KÖŞƏ

Vəli İlyasov

Kəsilmiş başlar üzərində demokratiya

17 dekabr 2024 00:12
289

Fransa kanaklara belə “azadlıq” gətirib

Kanak xalqına iki yüz ildən artıq cəhənnəm əzabı yaşadan Fransa müstəmləkəçiləri bu gün başqa xalqlara demokratiya dərsi keçməyə cəhd edirlər. Sual olunur ki, bəs zülm altında əzilən xalqlar öz cəlladlarına qarşı nə üçün mübarizə aparmayıb. Ancaq işğalın tarixi ilə maraqlansaq görərik ki, mübarizə aparılıb, ancaq qüvvələr nisbəti fərqli olduğundan müstəmləkə boyundurğu altında əzilən xalqlar məğlub olublar.

Beləliklə, ciddi müqavimət göstərə bilməyən Yeni Kaledoniya 1853-cü ildə Fransa imperatoru III Napoleon tərəfindən koloniyaya çevrilib. Əvvəllər Yeni Kaledoniyadan bir müddət sürgün yeri, həbsxana kimi istifadə olunub. Əvvəlcə oraya Avstraliya və Fransa ərazilərindən olan məhbuslar, 1864-1897-ci illərdə isə siyasi məhbuslar da daxil olmaqla 22 minə yaxın məhbus göndərilib. Bununla da yerli torpaqların getdikcə Fransız müstəmləkəçiləri tərəfindən işğal edilməsi güclənib. Fransızların axını regionda etnik tarazlığı dəyişdirib. Fransız köçkünlərin sayı artdıqca yerli kanak xalqı öz torpaqlarından sıxışdırılıb və başqa ərazilərə sürgün edilib.

Xatırladaq ki, adalar kəşf ediləndə burada təxminən 80 min yerli sakin yaşayıb. Fransızlar gəldikdən sonra yerli əhalini qula çeviriblər. Kanaklar əşya kimi Fransanın müxtəlif ərazilərində satılıb. Fransızlar buraya əsarət, insanlığa qarşı ağır cinayətlərlə bərabər, həm də özləri ilə qızılca və çiçək kimi xəstəliklər gətiriblər. Bu xəstəliklər dərmanlarla təchiz edilməyən yerli sakinlərin böyük hissəsini məhv etib. Nəticədə 1921-ci ildə adalarda cəmi 27 min kanak qalıb. 1864-cü ildə adalarda nikelin kəşfi kanaklara yeni müsibətlər gətirib. Fransa sənayedə çalışmaq üçün kənardan işçilər gətirib, kanakları istehsaldan kənarda saxlayıb. Bir sözlə, kanaklar daim təhqir olunmuş bir vəziyyətdə yaşayıblar. Nəticədə belə qeyri-insani münasibətə qarşı müxtəlif tayfaları birləşdirməyə nail olan lider Atainin başçılıq etdiyi üsyana səbəb oldu. Lakin o üsyan da amansızcasına yatırılıb.

Fransa zülmünə qarşı 1878-ci ildə başlayan növbəti üsyan zamanı 1200 nəfər qətlə yetirilib. Onların arasında Atai də vardı. Onun və silahdaşı Le Meşenin başı kəsilərək Fransaya gətirilib və Paris Təbiət Tarixi Muzeyində eksponat kimi nümayiş etdirilib.

Fransanın bu kimi barbarlıqları, tətbiq etdiyi ayrı-seçkilik, aşağı səviyyəli təhsil, səhiyyə xidmətləri və iqtisadi bərabərsizlik yerli sakinlərin adaları tərk edib başqa ölkələrə üz tutmaları ilə nəticələnib. Yeni Kaledoniya Sənaye və Ticarət Palatasının məlumatlarına görə, dərinləşən siyasi qeyri-müəyyənlik və iqtisadi tənəzzül səbəbi ilə cari ilin əvvəlindən indiyədək 6 min yerli sakin Yeni Kaledoniyanı tərk edib.

