KÖŞƏ

Vəli İlyasov

Doğru addım

24 fevral 2022 02:37
1019

Ötən ilin sonunda Azərbaycan Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə müraciətində “Rusiya ilə münasibətlərimiz yeni səviyyəyə yüksələcək” demişdi. Sitatdan da aydın görünür ki, həmin mesajda məhz indi imzalanan sənədlə Azərbaycan və Rusiya münasibətlərinin müttəfiqlik səviyyəsinə qaldırılacağı nəzərdə tutulurmuş. Yəni, bundan sonra iki qonşu ölkə artıq strateji əməkdaşlıqdan müttəfiqlik münasibətlərinə keçəcək. Yaddan çıxarmayaq ki, Rusiyada hazırda iki milyona qədər azərbaycanlı yaşayır və işləyir, dünyanın heç bir ölkəsində bu qədər azərbaycanlı yaşamır. Ticarət dövriyyəmizin 3 milyard dollara çatması ölkələrimizin strateji tərəfdaşlıq səviyyəsinin nə qədər yüksək olduğunu göstərir. Qısaca deyə bilərik ki, dünyanın digər hər hansı ölkəsi ilə bu qədər əlaqələrimiz yoxdur. Vurğulamaq lazımdır ki, bu, indiki gərgin beynəlxalq şəraitdə hər iki tərəf üçün böyük əhəmiyyət daşıyır.

Hazırda görünən odur ki,  ABŞ və Qərb Ukrayna böhranına görə Rusiya ilə kəskin hərbi-siyasi qarşıdurma içərisindədir. Belə vəziyyətdə Azərbaycanın Rusiya ilə müttəfiqliyinə beynəlxalq məkanda münasibətin birmənalı məzmun daşımayacağı qətiyyən şübhə doğurmur.  Belə anlaşılır ki, rəsmi Bakı belə tarixi məqamda Rusiya ilə müttəfiqliyin beynəlxalq məkanda doğura biləcəyi nəticələrdən qətiyyən narahat deyil. Çünki o, lazımi məqamda lazımi addımlar atır.  Rusiya Federasiyası ilə müttəfiqlik haqqında Bəyannamənin imzalanması iki ölkənin bir-birinə daha çox inteqrasiya etməsinə münbit şərait yaradacaqdır. 43 bənddən ibarət olan Bəyannamənin birinci bəndində deyilir ki, tərəflər öz münasibətlərini müstəqilliyə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarışmamaq əsasında quracaqlar. Ona görə də bu sənəd gələcək üçün geniş perspektiv açacaqdır.

Xüsusi vurğulamaq lazımdır ki, Rusiya və Azərbaycanın müttəfiqlik səviyyəsinə çıxmaları ölkələrimizin getdikcə möhkəmlənmiş strateji tərəfdaşlığından qaynaqlanıb. Biz bunun ən bariz nümunəsini 2020-ci ildə Ermənistanla aparılan 44 günlük müharibə müddətində aydın gördük. Rusiyanın Ermənistanda hərbi bazası olmasına baxmayaraq İkinci Qarabağ müharibəsinin gedişində heç bir müdaxiləyə yol verilmədi. Bundan başqa, Rusiya tərəfinin vasitəçiliyi ilə 10 noyabr Bəyanat qəbul edildi və Azərbaycan işğal altında olan üç rayonunu bir güllə belə atılmadan azad etdi.

 Ancaq otuz il ərzində  dünyanın bəzi ölkələri Azərbaycana qarşı qeyri-səmimi münasibət göstəriblər. Otuz il müddətində Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, ərazilərimizin 20 faizinin işğal altında saxlanmasına demək olar ki, göz yumublar. Üstəlik, ən pisi də odur ki, əksər Qərb ölkələri hətta indinin özündə də Ermənistanı himayə etməkdə israrlı mövqe tuturlar. Təbii ki, Azərbaycan Qərbin ikili standartlar siyasətinə, ermənipərəst mövqeyinə əbədi olaraq dözümlü mövqe tutmağa borclu deyildi.

Bizim tərəfimizdən tamamilə qəbuledilməzdir ki, bəzi  Qərb ölkələri hələ də Azərbaycanın beynəlxalq hüquq normalarına söykənən mövqeyini qulaqardına vuraraq Ermənistanın yolverilməz iddialarını müdafiə edirlər. Azərbaycan 44 günlük müharibədən sonra keçmiş “Dağlıq Qarabağ münaqişəsi”nin ölkəmizin ərazi bütövlüyü çərçivəsində tamamilə həll olunduğunu bəyan edib. Yəni, rəsmi Bakı bədxahlarımızın bütün davamlı cəhdlərinə baxmayaraq Xankəndi və ətraf bölgədəki ermənilərə hər hansı “status” vermək niyyətində deyil.     

Hələ də bəzi Avropa qurumları “Dağlıq Qarabağ problemi”nin həll edilmədiyini israrla vurğulayırlar.  Bu “məsələ”nin ATƏT-in Minsk qrupu çərçivəsində nizamlanmasının vacibliyini iddia edirlər.  ABŞ-ın İrəvandakı səfiri L. Treysi hər açıqlamasında Ermənistanın xarici işlər naziri kimi danışır. Ermənistanın heç bir əsası olmayan xam xəyallarını ifadə edir. Oxşar mövqe bir çox ABŞ rəsmiləri, konqresmenləri və senatorları tərəfindən nümayiş etdirilir.

Əslində, bütün bunlar bizim üçün təəccüblü də deyil. Çünki ABŞ Prezidenti Co Bayden bir müddət öncə keçirdiyi "demokratiya sammiti"nin tərkibini müəyyən edərkən Azərbaycanı kənarda saxlamışdı. Bununla da, əslində, Azərbaycanı Rusiyanın da daxil olduğu ABŞ və Qərbin rəqibləri düşərgəsinə aid etmişdi. Bu isə Ağ Evin Azərbaycana istiqamətlənmiş mövqeyini, real münasibətini növbəti dəfə dəqiqləşdirmiş oldu. Bu baxımdan, rəsmi Bakının Rusiya ilə müttəfiqlik Bəyannaməsi imzalaması praqmatik, həm də reallıqlardan qaynaqlanan addımdır.

Yaddan çıxarmamalıyıq ki, Cənubi Qafqaz regionunda “erməni faktoru”nun zərərsizləşdirilməsi başqa heç bir dövlətdən deyil, məhz Rusiyadan asılı məsələdir. İllərdir gedən proseslər bunu açıq göstərir. Belə olan halda rəsmi Bakının Azərbaycana qarşı “erməni faktoru”ndan istifadə edən ölkələrə cavab olaraq Rusiya ilə müttəfiqliyi üstün tutması tamamilə məntiqlidir.