasəti şahmatın açılışdan sonluğa qədər bütün elementlərini əks etdirir. Strateji planlama, taktiki manevrlər və diplomatik ustalıq Azərbaycanın regional və qlobal səhnədə üstün mövqe tutmasını təmin edir. Bu siyasət yalnız coğrafi bağlılığı deyil, həm də beynəlxalq hüququn, iqtisadi maraqların və milli təhlükəsizliyin şahmat masasında necə birləşdirildiyini göstərir.

Beləliklə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı uğurlu siyasəti şahmatdakı hər bir gedişin incəliyini əks etdirən dərin düşünülmüş və dəqiq hesablanmış “şahmat oyunu” olaraq tarixə düşməkdədir. Özü də bu siyasət yalnız Azərbaycanın deyil, bütün regionun siyasi və iqtisadi xəritəsində yeni bir səhifə açır.

Yunis Xəlilov,
Naxçıvan Dövlət Universitetinin Ümumi hüquq kafedrasının müəllimi, hüquqşünas