22 yanvar 2025 00:58
105

XXI əsrdə müstəmləkəçilik siyasətinə yer yoxdur

ABŞ-Avropa İttifaqı (Aİ)-Ermənistan üçlüyü kökündən çat verdi. Birləşmiş Ştatların ermənipərəst Prezidenti Gozef Bayden tarixə qovuşdu. Ermənistanın daha bir «pərəstişkarı» - Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişel yerini Antonio Koştaya verdi. Mişellə birgə Azərbaycanın qənimi, Aİ-nin Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Mişelin sağ əli Cozep Borrel dövrü də başa çatdı. «Üç badam bir qoz» üçlüyündən qaldı Ermənistanın baş naziri Nikol Paşinyan, bir də ermənidən də betər erməni olduğunu hər cəhətdən hiss etdirən Fransa Prezidenti Emmanuel Makron. Yəni, həqiqi mənada bir medalın iki üzü olan Makron-Nikol cütlüyü yeni tərəfdaş axtarışındadır.

Ermənistanda olduğu kimi, Fransada da daxili vəziyyətin gərgin olduğunu hami bilir. Əsrlərlə müstəmləkə altında saxladığı Afrika ölkələrində neokolonializmə qarşı mübarizənin güclənməsi, Fransa jandarmalarının qitədən çıxarılması ilə bağlı etirazların sürətlənməsi Yelisey Sarayını ciddi narahat edir. Yəni, Cənubi Qafqaz sevdasından əl çəkməyən, bölgədə yeni gərginlik ocağını alovlandırmaq üçün hələ də Ermənistana yardımlar göstərən Makronun Baydendən dərs almasının vaxtıdır.

İkinci Qarabağ müharibəsindən sonra Ermənistanı silahlandıran Fransanın çirkin niyyəti hələ də davam etməkdədir. «Artıq Ermənistana göndərilmiş silahlar geri qayıtmalıdır. Bu, bizim şərtimizdir. İndi kim bunu necə istəyir elə də qəbul etsin. Mən sözümü deyirəm, onlar da bilirlər, onların arxasında duranlar da bilirlər ki, əgər biz nəyisə deyiriksə, deməli, artıq bu məsələyə çox ciddi yanaşırıq» sözləri ilə Yelisey Sarayının başçısına xəbərdarlıq edən Prezident İlham Əliyev digər məsələlərə də aydınlıq gətirir. Bildirir ki, rəsmi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına mane olan Minsk qrupunun ləğvi ilə bağlı rəsmi İrəvan ATƏT-ə müraciət etməlidir. İşğalçı ölkənin konstitutsiyasında mövcud olan Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı bəndlər bütün sənədlərdən çıxarılmalıdır. Bu cür obyektiv təkliflərə qarşı çıxan və hayları sülh sazişindən imzalamağa qoymayan Makron unudur ki, onu da Baydenini aqibəti gözləyir. «Minsk qrupunun ləğv edilməsi, konstitusiyanın dəyişdirilməsi – bunlarsız sülh müqaviləsi mümkün deyil. Əgər Ermənistana sülh müqaviləsi lazım deyilsə, bizə də lazım deyil. Bu imzalanmadan da biz yaşaya və öz siyasətimizi apara bilərik. Yəni, mən yenə də Ermənistan tərəfinə məsləhət görərdim ki, hər şeyi yaxşı ölçüb-biçsin, o cümlədən dünyadakı geosiyasi dəyişiklikləri. Onların yaxın dostları siyasi səhnədən biabırçılıqla silinirlər» sözləri ilə Fransada baş verənlərə də aydınlıq gətirən Prezident İlham Əliyev özünü güclü dövlət başçısı hesab edən Fransa Prezidenti Emmanuel Makronun maniyasının pucluğunu bu sözləri ilə diqqətə çatdırır: «Mən hesab edirəm, əgər biz o qədər güclənmişik ki, Fransanın daxili işlərinə qarışa bilərik və nəyisə dəyişə bilərik, biz, sadəcə olaraq, bununla fəxr edə bilərik… Halbuki bizim bu Fransanın daxili işləri ilə bağlı heç bir işimiz yoxdur. Sadəcə olaraq, qeyri-normal yanaşma, qeyri-adekvat siyasət buna gətirib çıxarıb. Yəni, Ermənistan bunu çox ciddi ölçüb-biçməlidir.» Belə ki, Makron da , Ermənistan rəhbərliyi də Ağ Evdə baş verən dəyişikliklərdən, Yaxın Şərqdə yaxın dost hesab etdikləri Bəşər Əsədin taleyindən dərs almalıdırlar.

