Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə paytaxtımızda daha bir beynəlxalq konfrans
Azərbaycan bu gün dünyada müstəmləkəçiliyə qarşı mübarizə aparan əsas dövlətlərdən biridir. Artıq bir neçə ildir ki, ölkəmiz neokolonializmə qarşı mübarizəni əsas prioritetlərdən biri elan edərək beynəlxalq müstəvidə atdığı hər bir addımla sübut edib ki, müstəmləkəçiliyin, siyasi, iqtisadi, mənəvi istismarın hər cür təzahürünə qarşıdır və dünyanın harasında baş verməsindən asılı olmayaraq, bu cür neqativ halların aradan qaldırılmasına çalışır. Məhz Bakıdan başlayan beynəlxalq təşəbbüs, daha dəqiq desək, neokolonializmə qarşı “Bakı Təşəbbüsü” öz bəhrəsini verməkdədir. Yanvarın 21-də Azərbaycan növbəti dəfə mötəbər beynəlxalq tədbirə sahiblik edir. Bakıda Fransanın müstəmləkəçiliyi altında olan Reyunyon adasına həsr edilmiş "Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış" mövzusunda beynəlxalq konfrans keçirilir.
Bakı Təşəbbüs Qrupunun(BTQ) təşkilatçılığı ilə keçirilən tədbirdə müstəqillik uğrunda mübarizə aparan Reyunyon xalqının təmsilçiləri, habelə müstəmləkəçilik əleyhinə fəaliyyət göstərən təşkilatların rəhbərləri, hüquq müdafiəçiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, dekolonizasiya üzrə ekspertlər və tədqiqatçılar iştirak edirlər.
Qeyd edək ki, Reyunyon adası 1500-cü illərin əvvəllərində portuqaliyalı səyyahlar tərəfindən kəşf edilib. Ada 1642-ci ildə XIV Lüdovikin dövründə fransızlar tərəfindən ələ keçirilib və Burbon adası adlandırılıb. Üç il sonra isə burada ilk daimi koloniya qurulub.
Reyunyon adasında müstəmləkəçilik irsi iqtisadi, siyasi və sosial sahələrdə öz təsirini davamlı şəkildə hiss etdirir. Fransanın adadakı dominant mövqeyi və güclü təsir mexanizmləri yerli xalqın siyasi və iqtisadi müstəqilliyə nail olmaq uğrunda göstərdiyi səylərə ciddi maneələr yaradır.
İqtisadi sahədə bu təsir adanın xarici ticarət və investisiyalar baxımından Fransadan yüksək dərəcədə asılı olması, yerli istehsalın zəifləməsi və işsizlik səviyyəsinin artması kimi məsələlərdə özünü göstərir. Siyasi sahədə isə Fransa tərəfindən tətbiq olunan idarəetmə modelləri və institusional mexanizmlər Reyunyon xalqının öz müqəddəratını təyinetmə hüququnu məhdudlaşdırmaqla yanaşı, onların qərarvermə prosesində iştirakını da minimuma endirir.
Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov beynəlxalq konfransda bildirib ki, təkcə Fransa deyil, Niderlandın müstəmləkələri ilə də iş aparır. Fəaliyyət göstərdiyimiz müddətdə müstəmləkə altındakı xalqların problemləri gündəmə gətirilib və bu təşəbbüs davam edəcək.
Konfransda "Ka Ubuntu" Müstəqillik hərəkatının Reyunyon bölməsinin koordinatoru Benjamin Klement bildirib ki, reyunyonlular ada torpaqlarının öz sahiblərinə - xalqa qaytarılmasını tələb edirlər: “"Mədəniyyətimizi əlimizdən alanlardan təzminat tələb edirik. Bir daha deyirik ki, müstəmləkəçiliyi məhv edəcəyik".
Hesab edirik bu tədbir Reyunyon xalqının öz gələcəyini müstəqil şəkildə müəyyən etməsi üçün beynəlxalq dəstəyin vacibliyinə dair çağırış platforması rolunu oynayacaq.
Şəmsiyyə Əliqızı, “İki sahil”