22 yanvar 2025 09:25
172

Azərbaycan inanır ki, Tramp sülhün, rifahın və təhlükəsizliyin təmin olunmasında önəmli rol oynayacaq

“Sülhməramlı və birləşdirici” olmaq niyyətini bəyan edən ABŞ Prezidenti Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq üçün “qızıl fürsətə” malikdir

İki gün bundan əvvəl dünyanın diqqəti Vaşinqtondakı Kapitoli binasının rotandasına yönəlmişdi. Çünki o gün-yanvarın 20-də orada ABŞ-ın 47 ci Prezidenti Donald Trampın andiçmə mərasimi keçirilirdi. Ənənəvi kilsə ayinindən sonra D.Tramp ABŞ Ali Məhkəməsinin sədri Con Robertsin idarəçiliyi ilə Konqresin binasında Avraam Linkolun 1861-ci ildə andiçmə mərasimində istifadə etdiyi “İncil”lə and içdi. İnaqurasiya mərasimi ilə ABŞ-da rəsmi idarəçiliyi sorosçu C.Baydendən alan D.Tramp “X”dəki hesabından ilk paylaşımını etdi: “Amerika geri döndü”.

Floridadakı Mar-a Laqodakı iqamətgahında Silikon vadisindəki dünyaca məşhur şirkətlərin, “Meta”, “Apple”, “Amazon”, “Alphabet”, “Open AI” kimi texnologiya nəhənglərinin rəhbərləri ilə tez-tez görüşən, rəqəmsal nəhənglərlə Ağ Evə yenidən dönən D.Tramp hələ ötən ilin iyul ayında sorosçu C.Bayden hakimiyyətinin yarıtmaz daxili və xarici siyasəti ilə bağlı deyirdi: “Ölkəmizi və konstitusiyamızı müdafiə edirəm. Mübarizəyə davam edəcəyik. Sonuna qədər mübarizə aparacağıq və qazanacağıq. Çünki ölkəmiz cəhənnəmə döndü. Artıq əvvəlki ölkəyə sahib deyilik. Bölünmüş bir mürəkkəblik var. Biz ciddi tənəzzüldə olan bir ölkəyik. Milyonlarla insan indi həbsxanalardan və ruhu xəstəxanalardan ölkəmizə axın edir. Onlar terroristlərdir. Ölkəmizi ələ keçirirlər. Başı böyük bəlada olan ölkəmiz var. Korrupsiyaya bulaşmış prokuror, sorosçu hakimlər var…”.

“Amerika geri döndü” deyən D.Tramp andiçmə mərasimindən dərhal  sonra imzaladığı bəzi fərmanlarla hər kəsi heyrətləndirdi desək, heç də yanılmarıq. O, ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatından və Paris İqlim Sazişindən çıxmaq barədə fərmanları ilə demək olar ki, gündəm yaratdı, ölkəsində ancaq iki gender növünü-qadınları və kiçiləri tanıdığını bildirdi. “İmkanlarımızı və bu fəaliyyətlərin dövlətimizin mənafeyinə nə qədər uyğun olub-olmadığını araşdırmalıyıq” deyərək sonrakı 90 gün ərzində ABŞ-ın bütün digər dünya ölkələrinə dövlət yardımını dayandırdı. Bundan başqa, Meksika ilə sərhəddə “Fövqəladə vəziyət” elan edildi. D.Ttramp 2021-ci il fevralın 6-da 2020-ci ildə ABŞ da keçirilən prezident seçkilərinin nəticələrinə etiraz edərək Konqres binasına hücum etdiklərinə görə müxtəlif formada cəzalar alan 1600-ə yaxın şəxs barədə əvf Fərmanı imzaladı. O, habelə “Tik- tok” platformasının fəaliyyətinin dayandırılması barədə qərarın icrasını 75 gün təxirə saldı.

