KÖŞƏ

Vəli İlyasov

İşğalçıya sülh mükafatı?

21 sentyabr 2026 19:56
85

Ermənistanla sülhün əldə edilməsində və qorunub saxlanmasında Azərbaycan Prezidenti İlham Əliyevin apardığı ardıcıl siyasət bir çox xarici ölkələrdə təqdir olunur. Avropanın aparıcı ölkələrindən biri olan Almaniyada keçirilən təqdimat mərasimində bu fikir xüsusi vurğulanıb, lakin burada da ikili standarta və tərəfbazlığa yol verilib.

Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənubi Qafqaz və Qara Dəniz Əməkdaşlığı Departamentinin direktoru Niklas Vaqner Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanla sülhün qorunmasındakı rolunu xüsusi vurğulayıb. Almaniyalı diplomat bu barədə rəsmi bəyanatla çıxış edib.

Niklas Vaqner bildirib: "Bu gün Nikol Paşinyana Gessen sülh mükafatının təqdim edilməsi Ermənistan və Azərbaycan arasında gedən sülh prosesinin mühüm etirafıdır. Prezident Əliyevin iştirakı və rolu da əldə olunmuş bu tərəqqi üçün eyni dərəcədə əhəmiyyətli və vacib idi. Almaniya və Avropa İttifaqı Cənubi Qafqazda sülhü və sabitliyi dəstəkləməyə davam edir".

Necə “dəstəklədiklərini” isə biz hamıdan yaxşı bilirik, çünki Ermənistanın törətdiyi bəşəri cinayətlərin zərərdidəsi və şahidiyik. Bu, öz yerində.

Haqlı sual oluna bilər ki, bəs sülhün müəllifi Azərbaycan liderinə bu sülh mükafatı niyə verilmir. Qeyd edək ki, Almaniyanın Gessen parlamentində təşkil olunan mükafatlandırma mərasimində Ermənistanın baş naziri Nikol Paşinyan da çıxışında etiraf edərək Azərbaycan Prezidenti İlham Əliyevin bu mükafata eyni dərəcədə layiq olduğunu və sülhün bərqərar olunmasında tarixi rol oynadığını bildirmişdir.

Amma görünən odur ki, həmişə olduğu kimi, bu təqdimatda da saxtakarlığa yol verilib. Ermənistanın işğalı zamanı dağıdılan Azərbaycan kəndləri, minlərlə öldürülən azərbaycanlılar, bir milyona qədər insanın məcburi köçkün vəziyyətinə salınması, qəbristanlıqların və məscidlərin təhqir edilməsi və s. hərbi cinayətlər “unudulub.” Baş nazir Nikol Paşinyanın müdafiə naziri “yeni müharibə, yeni ərazilər” demirdimi? “Sülh göyərçini” belə olur?

Onlar bəyan etməli idilər ki, bəli, ortada işğal faktı, milyonlarla günahsız insanın iztirabı var və bunu da həyata keçirən Ermənistandır. Elə Nikol Paşinyanın da bu prosesdə müəyyən qədər qızışdırıcı rolu var. Bu faktları gizlətmək və ya kiçiltmək mümkün deyil.

2018-ci ildə populist şüarlar altında hakimiyyətə gələndən sonra bir dəfə də olsun sülh təşəbbüsündə olmayıb. Əgər Nikol Paşinyan həqiqətən də "sülh göyərçini" olsaydı, 2020-ci ilə qədər bunu sübut etmək üçün iki il vaxtı var idi. Baş nazirin işğal olunan torpaqları müharibəsiz əzəli sahiblərinə qaytarmaq şansı var idi və bu iki il ərzində o, bu şansdan istifadə etmədi. Əksinə, Azərbaycana qarşı təxribatçı bəyanatları, işğal altında olan Qarabağa səfərlər etməsi ilə yadda qaldı. Azərbaycan torpaqlarına səfər edib, “Qarabağ Ermənistandır” deməklə, hətta Şuşada Cıdır düzündə rəqs etməklə işğala dəstək vermiş oldu. Odur ki, Paşinyan saysız hərbi cinayətlət törətmiş ölkəsinin adından üzr istəməli olduğu halda, həyasızlıqla özünü sülh tərəfdarı kimi tanıtmağa cəhd edir, yəni növbəti erməni ikiüzlülüyü. Otuz il müddətində bir sıra ölkələr Ermənistanı sülhə dəvət etsələr də işğalı inadla davam etdirdi. Kərki kəndi və bəzi yaşayış məntəqələrimizdə yerləşdirilən ermənilər hələ getməyiblər.

İndi də baş nazirin çıxış edib sülh prosesində utanmazcasına özünü Azərbaycan Prezidenti ilə yanaşı qoyması tamamilə gülünc bir siyasi tamaşadır.

Başına dəmir yumruğun zərbəsi dəydikdən sonra həmin tədbirdə iştirak edənləri inandırmağa çalışıb ki, bölgədə gedən sülh prosesinə “töhfə” verib. Guya Almaniyada kimin işğalçı, kimin sülh tərəfdarı olduğunu bilən yoxdur? Əlbəttə, var. Açıq görünür ki, canavara quzu dərisi geyindirənlərin başqa məqsədləri var. Hiss olunur ki, onlar Nikol Paşinyanı şirnikləndirərək Ermənistandan bir alət kimi istifadə etməyə cəhd göstərirlər. Gessen mükafatının Ermənistana nəyə başa gələcəyini görəcəyik. Hələlik bu da olsun qəribəliklərlə dolu olan dünyanın eybəcərliklərindən biri. Belə çirkinliklərlə az qarşılaşmamışıq və bu qurama ssenarilər tanışdır. Bizə isə o qalır ki, bədxahların hər cür ağıla gəlməyən  anormal və gözlənilməz sərsəmləmələrinə qarşı daim sayıq və tədbirli olaq.