22 yanvar 2025 02:58
121

Kül başına Zori,  gör Nikol nə deyir?

Baş nazir öz “dağarcığını” sürüyüb “çuvala” tay qoymaq istəyir, amma axmaqlayır

Ermənistan baş naziri Nikol Paşinyanın Səlcuq imperiyasının Anadoluya yürüşü ilə bağlı paylaşımı diqqət çəkib.

 Sözgedən paylaşımında Paşinyan hazırda Türkiyənin Ermənistanla sərhədində yerləşən Ani şəhərinin Bizans imperiyasından alınmasına bir erməninin səbəb olduğunu bildirib. Daha sonra  XI əsrdə Bizans İmperiyasında yaşamış yunan tarixçi Attaliatesin Ani ilə bağlı bu qeydlərini paylaşıb: “Attaliates yazır ki, Aninin imperiyadan qoparılması hiylə idi. O zamanlar bölgə hakimi idarəçilik üçün imperiyadan ödəniş alırdı. Sonra Baqrat adlı bir erməni Bizans imperatoru Konstantinlə görüşüb dedi ki, ödəniş almadan ərazini idarə edə bilər. İmperator bu təklifi xoş qarşıladı, ona idarəçi statusu verdi və qubernator təyin etdi. Lakin Baqratın idarəçiliyi çox uğursuz oldu. Bölgə əhalisini ərzaqla təmin edə bilmədi, siyasi və hərbi işlərdə yarıtmaz addımlar atdı. Hətta imperiyaya xeyir vermək adı ilə bütün hərbi qarnizonu dağıtdı, bölgəni müdafiə edəcək heç kim yox idi. Nəticədə Səlcuqlar hökmdarı Sultan Məhəmməd Alp Arslan 1064-cü ildə hücumla Aniyə nəzarəti ələ keçirdi”.

Burada Nikol Paşinyan “Türkiyənin Ermənistanla sərhədində” ifadəsi işlətməklə hiyləgərlik edərək başından böyük qələtə yol verir. Guya gediş edərək o zaman Ermənistanın mövcudluğunu süni üsulla tarixə  təpişdirməyə cəhd göstərir. Ümumiyyətlə, haylar qədim tarixi öz xeyirlərinə təhrif etməkdə çox mahirdirlər, ancaq heç cür alınmır. Ona görə də Türkiyə Prezidenti Ermənistana arxivləri açmaq təklifini irəli sürəndə boyun ardına vurdu. Çünki Ermənistan dövlətinin tarixi 1920-ci ildən başlayır.

Qeyd edək ki, böyük Səlcuq imperatoru və sərkərdəsi Məhəmməd Alp Arslan 1064-cü ildə Anadoluda yerləşən Ani vilayətini 25 günlük mühasirədən sonra ələ keçirib. Paşinyan Ani qalasının haylara aid olmadığını vurğulamasa da bir çox erməni alimləri əksini söyləyir və digər yalanlar uydururlar. Bu ərazidə böyük Azərbaycan dövləti yaradılanda Cənubi Qafqazda Ermənistan adlı dövlətin heç izi-tozu da olmayıb. Ola da bilməzdi, çünki burada erməni toplumu yaşamırdı.

Mənbələrə görə, nəql edilən hadisədən təxminən iki yüz il əvvəl Azərbaycan dövləti formalaşırdı. Xürrəmilərin rəhbəri Babək sayı 300 min nəfərdən çox olan böyük bir hərbi quvvəyə malik idi. Babək müsəlmanları da, xürrəmiləri də, xristianları da bir bayraq altında birləşdirərək Xilafətə qarşı 20 ildən artıq müddətdə fasiləsiz olaraq azadlıq müharibəsi aparmışdır.

Ərəb qaynaqlarına görə, 816-cı ildə xürrəmilərin başçısı Cavidanın ölümündən sonra Babək «Azərbaycan vilayətinin Bəzzeyn dağında meydana çıxdı və onun tərəfdarlarının sayı artdı...». Ərəb müəllifi Əbu Dulafın yazdığına görə, Abbasilər öz bayraqlarını qara rəngə boyadıqları kimi, xürrəmilər də qırmızı rəngə boyamışdılar. Məsudinin əsərində «Babəkin ölkəsi» dedikdə «Bəzz, Azərbaycan, Arran və Beyləqan» nəzərdə tutulmuşdur.