Bütün dünya ictimaiyyəti bilir ki, Cənubi Qafqazın münaqişəsiz bölgə olmasını istəyən , əməkdaşlıq tərəfdarı olan Azərbaycan heç bir ölkə üçün coğrafi mane deyil. Əlverişli geosiyasi məkanda yerləşən Azərbaycanın yaratdağı əməkdaşlıq platforması heç kim üçün təhdid deyil. Əksinə, qarşılıqlı tərəfdaşlıq mühitində səylərin birləşməsinə xidmət edən siyasi qüvvədir. Zəngəzur dəhlizinin açılması ilə türk dünyasının daha da güclənəcəyindən ilanın ala çatıdan qorxduğu kimi ehtiyat edən Makron Ermənistanı bu yolun açılmasından da çəkindirir. Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə bu yolun açılmasını Qərbin məhvi, özünəsayaq izah edən Makron anlamaq istəmir ki, artıq Avropanın özündə belə qlobal layihələrin həllində, siyasi baxışlarda maraqlar üst-üstə düşmür. Daha açıq deyilsə ABŞ-ın yeni Prezideni Donald Trampın siyasətinə uyğun formalaşacaq dünya nizamında Qərbin, o cümlədən Makronun maraqları arxa planda qalacaq. «Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır. Biz belə vəziyyətdə qala bilmərik. Biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana niyə müxtəlif, başqa yollarla getməliyik? Bizim birbaşa əlaqəmiz olmalıdır və bu əlaqə Ermənistanın suverenliyini şübhə altına qoymur» sözləri ilə artıq dörd ildə sülhə nail olmaq üçün aparılan danışıqların nəticəsiz qalmasında Yelisey Sarayını günahlandıran dövlət başçımız İlham Əliyev onu da bildirir ki, 10 noyabr Bəyanatının müddəaları yerinə yetirilməlidir.

Baydenin gedişi ilə Soros dövrü başa çatdı. 30 ildə Soros kimi digər anti-Azərbaycan dairələrin təxribatlarından əziyyət çəkən Azərbaycanın gözləmək, səbr limiti tükənib. Cənubi Qafqazda aparıcı iqtisadiyyata, hərbi gücə malik Azərbaycanla razılaşmaq daha çox Ermənistan üçün sərfəlidir. Makron artıq başa düşməlidir ki dünyada güc amili ön plandadır və Azərbaycana münasibətində şəxsi reflekslərindən əl çəkməlidir. Rəsmi Parisin siyasi gündəliyində , şəxsən Makronun iş prinsipində Azərbaycan amilinin aktuallaşması oyunbazlıqdan başqa bir şey deyildir. Erməni lobbisinin, icmasının dəstəyinə arxalanan Makronun bu qüvvədən yararlanmağı absurddur. Çünki satqın ermənilərin başqalarından oğurladıqları yığma leksikonlarında etibar, tərəfdaş, dost ifadələri verilən yala görə tənzimlənir. Bu toplumu tanımaması isə Makronun öz dövlətinin tarixini bilməməsi, siyasi səriştəsizliyinin, görkəmli fransız mütəffəkkirlərinin haylar haqqında söylədiklərindən xəbərdar olmamasının nəticəsidir.

