KÖŞƏ

Mahir Rəsuloğlu

Mən qaçıram, sən də qaç!

04 iyul 2023 20:15
8352

Zəlzələdə vəlvələ salanların menyüsünə...

İyulun 4-ə keçən gecə Azərbaycanda dünyanın bir çox ölkələrindəki, elə yaşadığımız ilin əvvəlində qardaş Türkiyədəki miqyasda və bal gücündə olmasa da zəlzələ baş verdi, yer əsas da canını hər şeydən üstün tutanları qorxudacaq dərəcədə titrədi. Vəssalam. Tanrı cəmi 4-5 saniyəlik sınağa çəkdi insanımızı. Paytaxtımızda zəlzəni çoxları hiss etməmişdi əslində. Heç həyət evlərində yaşayanların əksəriyyətinin, necə deyərlər, dünyadan xəbərləri də olmadı. Di gəl, bir həngamə qopdu ki. Telefonlarına sarılan insanların əksəriyyətinə bir anda vergi verildi elə bil. Hamı zəlzələşünas oldu, başqasına məsləhət verən, yeraltı təkanların təkrarlanacağını “elmi şəkildə” əsaslandırmağa çalışan mütəxəssisə çevrildi. Qorxu da ki, bir yandan. Kimi qınayasan, necə olsa da adı üstündədir – zəlzələ! Yalnız bu adın yaratdığı vahimə səbəbindən yer titrəməsindən dərhal sonra həyətlərə tökülüşən insanları başa düşmək olardı. Amma, ancaq və lakin...

Məlum oldu ki, bizim zəlzələ zamanı normal davranmaq problemimiz var. Allah daha güclüsü ilə təcrübədə yaşatmasın, ancaq belə hallarda nə etmək lazım olduğunu bilmək çox faydalıdır. Çoxumuz isə nə etmək lazım deyildisə elə onu etdik. Necə?

Əvvəla, aydın oldu ki, bir qismimiz həmin an ən mühüm qərarı verməkdə tərəddüd edirik: Qaçmaq, yoxsa qaçmamaq? Ya tez qaçmaq, ya arın-arxayın, bütün uzunmüddətli hazırlığını görüb evdən elə çıxmaq? Yəqin sizlərin də içinizdə, qonum-qonşunuzda, qohumunuzda təkandan sonra şkafları töküşdürüb özüylə götürmək üşün paltar seçənlər, qır-qızılını, pulunu gizlinclərdən çıxarıb etibarlı şəkildə yolçuluğa hazırlayanlar, hara qoyduğunu xatırlamadığı hansısa sənəd naminə ailə üzvləri arasında qırmızı xətlə axtarış elan edənlər yox deyildi. Bu nə yır-yığışdır belə? Yerin titrəməsindən az qala yarım saat keçib, telefonla danışdığım tanış deyir ki, əsas sənədlərdir, evdə sənədləri yığıb-toplamaqla məşğulam. Atam,ardaşım, anam,bacım, zəlzələ olduğunu hiss etdinsə qaç. Gözəgörünməzlə sən bütün işlərini yekunlaşdırana qədər gözləyəcəyinə dair müqavilə bağlamısan?

İnşallah, bu yazdıqlarımı oxumaz, 2000-ci il noyabrın 25-də Bakıda indikindən bir bal artıq zəlzələ olanda xalamın təzəcə əməliyyatdan çıxmış əri hamıdan qabaq özünü salmışdı xəstəxananın həyətinə. Vallah, bəzəmirəm söhbəti. İki-üç saat əvvəl incitməyək deyə yatağının üzünü dörd-beş nəfərlə köməkləşib dəyişəndə af-ufu dünyanı götürmüş müəllim arxası üstə uzandığından çilçırağın silkələnməsini hamıdan qabaq görüb yerindən bircə təkanla sıçramışdı. Xalam deyirdi kişiyə həyətdəki fəvvarənin yanında güclə yetişdim. Can şirin şeydir axı...

İkincisi, bizim evimizi zəlzələ yıxmasa da bu “deyirlər” söhbəti yıxacaq. Həyətə tökülüşən hər kəs deyirdi ki, deyirlər. İmkanın ola, tutasan bir-bir o “deyirlər ki” deyənlərin yaxasından, 3 ballıq zəlzələ təsirində silkələyib soruşasan: Ay qardaş, kim dedi? Haçan dedi? Nə bildi ki, dedi? O “deyən” elə bilirdisə hadisə baş verməmişdən qabaq niyə susurdu? Bu dar macalda özünü “ağıllı” göstərib onsuz da zəlzələdən qorxmuş insanları vəlvəyə salmaqda məqsədin nədir? Və daha neçə belə sualları verib ürəyini boşaldasan.

Hə, bir də hər yaranmış belə vəziyyətdən hansısa maraqları üçün istifadə etməyə çalışanlar da var ki, onları da Allaha tapşırıram. İnsanların qorxusunu, fəlakətini biznes və ya siyasi qazanc vasitəsinə çevirmək cəhdi hər şey bir yana, günahdır!

Zəlzələ təbii fəlakətdir, gücünü, təsirini dəyişmək, tənzimləmək imkanımız daxilində deyil. Necə deyərlər, Tanrının iradəsi qarşısında hər kəs acizdir. Ancaq gəlin, çalışıb yaranmış və ya yaranmaq ehtimalı olan fors-major zamanı təmkinimizi, ləyaqətli davranışımızı qorumağı bacaraq. Bunun artıq gözəgörünməzlə əlaqəsi yoxdur. Zatən zəlzələ və “zəlzələlər”, hörmətli Qurban Yetirmişli demiş, aftoşoklar bəs edir, vəlvələni də biz salmayaq.