Xilafət Babəkin başladığı azadlıq müharibəsinin bu qədər geniş miqyas alacağını ilk vaxtlar dərk etmədiyindən ona qarşı Azərbaycanda saxladığı hərbi dəstələrdən və qarnizonlardan istifadə edir, ancaq heç bir uğur qazana bilmirdi. Babəkin qoşunlarının böyük qələbələr hesabına geniş əraziləri ərəblərdən azad etməsi xəlifə Məmunu 819-cu ildə Babəkə qarşı nizami ordu göndərməyə vadar etdi. Ancaq bu ordu da əzildi. 822-ci ildə Babəkə qarşı İsa ibn Məhəmmədin başçılığı ilə göndərilmiş ərəb ordusu Bərdə yaxınlığındakı döyüşdə darmadağın edildi və ərəb sərkərdəsi öldürüldü. 823-824-cü ildə Babək yeni bir ərəb ordusunu da darmadağın etdi və ordu başçısı Əhmədi əsir götürdü. Bu qələbə nəticəsində Babək Bərdə, Ərdəbil, Naxçıvan, Beyləqan və Şirvanı tamamilə azad edərək öz silahdaşı Rüstəmi Azərbaycanın şimal torpaqlarına -Arana hakim təyin etdi. Babək 829-cu ildə ərəblərin görkəmli sərkərdəsi Məhəmməd ət-Tusinin başçılığı altında olan 150 minlik ordunu hərbi hiylə işlədərək Marağa yaxınlığında Həştadsər dağında dərəyə çəkib, pusqudan ağır zərbələr endirdi. Nəticədə 30 min ərəb döyüşçüsü məhv edildi və sərkərdə öldürüldü. 829-830-cu illərdə Babək xilafətin daha bir ordusunu ağır məğlubiyyətə uğratdı. Babək ən böyük qələbəsini 830-cu ildə baş vermiş Həmədan döyüşündə qazandı. Şəhər ələ keçirildi. Abbasilərin paytaxtı Bağdadı Mərkəzi Asiya və Qafqazla bağlayan çox mühüm strateji yol Babəkin əlinə keçdi. Bu qələbə nəticəsində Azərbaycanın bütün torpaqları ərəblərdən təmizləndi və Vətənimiz müvəqqəti də olsa, xilafətin əsarəti altından çıxdı.

Xilafətin altı ordusunun dalbadal ağır məğlubiyyətə uğradılması,  Babəkin qələbələrinin digər bölgələrdə də xalqların azadlıq hərəkatını gücləndirməsi xəlifə Məmunu qorxuya saldı. Məsudi yazırdı: «Babək hərəkatı elə bir əzəmətli həddə çatdı, onun təsiri və qoşunlarının sayı o qədər çoxaldı ki, az qaldı Abbasilər səltənəti məhv olsun». 

Bəs onda Hayastan adlı dövlət harada idi? Görürsünüzmü, Nikol Paşinyan mövcud olmayan erməni dövləti barədə bir kəlmə söz demir. Çünki haqqı yoxdur. Hindistanda qaraçılıq edən, köç edib müxtəlif ölkələrin ərazilərində baş girləyən hayların XIX əsrdə Rusiya imperiyası tərəfindən qapılardan yığışdırılaraq Qafqaza, daha doğrusu, Azərbaycana gətirilməsi barədə tarixi həqiqətlər hamıya məlumdur. Bu həqiqətlər barədə cildlərlə kitablar yazılmış, türk, rus, gürcü, ərəb, yunan, Orta Asiya salnaməçilərinin tarixi mənbələrində də yazılmışdır. Haylar dünyanın bir çox ölkələrinə səpələnmişlər. Bu, o demək deyil ki, hər yerdə bir dövlət qura bilərlər. “Dənizdən-dənizə böyük Ermənistan” əfsanəsi isə hayların xəstə təfəkkürünün məhsuludur. Bu qarabasma İsrayıl Ori, Stepan Şaumyan, Anastas Mikoyan, Silva Kaputikyan, Zori Balayan, Viktor Ambarsumyan, Abel Aqanbekyan və erməni keşişləri tərəfindən vaxtaşırı sadəlövh hayların yarımçıq qafasına soxuşdurulur. Zori Balayanın cızmaqara etdiyi “Ocaq” isə tarixin zibilliyində çürüməkdədir. Dörd ildən artıqdır ki, Ermənistanın məğlub edildiyi və Azərbaycanla sülh sazişi bağlamamasının səbəbi də sağalmaz “erməni xəstəliyi”nin nəticəsidir. Allah şəfa verməsin!

Vəli İlyasov, “İki sahil”