22 yanvar 2025 11:17
105

Həqiqətdən uzaqlaşdıran manipulyasiyalar

“Manipulyasiya” son dövrdə ölkənin informasiya məkanında ən çox rastlanan ifadədir desək, heç də yanılmarıq. Sosial şəbəkələrdə edilən paylaşımlarda, yazılan məqalələrdə və hətta televiziya verilişlərində belə bu söz ən sevimli ifadəyə çevrilib. Bir sözlə, hamı bu haqda danışır. Bəs həqiqətdə “manipulyasiya” haqqında nələri bilirik və biz özümüzü manipulyasiyalardan qorumağı bacarırıqmı?  

Müasir dövrdə bu istiqamətdə maarifləndirici işlərin aparılmasına hava-su qədər ehtiyac duyulur. Biz hətta fərdi münasibətlərdə belə manipulyasiyalardan sığortalanmamışıq. Peşəkar və dəqiq informasiya ilə “informasiya tullantıları” arasındakı sərhədi müəyyən etmək getdikcə daha çətin olur. Siyasi manipulyatorlar isə bütün bunlardan çox gözəl istifadə edirlər. “Manipulyasiya” ifadəsi gündəlik məişət leksikonumuza da daxil olub və bu proses sürətlə inkişaf edir. Bəzən elə təsəvvür yaranır ki, elə dünya da məhz manipulyasiyalar vasitəsilə idarə olunur və yönəldilir. Bütün bunları nəzərə almamaq və sadəcə kənarda dayanmaq artıq mümkünsüzdür.

Sosial şəbəkə fenomenləri və populyar səhifələr artıq geniş yayılmış manipulyasiya alətlərinə çevriliblər. Müəyyən fərdlər idarə etdikləri səhifələr və ya öz sosial şəbəkə hesabları üzərindən əhaliyə təsir etmək imkanlarına görə bəzən hətta siyasi partiyaları, böyük təşkilatları belə qabaqlayırlar. İnsanlar özləri də bilmədən kimlərinsə manipulyasiya alətinə çevrilirlər. Heç şübhəsiz ki, ən ağrılı manipulyasiyalar siyasi münasibətlər müstəvisində aparılır. Hətta çəkinmədən onu da deyə bilərik ki, manipulyasiya siyasi avantürist, demaqoq və psevdopatriotların əsas qazanc mənbəyinə çevrilib. Vəziyyət o səviyyəyə gəlib çıxıb ki, sıravi internet istifadəçiləri üçün radikal təfəkkür sahiblərinin sosial şəbəkələrdəki demaqogiyalarına qulaq asmaq psixoloqların qəbulunda olmaq effektini bəxş edir. Odur ki, manipulyasiya eyni zamanda psixoloji təsir etmək deməkdir.

Sadəlövhlüyə yer vermək olmaz, burada insani hisslər və bəşəri dəyərlər sadəcə təzyiq aləti kimi istifadə olunur. Manipulyatorlar həqiqəti təhrif edir və əhalinin ictimai şüurunda yanlış stereotiplər formalaşdırırlar. Mövcud metod vasitəsilə insanların ictimai-siyasi təfəkkürü dolayısilə zombiləşdirilir. “Zombiləşmənin” nəticəsində isə baş vermiş bu və ya digər hadisənin əsl səbəbi heç kim üçün maraqlı olmur, ictimaiyyətin siyasi diqqəti və neqativ enerjisi yalnız şərti “düşməndən heyfin” çıxarılmasına yönəldilir. Bununla da rasional düşüncə emosiyalara məğlub olur və fərdin adekvatlığı itir. Əlbəttə ki, mövcud vəziyyət radikal təfəkkürün inkişafı üçün münbit şərait yaradır.  

Radikal təfəkkürün təyinatı dünyanı yalnız ağ və qara rənglərə boyamaqdan ibarətdir. Siyasətdə sözügedən üslub cəmiyyətin parçalanmasına xidmət edir. Bax, burada biz radikalların növbəti strateji hədəflərinə gəlib çıxırıq: cəmiyyəti parçalamaq, total şübhə toxumları yaymaq və ictimaiyyətin diqqətini yalnız neqativ halların üzərində  cəmləmək. Göründüyü kimi, siyasi radikalçılıq xalis sosial-psixoloji fenomendir. Burada hər hansı bir xoş niyyət və ya ülvi ədalətin axtarışından söhbət belə gedə bilməz.

Radikal təfəkkür eyni zamanda yanlış sosial oriyentirləri yaradır və saxta qəhrəmanları formalaşdırır. Bunun nəticəsində isə ictimai təfəkkürün deqradasiyası qaçılmaz olur, fərd aqressivləşir və dünyaya “düşmən” gözü ilə baxır. Qeyd olunanların hamısı ictimai-siyasi münasibətlərdə gərginliyin yaradılmasına yönəlibdir. Mürəkkəb təhlillərdən uzaq dayansaq, manipulyasiyaların təsir alqoritminin məhz qeyd olunanlardan ibarət olduğunu deyə bilərik. Odur ki, manipulyasiyanın fərqində olaraq susmaq, yolverilməzdir.

