KÖŞƏ

Vəli İlyasov

Ermənilərin “qamas-qamas” torpaq çırpışdırmaları…

02 noyabr 2021 01:37
1418

Sərhədlərin müəyyən olunması məsələsi gündəmə gələndən ermənilərin yuxusu ərşə çəkilib. Sərhədlərin demarkasiyası və delimitasiyası erməni revanşistlərinin ən yaralı yeridir. Onlar başa düşürlər ki, köhnə xəritələr üzə çıxdıqca Ermənistan “qeybə” çəkilir. Axı, 1920-ci ilədək yer kürəsində bu adda dövlət yox idi. Ona görə də ermənilər sovet dövrü xəritələrindən dördəlli yapışıblar. Ancaq yenə də bir-birindən fərqli xəritələr peyda olur. Sual yaranır: Xəritələr və ərazilər necə dəyişə bilərdi?

Nikol Paşinyan parlamentdə bu suala da aydınlıq gətirib və deyib ki, məsələn, Sov. İKP Mərkəzi Komitəsinin plenumunda müttəfiq respublikalardan (yəni Azərbaycan və Ermənistan) birinin  “qardaş respublikanın” ehtiyaclarını nəzərə alaraq, hansısa otlaq sahəsinin digərinə verilməsi barədə müraciət edib və bu da qəbul olunub. Nəticə etibarilə xəritələr “dəyişdirilib”.

Bu, 1920-ci ildən başlayaraq, Azərbaycan ərazilərinin yenidən hissə-hissə Ermənistana verildiyinin erməni baş naziri tərəfindən dolayı etirafıdır. Çünki 1920-1991-ci illər arasında Ermənistanın Azərbaycana hansısa otlaq sahəsini və yaxud suvarmada istifadə üçün göl ərazisini verməsi ilə bağlı bircə fakt da yoxdur. Hər zaman Ermənistan həyasızlıqla ərazi “çırpışdırmaq” təşəbbüsləri ilə çıxış edib və Sovet hökumətinin təzyiqi ilə Azərbaycandan bəzi hallarda min hektarlarla ərazini əvvəlcə otlaq sahəsi kimi “müvəqqəti icarəyə” götürüb, daha sonra isə özünün “sərhədləri” daxilinə salıb.

Bolşevik Əliheydər Qarayevin Qarabağın Ermənistana verilməsi ilə bağlı təklifinə Nəriman Nərimanovun məşhur cavabı o zaman  bu hadisələrin pik nöqtəsi sayıla bilərdi. Vurğulamaq lazımdır ki, ermənilərin ayağı torpaqlarımıza dəyəndən Azərbaycandan ərazilər qoparıblar. Ancaq özlərinin gücü çatmayıb, Rus çarları və bolşevik Rusiyasının rəhbərləri bu işdə onların böyük yardımçısı olublar.

Bununla bağlı müxtəlif mənbələrə əsaslanan materiallar mövcuddur. Misal üçün, 1929-cu ilin fevralın 18-də Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin qanunsuz qərarı ilə Naxçıvanın 9 kəndinin və Kilit kəndinin örüş sahələri  Ermənistan SSR-ə verilib: Şərur nahiyəsinin Qurdqulaq, Xaçik, Horadiz, Şahbuz nahiyəsinin Oğbin, Sultanbəy, Ağxəç, Almalı, İtqıran kəndləri, Ordubad nahiyəsinin Qorçevan kəndi. Nəticədə Naxçıvanın ərazisi 6 min kvadratkilometr azalıb .Yalnız bir faktı göstərmək kifayətdir ki, bizdən qoparılan ərazilərin miqyası aydın görünsün. Hissə-hissə alınan torpaqlarımızın hesabına Ermənistanın ərazisi 9 min kilometrdən 29 min kvadratkilometrə çatdırılıb. “Uğurlu torpaq oğurluqları” erməniləri daha iştaha gətirib və onlar həyasızcasına Azərbaycanın bütün torpaqlarını heç vaxt mövcud olmamış “böyük Ermənistan”ın ərazisi kimi qələmə verməyə başlayıblar.

Hazırda Qazaxın Bağanis-Ayrım, Xeyrimli, Barxudarlı, Sofulu, Yuxarı Əskipara, Aşağı Əskipara, Qızıl Hacılı, Naxçıvanın Kərki kəndlərinin və s. Ermənistan ərazisində qalmasının səbəbi də budur. Qazaxın 7 kəndi ona görə Ermənistan ərazisinə düşmüşdü ki, o kəndlərin böyük torpaq sahəsi Ermənistana “otlaq sahəsi” kimi verilmişdi.

