KÖŞƏ

Vəli İlyasov

Köçəryan həbsdə, Sarkisyana çıxış qadağası

28 avqust 2026 10:51
91

Xocalı cəlladı, Ermənistanın ikinci prezidenti Robert Koçaryan həbsə atılıb. Həm də siyasi əməllərinə görə deyil, yüksək vəzifədə olarkən dövlət əmlakını cinayətkarlıqla ələ keçidriyi üçün. İstintaqla müəyyən olunub ki, o, bir neçə iri dövlət mülkiyyətini özünün, oğlunun və yaxınlarının adına keçirib.

Avqustun 25-də hüquq-mühafizə orqanlarının əməkdaşları Robert Kocaryanın və onun oğlu Levonun evlərində axtarış aparıblar. Robert Koçaryan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb. Daha sonra Robertin böyük oğlu Sedrakın da saxlanıldığı açıqlanıb. Sedrakın barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə istintaq çərçivəsində “Orange Fitness” klubunda, “Play City” əyləncə mərkəzində, eləcə də onların direktorlarının mənzillərində istintaq və prosessual hərəkətlər aparılıb. Robert Koçaryanın ailəsi bu şirkətlərdə səhmlərə malikdir.

Ermənistan Baş Prokurorluğu yaydığı bəyanatda Robert Koçaryana qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda rüşvətxorluq, xüsusilə külli miqdarda çirkli pulların yuyulması ittihamları ilə açıq cinayət təqibinin başlandığı bildirilib. Digər keçmiş prezident Serjik Sarkisyan da rüşvətxorluq, çirkli pulların yuyulması və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinir. Onun ölkədən çıxışına qadağa qoyulub.

Özgə vaxtlar özünü əda ilə aparan, yekəxanalıq və zorbalıq edən Robert bu dəfə keçi kimi qulaqlanaraq layiq olduğu yerə göndərilib. “Dərisi beş qəpiyə” dəyməyən uşaq qatili bu dəfə səsini çıxarmayıb, dinməz-söyləməz düşüb qədərəsu (keşikçi polis) qabağına. Həmişə Koçaryanı canı-dildən müdafiə edən rəsmi Moskva və sifariş yerinə yetirən təbliğatçılar da lal olublar. Elə bil “qurbağanın gölünə daş atıblar.” Kimsə Roberti itirib-axtarmır, saxlanması ilə maraqlanmır.

Moskvanın susqunluğu da uzunmüddətli strategiyanın göstəricisi kimi qiymətləndirilə bilər. Nəhayət, indiyədək Ermənistanla ultimatum və təhdid dili ilə danışan Kreml bu ehtiyatla davranır, hədə dili ilə danışmır. Çox güman ki, bu dəfə Koçaryanı müdafiə etməklə baş nazir Paşinyana əlavə siyasi arqument vermək istəmir. Çünki belə bir müdaxilə Ermənistan hakimiyyətinin “Moskva daxili siyasətimizə qarışır” tezisini gücləndirə bilər, beynəlxalq mətbuatda Rusiyanın adı hallana bilər. Ona görə də Kreml daha ehtiyatlı davranır. Amma bu, Rusiyanın Ermənistanda baş verənlərə marağını itirməsi anlamına gəlmir. Əksinə, Moskva üçün Ermənistanın gələcək siyasi kursu hələ də mühüm geosiyasi məsələ olaraq qalır. Beləliklə, Köçəryanın saxlanılması bir şəxsin hüquqi taleyindən daha böyük siyasi prosesin göstəricisinə çevrilir. Paşinyan hakimiyyəti öz siyasi rəqiblərinə qarşı daha sərt xətt götürür, Moskva isə əvvəlki dövrlərdən fərqli olaraq dərhal siyasi müdaxilə etmək əvəzinə məsafəli müşahidə mövqeyi tutur. İndi Ermənistan siyasətində əsas sual təkcə Koçaryanın azad ediləcəyi, yaxud onunla bağlı hüquqi prosesin necə nəticələnəcəyi deyil. Robert Koçaryan artıq sıradan çıxarılmış bir fiqurdur. Üstəgəl də adı korrupsiyaya qurşanmaqda və milyonlarla dövlət əmlakını talamaqda çəkilir. Onu necə müdafiə etmək olar, hansı ağıllı adının onunla birgə çəkilməsinə gedər? Batan gəmini hamıdan birinci siçovullar tərk edər.

 Əsas sual budur ki, Paşinyan bu proseslərdən sonra daha güclü hakimiyyət quracaq, yoxsa Ermənistanda indiyədək ayrı-ayrı görünən müxalif qüvvələr onun qarşısında daha böyük siyasi cəbhəyə çevriləcək? Sualın ikinci hissəsinə müsbət cavab vermək mümkün deyil. Bütün ümidlərini parlament seçkilərinə bağlayan birləşmiş müxaliflər “burunlarının üstündə Paşinyanın yumruğunu” hiss edəndən sonra əvvəlki mübarizə əzmi öləziyib. Çünki Ermənistanın siyasi gələcəyini müəyyən edəcək əsas qarşıdurma məhz bundan sonra başlayır. Artıq Nikol Paşinyanın bütün rəqiblərindən həm güclü, həm də irəlidə olduğu şəksizdir.

Dinsizin öhdəsindən imansız gələr-deyiblər. Saymadıqları Nikol Paşinyan Koçaryanla Sarkisyanı danaboyun edərək zindana atacaq və axırlarına çıxacaq.