KÖŞƏ

Vəli İlyasov

İran köhnəlmiş əqidə və silahlarla kimi hədələdiyini bilirmi?

20 oktyabr 2021 22:59
1107

Aqressiv ölkənin iki naziri Moskvadan əlləri ətəklərindən uzun qayıdıb

Azərbaycanla əsassız olaraq narazılıq yaradan İran rəsmiləri öz inadlarını davam etdirməkdədirlər. Hədə-qorxu ilə heç nəyə nail ola bilməyən bu ölkənin molla rejimi hərəkətə keçib. Onlar əlavə güc toplamaq, müasir silahlar və hərbi texnika almaq üçün ölkələr arasında vurnuxurlar.

Xeyli vaxtdır ki, İran Rusiyanın “S-400” hava hücumundan müdafiə sistemləri ilə maraqlanır. Türkiyənin bu sistemləri alması görünür, İranı da həvəsləndirib. Bundan əlavə, həm də Türkiyə ilə rəqabətdə ayaqlaşmağa çalışır.  Ancaq İran uzun illərdir ki, müraciət etsə də Rusiyadan bu silahı ala bilmir. Budur, onlar yenə də Moskvaya elçi gediblər. Rusiyanın son günlərdəki davranışı göstərir ki,  İrana yenə də “yox” deyiləcək. Çünki İrana qarşı ABŞ-ın sərt sanksiyaları var. Rusiya da bəzi məqamlarda bu sanksiyalara dəstək verib. Əgər Rusiya İrana öz müasir silahlarını satsa, bu, Vaşinqton-Moskva münasibətlərində gərginliyin artmasına səbəb olacaq. Bu isə Moskvaya lazım deyil və onun indiki xarici siyasətinə tamamilə ziddir.

Məlumdur ki,  İranın xarici işlər nazirindən sonra ordunun baş qərargah rəisi də Rusiyaya getdi. İran və Azərbaycan arasındakı gərginliyin artmasından sonra Tehrandan Moskvaya artan bu səfərlərin səbəbi nədir?

Son hadisələrlə İran öz maskasını yırtıb əsl sifətini göstərdi. Məlum hadisələrdən sonra isə Azərbaycanı təkləmək üçün addımlar atmağa başlayıb. İran buna Ermənistandan başladı və guya Zəngəzurun müdafiəsi üçün bu bölgəyə qoşun yeritmək istədi. Məqsədi bu idi ki, Zəngəzurun müdafiəsi ona tapşırılsın. Bu, o qədər bəsit bir fikir idi ki, siyasətdən azacıq bilgisi olan adam bunu ağlına belə gətirməzdi. Çünki bu, BMT Nimzamnaməsinə və beynəlxalq hüquq normalarına qətiyyən uyğun gəlməyən, həyasız bir xahiş idi. Təbii ki, o, Ermənistan tərəfindən dərhal rədd edildi. Eyni zamanda, Rusiyanın qətiyyən belə bir yerləşməyə icazəsi ola bilməz. Fransanın belə niyyətinin necə puça çıxdığını bəyəm iranlılar görmədilərmi? Ancaq eqoizmin boğduğu İran rəhbərləri “saman altından su yeriməklə” məşğuldurlar. Bütün bunlardan  sonra İranın xarici işlər naziri Əmir Hüseyn Abdullahian Moskvaya getdi. Moskvada Rusiyaya Cənubi Qafqazda birlikdə hərəkət etmək təklifini verdi və Azərbaycana qarşı mənfi  fikirlərini çatdırdı. Lakin görünən odur ki, Rusiya İranın yeni iddialarını qəbul etmir və bölgədə hadisələrin daha da gərginləşməsini istəmir. Buna görə də Abdullahianın verdiyi təkliflər rədd edilib. Rusiya onu da yaxşı başa düşür ki, İran kimi bir teokratik rejimlə dostluq mümkün deyil, çünki İran həmişə əlinə fürsət düşəndə dostlarına məkrli münasibət göstərir. Ona görə də analoqu olmayan rejimin ambisiyası Rusiyanı qətiyyən məmnun etmir.

Qeyd etməliyik ki, bundan bir qədər əvvəl İranın baş qərargah rəisi, Azərbaycan əsilli general Məhəmməd Bağıri Pakistanda olub. Pakistan rəsmiləri İranın Azərbaycana qarşı yolverilməz addımlarını baş qərargah rəisinin diqqətinə çatdırıblar.  İranın baş qərargah rəisi Pakistandan da əliboş geri dönüb. İndi Bağırinin Moskva səfəri siyasidən çox, alış-veriş səfəridir. İranın Azərbaycanla sərhəddə keçirdiyi təlimlər göstərdi ki, onun ordusunun sərəncamında olan silah-sursat həddindən artıq köhnədir. Məsələn, 1966-cı ildə istehsal edilmiş Amerika tankları, 1970-ci illərin sovet silahları və s. Bunlar üçüncü nəsil silahlar sayılır. İndi isə dünya, o cümlədən Azərbaycan ordularını beşinci nəsil silahları ilə gücləndirir.

İran nə qədər qolu güclü olduğunu iddia etsə də, gördü ki, ordusu haqqında yaratdığı təəssürat sabun köpüyündən başqa heç nə deyil. Nəhayət, ayılıb Azərbaycan Ordusunun arsenalında olan müasir silahları və hərbi texnikanı görəndən sonra başa düşüblər ki, yersiz hədə-qorxu gəlməklə yalnız özlərini aldadıblar. Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır və bunu 44 günlük müharibədə parlaq şəkildə göstərdi.