Sorosçu Bayden hakimiyyətinin 78 qərarını ləğv edən D.Tramp Rusiya-Ukrayna müharibəsi ilə bağlı “Rusiyanın böyük problemləri olacaq” fikirlərini səsləndirdi: “Rusiya iqtisadiyyatının nə gündə olduğuna baxın, ölkədəki inflyasiyanın miqyasına baxın. Putin Ukraynaya qarşı müharibənin gedişindən razı qala bilməz. Çoxları düşünürdü bu savaş bir həftə çəkər, amma üç ildir davam edir. Bizim əlimizdə olan bilgilərə görə, savaşda 1 milyona yaxın Rusiya hərbçisi, 700 minə yaxın Ukrayna hərbçisi həlak olub. Rusiya böyük ölkədir, əhalisi, hərbçisi çoxdur, amma dövləti bu cür idarə etmək olmaz”.

Bir məsələni də xüsusilə qeyd edək ki, Azərbaycan açıq-aşkar ermənipərəst siyasəti ilə Cənubi Qafqazda davamlı sülhə, qarşıqlılı əməkdaşlığa əngəl olan, erməni lobbisinin sifarişləri ilə hərəkət edən C.Bayden hakimiyətindən fərqli olaraq D.Trampın regionla bağlı qərəzsiz və ədalətli siyasət yürüdəcəyinə ümid edir. Prezident İlham Əliyev andiçmə mərasimindən sonra Donald Trampa göndərdiyi təbrik məktubunda bildirib ki, Azərbaycan ilə ABŞ özlərinin milli təhlükəsizlik maraqları əsasında qlobal çağırışlar və təhdidlərə, beynəlxalq terrorizmə və onun müxtəlif təzahürlərinə qarşı mübarizədə daim sıx əməkdaşlıq ediblər. Ölkəmizin başçısı D.Trampın yeni prezidentliyi dövründə iki ölkə arasında dostluq, əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənəcəyinə və yeni məzmun kəsb edəcəyənə inandığını vurğulayıb: “Əminəm ki, Sizin gələcək fəaliyyətiniz dünyada sülhün təşviqində, beynəlxalq təhlükəsizliyin gücləndirilməsində önəmli rol oynayacaqdır. ABŞ-nin müttəfiqlərinin enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edən, enerji sahəsində xoş ənənələrə əsaslan və möhkəm təməllər üzərində qurulmuş əməkdaşlığımızı yüksək qiymətləndirir, ölkəmizin enerji siyasətinə Sizin verdiyiniz daimi dəstəyinizi xüsusi vurğulamaq istərdim. Biz həm ənənəvi, həm də yeni əməkdaşlıq sahələri üzrə Birləşmiş Ştatlar ilə fəal və səmərəli birgə işimizi, qarşılıqlı inam və etimada əsaslanan tərəfdaşlığımızı bundan sonra da qətiyyətlə davam etdirmək və Sizinlə bu istiqamətlərdə sıx işləmək niyyətindəyik”.

Ölkəmizin başçısı qeyd edib ki, prezident seçkilərində inamlı qələbə Amerika xalqının onun yürütdüyü siyasi xəttə böyük dəstək və etimadının aşkar ifadəsidir. Dövlət başçısı vurğulayıb ki, Prezident Donald Trampın fəaliyyəti dünyada təhlükəsizliyin təmin olunmasında daha da önəmli rol oynayacaq.

Nüfuzlu “Voll Strit Journal” nəşrində dərc olunan yazıda da bildirib ki, ABŞ-ın yeni Prezidenti D.Tramp Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq üçün “qızıl fürsətə” malikdir. Vurğulanıb ki, bu iki ölkə öz fikir ayrılıqlarını həll etməyə can atır. Bu öz növbəsində ABŞ-ın maraqlarına xidmət edəcək: “Tramp Ukraynada müharibəni həll etməklə bağlı vəd verib, amma demək asandır, etmək çətin. Daha az səy tələb edən, lakin əhəmiyyətli faydalar verən sülh imkanı var: Ermənistan və Azərbaycan arasında uzun müddətdir davam edən düşmənçiliyə son qoymaq. İki ölkə son bir il ərzində danışıqlar aparıb və dönüş nöqtəsindədirlər. İki müharibəyə səbəb olan bu münaqişənin həlli əlçatandır”.

Zahid Rza, “İki sahil”