Göründüyü kimi, Avropanın mərkəzində yerləşən, özünü sivilizasiyanın beşiyi adlandıran Fransa müstəmləkə siyasətini davam etdirir.  Baxmayaraq ki,  Fransa hakimiyyəti söz və digər azadlıqlara sadiq olduğunu bəyan edir. Reallıqda isə onun əsarəti altında yaşayan xalqlar var. Əlbəttə, söhbət ilk növbədə Fransadan, Parisdən uzaqda, Sakit okeanda yaşayan Yeni Kaledoniya xalqından gedir. Fransa ona öz müqəddəratını təyin etmək, dövlət müstəqilliyini elan etmək imkanı tanımır. Yeni Kaledoniyanın Parisin əsarətindən qurtulub suverenlik qazanmaq yönündə bütün cəhdlərinin qarşısı qəddarlıqla alınır, hətta demək olar ki, o, ağır cəzalandırılır.

 Özünü "sülh göyərçini, xalqlara azadlıq, sərbəstlik gətirən lider" adlandıran Fransanın hazırkı prezidenti Emmanuel Makron bunu daha açıq şəkildə nümayiş etdirir. Prinsipcə bu, təkcə Yeni Kaledoniyaya münasibətdə belə deyil. Mərkəzi Afrikaya aid də belə misallar çoxdur. Mərkəzi Afrika dövlətləri formal cəhətdən, de-yure olaraq Fransanın koloniyası hesab olunmurlar, amma de-fakto onlar koloniya olaraq qalırlar. Fransa hakimiyyəti və oliqarxları həmin ölkələrin faydalı qazıntılarını talan edirlər. Onlar bu ölkələrin yalnız təbii sərvətlərini deyil, əhalisini də istismar edirlər. Yerli xalqlar yoxsulluq içərisində yaşamağa məhkum ediliblər. Fransa onların hesabına zənginləşməkdə davam edir. İstismar edilən yerli xalqlar isə mübarizəni bu gün də davam etdirirlər.

Fransanın paytaxtı Parisin mərkəzində, Eyfel qülləsinin önündə yerləşən Trokadero  İnsan Hüquqları Meydanında Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı və fransız müstəmləkələrinin müstəqillik hərəkatlarının üzvlərinin iştirakı ilə Dekolonizasiya Gününə həsr olunmuş etiraz aksiyası keçirilib. Aksiyada ”Kolonializmə son, azadlıq!”, ”Azadlıq üçün mübarizə aparaq!”, "Azad gələcək üçün birlikdə!", "Dekolonizasiya indi başlayır!", “Gəlin tarixi öz sözlərimizlə və öz mübarizəmizlə yenidən yazaq!”, "Torpaqlarımızı və tariximizi bizə geri ver!" kimi müxtəlif şüarlar səsləndirilib. Aksiyada Komor adalarını, Qvadalupeni, Fransa Polineziyasını, Reuniyonu, Yeni Kaledoniyanı, Sen Marteni, Korsikanı və Martinikanı təmsil edən müstəqillik hərakatlarının nümayəndələri iştirak ediblər. Aksiyaçılar 14 dekabr 1960-cı ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş 1514 nömrəli Qətnamənin yerinə yetirilməsi, eyni zamanda, beynəlxalq ictimaiyyəti və təşkilatları müstəmləkələrdəki cari vəziyyətə adekvat reaksiya göstərməyə çağırış ediblər.

Hazırda Fransa neokolonializminin nümunəsi Cənubi Qafqazda da müşahidə olunmaqdadır. Fransa faktiki olaraq Ermənistanı yeni koloniyasına çevirməkdədir. Ermənistan kimi özünə “ağa” seçəcəksə seçsin, bu, onun öz işidir. Tarix boyu kim “eşşək” olubsa ermənilər ona “palan” olublar. Şübhəsiz, bundan sonra da belə olacaq.