Bəli, İmişli rayonu ərazisində yaşanmış yol-nəqliyyat hadisəsi olduqca ağır olaydır. İstənilən halda uşaq və yeniyetmənin ölümü ilə nəticələnən hadisə öz emosionallığına görə yalnız yaşana biləcək fərdi faciə ilə müqayisə oluna bilər. Bu məsələdə heç bir fikir ayrılığı ola bilməz.  Ancaq məkrli niyyətlərə xidmət edən qərəzli manipulyasiyalara da göz yummaq olmaz. Emosional manipulyasiyalar yalan ilə həqiqət arasında sərhədləri pozur. Məhz elə buna görə də radikal təfəkkürün siyasətdə mövcudluğu cəmiyyətin inkişafı üçün açıq təhdiddir. Prinsipial olaraq qeyd etməliyik ki, radikal təfəkkür ilə mübarizədə profilaktik tədbirlərin görülməsi zərurəti artmaqdadır. Əks halda geridönməz proseslər yaşana bilər. Sifarişli manipulyatorların İmişlidə baş vermiş hadisə ilə bağlı olan ritorikalarına diqqət yetirin: yalnız alternativsiz sərt ifadələrə müraciət olunur. Sosial şəbəkə istifadəçilərə seçim imkanı belə tanınılmır. Əlbəttə ki, burada obyektivlikdən söhbət belə gedə bilməz. Heç şübhəsiz ki, mövzunun alovlanmasında Qərbin sosial mühəndislik metodları da işə salınıb. 30 il ərzində eyni konspekt əsasında çıxış edən və ritorikasını belə dəyişdirməyən radikalların birdən-birə Qərbin siyasi texnologiyalarına müraciət etməkləri diqqətsiz qala bilməz.     

Mövcud kontekstin inkişafında kiçik və bəsit bir statistikanı qeyd edək. Yol-nəqliyyat hadisələri nəticəsində il ərzində dünyada təqribən 1,3 milyon insan vəfat edir, 50 milyon insan isə ağır xəsarət alır. Qeyd olunan statistikada xüsusi təyinatlı nəqliyyat vasitələrinin payına düşən hissə heç də kiçik rəqəmlərdən ibarət deyil. Əlbəttə ki, İmişlidə  yaşanmış hadisə ilə bağlı da cinayət işi açılacaq, istintaq da aparılacaqdır. Sosial şəbəkələrdə işıq surəti ilə yayılmış həmin o kadrlar hamının yaddaşına həkk olunub. Odur ki, burada məsuliyyətdən yayınmaq mümkünsüz olacaqdır.

Mövzu ilə bağlı aparılan manipulyasiyaların əsas təyinatı isə hadisənin siyasiləşdirilməsidir. Bəziləri faciəni yaşayan ailələrin acılarına şərik çıxmırlar, onlar yaşanmış faciənin acı şirəsini sıxıb çıxardırlar. Əlbəttə ki, mövcud məsələ yalnız siyasi əxlaqsızlıq kimi dəyərləndirilməlidir. Bu cür siyasətçilər cüzi də olsa cəmiyyətdə özlərinə simpatiya qazanmaq istəmiş olsaydılar, dünyasını dəyişmiş uşaqların ailələrini ziyarət edər və bunu ictimailəşdirərdilər. Görünən odur ki, onların hədəfləri başqadır, məqsəd nifrət hisslərinin cəmiyyətdə yayılmasına nail olmaqdır. Burada hər hansı səmimi hisslərdən söhbət belə gedə bilməz.

Radikal təfəkkürlü siyasətçilərin ritorikasına diqqət yetirin. Onlar hər vəchlə təlqin etməyə çalışırlar ki, cəmiyyətdə barış və həmrəyliyin əldə olunması mümkünsüzdür. Əlbəttə ki, İmişlidə yaşanmış hadisənin siyasiləşdirilməsi cəhdləri yalnız manipulyasiyadır. Mövcud məsələdə ritorikaları diqqətlə təhlil edən zaman aparılan manipulyasiyaların təyinatını çox rahat ifşa etmiş olarıq:  insanları inandırmaq lazımdır ki, səbəbkar hüquqi məsuliyyət daşımayacaq, mövcud hadisə ört-basdır edilərək unutdurulacaq. Göründüyü kimi, əsas hədəf emosional gərginliyin artırılmasıdır, yəni yaşanmış hadisədən mümkün qədər daha çox “acı şirə”nin sıxılmasıdır.

Elə məhz bütün bunlara görə radikal ritorikalar, davranışlar ikrah hissi yaradır. İmişlidə emosiyalara qapılaraq və manipulyasiyalara uyaraq məlum hadisələrdə iştirak etmiş insanların insani hisslərindən yararlanmağa çalışanlar faciə yaşamış ailələrin yanında yox, qarışıqlıq yaratmaq istəyən manipulyatorların yanında dayanırlar. İnsanların hissləri manipulyasiya alətinə çevrilməməli, sabitlik və birlik kimlərinsə xəstə siyasi ambisiyalarının qurbanı olmamalıdır. İbtidai instinktlərə söykənən manipulyasiyalar cəmiyyəti geri mağara dövrünə aparar, siyasi münasibətləri isə yenidən küçə səviyyəsinə çatdırar. Odur ki, siyasi müstəvidə aparılan maarifçilik kiməsə qarşı yönəlmiş fəaliyyət növü deyil. Tam əksinə, insanları qərəzli siyasətdən qoruyan fəaliyyətdir.

Asif Adil,
politoloq