KÖŞƏ

Məhərrəm Ağalaroğlu

Bizi bizdən çox istəyirlər?..

11 mart 2024 23:16
7026

Azərbaycanda demokratik dəyərlər tam təmin edilir, insan hüquq və azadlıqları, fikir plüralizmi yüksək səviyyədə qorunur. Ölkəmizdə humanizm dəyərlərinin sərhədləri o qədər genişdir ki, bəzən söz azadlığının əndazəsini aşaraq tənqid yerinə təhqir edənlərə də mərhəmətlə yanaşılır. Bunun nəticəsidir ki, mövcud demokratik şəraiti qəbul etməyən insanlar fikirlərini azad və açıq şəkildə dilə gətirirlər. Onların bəziləri mövcud şəraiti daha da inkişaf etdirmək, təkmilləşdirmək arzusunu ifadə edir, yaxud cahilliyindən təsir altına düşərək respublikamızda demokratiyanın olmadığından gileylənir, bəziləri də xəyanət yolunu tutaraq məsələyə qərəzli yanaşırlar. Hətta Avropadan, Amerikadan mədət umanlar var. Elə zənn edirlər ki, əcnəbilər bunları çox istəyir. Elə bu səbəbdəndir ki, ağlamağa (hüquqlarının pozulduğunu dünyaya car çəkməyə) böyük bacı, əvəzindən döyüşməyə (siyasi mübarizə aparmağa) böyük qardaş, “haqlarını” (iqtidar olmaq istəklərini) qorumağa isə atalıq axtarırlar. Aydın məsələdir ki, “almadan vermə” prinsipi ilə yaşayan əcnəbilərin bacısı öz halına yanacaq, qardaş öz maraqlarını təmin etmək üçün çalışacaq, atalıq isə...

Qərbin nüfuzlu iş adamlarının və ekspert kimi məruzələr edən təlimçilərin tövsiyələrinə diqqət yetirsək görərik ki, onların ümumi fikrinin məğzi çevrənizi istifadə edə biləcəyiniz insanlarla genişləndirməyi təlqin etməkdir. Yəni kasıb, istifadə edə bilməyəcəyin adamlarla deyil, geniş imkanlara malik, hər işinə yarayacaq insanlarla yoldaşlıq et, onların yanında olmasan da yanındaymış kimi davran. Eynilə kasıb övladını vecinə almayıb varlı oğluna pay göndərən, imkanlı övladının canına and içən “analar” kimi. Siyasətdə də belədir. Dövlətlər milli maraqlarını təmin etmək üçün təkcə rəqib gördüyü dövlətin iqtidarı ilə deyil, həm də müxalifəti, əhalinin narazı hissəsi ilə də iş aparır, hüquqlarını “qorumağa çalışırlar”. Əslində isə onlar yalnız öz maraqlarını təmin etməyə çalışır, rəqib gördüyü dövləti özünün milli maraqlarını qorumaq siyasətindən çəkindirərək, forpost dövlət kimi idarə etmək, sərvətlərini talamaq istəyirlər. Bunun üçün ən yaxşı vasitə isə insan hüquq və azadlıqlarının qoruyucusu kimi çıxış etməkdir. Məsələn, kimsə kiminsə ailə üzvlərini ondan çox istəmir. Belə olan halda, necə ola bilər ki, dini, dili, milli kimliyi bizdən olmayan biri bizim hüquqlarımızı qorumaq üçün bu qədər canfəşanlıq edir? Həm də bu “demokratiya keşikçiləri” demokratiya gətirəcəklərini, insan hüquqlarını təmin edəcəklərini vəd etdikləri Liviyanı, Suriyanı səfalətə, zillətə sürüklədirlər. Yaxud, işğaldan azad etdiyimiz Azərbaycan torpaqlarını könüllü tərk etmiş mülki ermənilərin hüquqlarının müdafiəçisinə çevrilmiş Qərb ölkələri Ermənistandan qovulmuş, 33 ildir qaçqınlıq həyatı yaşayan azərbaycanlıların öz yurdlarına qayıtmaq hüquqlarını müdafiə etmək istəmir. Nədir, azərbaycanlı qaçqınlar insan deyi? Təbii ki, insandır, həm də ali insanlardır. Sadəcə, azərbaycanlıların hüquqlarının müdafiəsi Qərbin maraqlarına uyğun deyil.

Yazdıqlarımın isbatı ilə yanaşı, nəticəni özünüzün çıxaracağı digər nümunə təqdim edim. Avropa İttifaqının aparıcı dövləti olan, özünü demokratiyanın beşiyi adlandıran Fransada korsikalıların ana dillərinda danışması qadağan edilir. Ana dilində danışmaq hüququ kobudluqla pozulan korsikalılar bu yolla sivil soyqırımına məruz qalır, milli kimlikləri unutdurulur. Öz ölkəsində öz vətəndaşlarının hüquqlarını barbarlıqla pozan Avropa İttifaqının ölkəsi, eləcə də buna göz yuman İttifaqa üzv olan digər dövlətlər Azərbaycanda azərbaycanlıların hüquqlarını niyə qorumaq istəsin? Yalnız Azərbaycan hökumətinə təyziq göstərib, özündən asılı vəziyyətə salmaq, milli maraqlarını həyata keçirməkdən çəkindirmək üçün. Bu səbəbdən də unutmamalıyıq ki, Azərbaycan bizim anamızdır. Maddi və digər şəxsi maraqlarımız naminə anamızı peşkəş edəcəyimiz atalıqlar axtarmamalıyıq. Çünki Prezident İlham Əliyevin rəhbərliyi etdiyi Azərbaycanda  bizim haqqımız ən yüksək səviyyədə qorunur, hüququmuz da təmin edilir.