KÖŞƏ

Məhərrəm Ağalaroğlu

“Yelqovanlar”

06 avqust 2019 10:46
10339

Yelqovan küləyin istiqamətini öyrənmək üçün istifadə edilən uzun dirəyin üzərinə yerləşdirilmiş dəmir lövhəcikdir. Yəni külək əsdikcə o da istiqamətini dəyişir. Eyni ilə bizim dağıdıcı müxalifətçilər kimi... Məlum olduğu kimi, ölkəmizdə özlərini ən böyük elektorata sahib, ən real müxalifət partiyası adlandıran müxalifətçilər var. Hansı ki, bütün dağıdıcı amallı müxalifət partiyaları birlikdə keçirdikləri icazəli aksiyalara belə, Azərbaycan əhalisinin cəmi 0,25 faizi qədər tərəfdar toplaya bilmirlər. Ancaq yelqovan kimi hansı istiqamətin üfüqündən qrant işığı görsələr, tez o tərəfə yönəlirlər. Demokratlıq desən “bunlarda”, söz azadlıqları ilə yanaşı, digər insan hüquqlarına və azadlıqlarına yüksək dəyər “bunlarda”. Hətta söz azadlığına o qədər çox “dəyər” verirlər ki, sosial şəbəkə platformalarında əks fikir yazan kimi şərhi silib, şərh yazanı bloklayıb, sözünü ağzında qoyurlar. Ən yaxşı halda isə bir nəfərin istifadə etdiyi 10 profildən təhqir hesab olunacaq cavablar yazılır. Bunların başqa bacarıqları da var. Hiss etsələr ki, İranın Azərbaycanla münasibətlərini korlamaq istəyən hansısa qüvvələrindən umacaqlarını ala biləcəklər, tez onlara yönəlib, onları dəstəkləyirlər, Şimaldan qrant küləyi əsəndə rusiyapərəst olurlar. Qərb küləyi əsəndə isə meyillərini Qərbə istiqamətləndirirlər. Qəbuledilməz olan bu fəaliyyətin ora-burasını yamamaqla anlamaq olar, amma... Amması da odur ki, Azərbaycan torpaqları üzərində qurulmuş, bu azmış kimi növbəti dəfə torpaqlarımızı işğal etmiş, bir əsrdə iki dəfə xalqımızı soyqırımına məruz qoymuş ermənilər tərəfə istiqamətlənəsən. Artıq bu, yamaq da götürmür.

Yox, şər atmıram. Rusiyanın təlimatı ilə qurulmuş, sonradan küləyin istiqaməti ilə mili Qərbə istiqamətlənmiş “Milli Şura” son zamanlardakı fəaliyyəti ilə antimilli davranışlar sərgiləyir. Bir də xaricdə oturaraq bunlara carçılıq edən şəxslər var ki, eyni “bulaqdan su içdikləri” aydın sezilməkdədir. Özlərini Azərbaycan xalqına “demokratiya mübarizləri” kimi sırımağa çalışanlar dezinformasiyaların, ləkəyaxmaların bütün imkanlarından istifadə edərək Ermənistanın Azərbaycandan daha çox inkişaf etdiyini, dığaların xalqımızdan daha demokratik, daha tolerant olduğunu xalqın şüuraltına yeritmək istəyirlər. Hətta vəziyyət o həddə çatıb ki, “Milli Şura”nın carçısı olan Sevinc Osmanqızı “YouTube” platformasındakı kanalında Ermənistanın işğalçı olmadığını sevinc hissləri ilə bəyan edir. S.Osmanqızının sözlərinə görə, işğalçı Ermənistanın baş naziri Nikol Paşinyan sabiq prezident Serj Sarkisyanla birgə Azərbaycanın Şuşa şəhərinə getdiyi üçün heç kim Ermənistanın başqa dövlətin suverenliyini pozduğunu deyə bilməz.

AXCP sədri Əli Kərimli isə Sevinc Osmanqızının kanalı vasitəsilə çıxış edərək sevinci yanaqlarından süzülə-süzülə deyir ki, “Azərbaycana qarşı qəbul ediləcək sanksiyaların ayaq səsləri eşidilir”. İstər S.Osmanqızının, istər Ə.Kərimlinin, istərsə də “Milli Şura”nın digər rəsmilərinin bu kimi fikirləri bu insanlarda milli-mənəvi dəyərlərin, milli məfkurənin aşınmaya məruz qalmasının bariz nümunəsidir. Nəzəri olaraq fərz edək ki, Azərbaycana qarşı hansısa sanksiyalar qəbul edildi. Lap onu da hesab edək ki, sanksiyalar humanitar sahələri deyil, hərbi sahəni əhatə edən sanksiyalar oldu. Bundan kim qazanacaq? Dağıdıcılar hakimiyyəti tənqid edəcəklər deyə Azərbaycan Ordusu müasir silahlarla təchiz edilə bilməyəcək, nəticədə Ermənistan hərbi baxımdan daha da güclənərək, yeni işğalçılıq arzularını həyata keçirməyə çalışacaq. Buna görə sevinmək, şəxsi maraqlar naminə Vətəni, milləti satışa çıxarmaq deməkdir.

Təbii ki, Prezident İlham Əliyevin beynəlxalq münasibətlər müstəvisində də uğurla həyata keçirdiyi siyasi kursu nəticəsində bütün dövlətlər Azərbaycanla münasibətlərə xələl gətirəcək qərarlar qəbul etmək deyil, münasibətlərini inkişaf etdirmək arzusundadırlar. Eyni ilə ABŞ-ın AXCP-Müsavat hakimiyyəti dövründə qəbul etdiyi “907-ci düzəliş”in ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində neçə illərdir dondurulduğu kimi...