Son “qardaş payı” isə 1983-cü ildə olub. Həmin il böyük hissəsi Kəmərli kəndinin meşələri olmaqla, Əskipara dərəsi, Cəfərlinin üstü, Sofulu və Barxudarlı kəndlərini Qazaxa birləşdirən strateji yüksəkliklər də daxil olmaqla, ümumilikdə 3 min hektardan çox ərazi ermənilərə verilib. Məlumata görə o vaxt kəndlərin əhalisi buna ciddi etiraz edib. Azərbaycanın o vaxtkı rəhbərlərindən biri olan Şamil Rasizadə Noyenberyan rayonu tərəfdən ermənilərlə birgə Kəmərli meşələrinə gəlib. Kəmərli əhalisi isə Kəmərlinin mərkəzində onları təhqir edərək meydana bel-yaba ilə gəliblər.

 Müxtəlif təzyiqlərdən, kəndliləri “qızışdıranların” istintaqa cəlbindən  sonra nəhayət, Azərbaycan KP MK-nın birinci katibi Kamran Bağırov rayona gəlib və camaatdan belə bir xahiş edib ki, "O torpaqlar mütləq verilməlidir, çünki məni 8 saat Moskvada buna görə ayaq üstə saxladılar”.

Beləliklə, Kamran Bağırovla Ermənistan KP MK-nın birinci katibi Karen Dəmirçiyan Bala Cəfərli kəndinin ərazisində erməni restoranında torpaqların verilməsi barədə sənədi imzalayıblar. Eyni proses Qaragöl ərazisində də gedib. Qaragölün suyundan istifadə etmək istəyən ermənilərə əvvəlcə şərait yaradılıb, daha sonra ermənilər rayon rəhbərliyi ilə razılaşdıraraq, göldə balıq saxlamağa və ondan istifadə etməyə başlayıblar. Bir müddətdən sonra isə gölün bütün ərazisini istismar etdikləri üçün Ermənistan ərazisinə “qatıblar”. Buna qarşı da yerli camaat dəfələrlə çıxıb və toqquşmalar baş verib. Nəhayət, Qaragöl qoruq elan edilib və onun suyundan birgə istifadə haqda razılaşma imzalanıb.

Hətta Qərbi Zəngəzur Ermənistana “bağışlandıqdan” sonra da Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında quru əlaqəsi kəsilməmişdi. Lakin 1933-cü ilə qədər daha 9 kənd ermənilərə peşkəş edilib və nəticədə hazırkı vəziyyət yaranıb.

Nikol Paşinyanın parlamentdəki çıxışı bir daha sübut edir ki, hazırkı müzakirələrdə bu faktlar ortalığa qoyulub və Ermənistanın min hektarlarla oğurladığı ərazilərin geri qaytarılması tələb edilir.

Paşinyanın 1974-cü il xəritələrinə üstünlük verdiyi açıq-aşkardır. Çünki onun “xəritələr 100 faiz də olmasa, heç olmasa, 99 faiz Ermənistanın ərazisi haqda qanunla üst-üstə düşsün” sözləri və “otlaq sahəsi” məsələsini hallandırması 1983-cü il qanunsuzluğundan geri çəkiləcəklərinə işarə sayıla bilər.

Ancaq ən əsas məqam Ermənistanda hazırda qorxu ilə qarşılanan 1920-ci il xəritələridir. Paşinyan “heç olmasa, 99 faiz” deməklə, Azərbaycanın daha köhnə xəritələrlə sərhədlərin çəkilməsində israr etdiyini dolayısı ilə təsdiqləyir.

Əgər bu günlərdə Ermənistanda müzakirə edilən 1920-ci il xəritələri gündəmə gələrsə, Ermənistan Qərbi Zəngəzurdakı ən azı 9 kəndi də Azərbaycana qaytarmağa məcburdur. O kəndlərin qaytarılacağı təqdirdə isə Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən yol Azərbaycanın qanuni ərazisi olacaq. Ermənilərin on illərlə “qamas-qamas” siyasəti ilə çırpışdırdıqları bütün torpaqlar özümüzə qaytarılmalıdır. O torpaqlar bizim dədə-baba torpaqlarımızdır, hələ digərləri də…