Təcrübədən aydındır ki, qüdrətli dövlətin gücü o ölkəyə rəhbərlik edən başçının səriştəsi, bacarığı ilə bağlıdır. Son illərdə Avropa dövlətləri arasında belə nüfuzunu itirən, iqtisadiyyatı böhranla üzləşən, ölkəni öz düşüncəsi ilə idarə edən Makronun adı Fransının dövlətçilik tarixində «erməni islahatları»nın müəllifi kimi qalacaq. Prezident İlham Əliyevin «Çünki hazırkı fransız hakimiyyətinin müdaxilə etdiyi hər yerdə, birincisi, rüsvayçı şəkildə uğursuzluq baş verir, ikincisi, onlar yalnız intriqa gətirirlər. Yalnız intriqa. Afrikadan danışmağın mənası yoxdur, necə deyərlər, hər şey göz qabağındadır. Cənubi Qafqazda da vəziyyət eynidir. Azərbaycanda uzunmüddətli kontraktları olan bəzi şirkətlər istisna olmaqla, onların iştirakı praktik olaraq sıfra endirilib» sözləri Fransanın Makron dövrünü araşdaranlar üçün bələdçi olacaq.
Fransanın neokolonialist siyasətinin beynəlxalq aləmdə geniş sferada tənqid olunması da təsdiqləyir ki, XXI əsrdə müstəsləkəçilik siyasətinə yer yoxdur.

Yanvarın 21-də paytaxtımızdı Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə «Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış» mövzusunda keçirilən beynəlxalq konfransda «Bütün dünya xalqları Fransanın müstəmləkə siyasətinə qarşı mübarizə aparmalıdırlar. Fransanın keçmişdəki qaranlıq tarixi haqqında məlumatlar az yayılsa da, Əlcəzairdə törətdikləri hər kəsə məlumdur» sözləri ilə beynəlxalq ictimaiyyəti Fransanın müstəmləkə siyasətinə qaşı mübarizəyə səsləyən «Suluhu» hərəkatının sədri (Qəmər Adaları İttifaqı) Madi Zırarı bildirib ki, irqi ayrı-seçkiliyi müdafiə edən sistem kimi formalaşan Yelisey Sarayı neomüstəmləkəçi siyasətini müxtəlif formalarda davam etdirir. «Adalarımız imperializmlə üz-üzədir. Bizim xalqlarımız, eyni zamanda, acı tale paylaşır. Bu əzab-əziyyət, acınacaqlı vəziyyət bu gün də davam edir» sözləri ilə Makronun siyasətini tənqid edən Qəmər Adalarının Bütövlüyü və Suverenliyinin Müdafəsi üzrə Kollektivin üzvü Mustafa Abdou-Raouf isə bildirib ki, biz qonşularımızla birliyimizi gücləndirib, müstəmləkəçilikdən azad ola bilərik. Azad olmaq üçün müxtəlif cəbhələrdə savaşıb, Afrika ölkələrinin birliyini möhkəmləndirməliyik”. «XXI əsrdə müstəmləkəçiliyin, o cümlədən Fransa müstəmləkəçiliyinin yeri yoxdur. Paris bunu başa düşməlidir ki, artıq o, bizim zənginliklərimizi istismar edə bilməz.» Fransadan olan, Fransanın müstəmləkəçilik siyasətini insanlığa xəyanət adlandıran, oğurlanmış sərvətlərin Konqo dəmir yolu ilə daşındığını, minlərlə konqolunun ağır iş şəraiti səbəbindən öldüyünü bildirən jurnalist Jan-Mişel Brunun söylədiyi kimi, kənd təsərrüfatı məhsullarının böyük hissəsi hələ də müstəmləkəçilərin əllərindədir. Dözülməz haldır ki, reyunyonlular ikinci dərəcəli fransalı kimi qəbul olunurlar. Bu cür qeyri-insanı mühitin müəllifi isə Makrondur.

Xuraman İsmayılqızı, «İki sahil»