KÖŞƏ

Vəli İlyasov

Ritorik sualın açıq-aydın cavabı

12 avqust 2021 00:58
1240

Və yaxud Ermənistan nə üçün KTMT-ni öz avantürasına cəlb edə bilmir?

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zasın rəhbərlik etdiyi nümayəndə heyəti bir neçə gündür ki,  Ermənistandadır. Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, onun səfərinin gündəliyində olan əsas məsələlər Ermənistanın hərbi və siyasi rəhbərliyi, xüsusən də baş nazir Nikol Paşinyan, xarici işlər nazirinin səlahiyyətlərini yerinə yetirən Armen Qriqoryan və müdafiə naziri Arşak Karapetyanla görüşlərdir.

Stanislav Zas Ermənistanda yaranmış vəziyyəti müzakirə etməklə bərabər, eləcə də Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyasına hazırlıq işləri mövzusunda fikir mübadiləsi aparıb. Ermənistan XİN-in məlumatına görə, Armen Qriqoryan artıq Stanislav Zasla görüşüb, sərhəddəki vəziyyəti müzakirə ediblər.

Stanislav Zas daha sonra Təhlükəsizlik Şurasının Ermənistan ofisinin rəhbəri Hayk Petrosyanla da görüşüb. Təhlükəsizlik Şurasının ofisinin məlumatına görə, Ermənistan-Azərbaycan sərhədində hökm sürən vəziyyət, son olaylar,  sərhədlərin  dinc yolla müəyyən edilməsində KTMT-nin  mövcud mexanizmlərinin istifadə edilməsi imkanları müzakirə olunub. Ancaq Ermənistan bu təşkilatın fəaliyyətini məqbul hesab etmir və vəziyyəti öz xeyirlərinə dəyişməyə cəhd göstərir.

Beləliklə, görüşlərdən də aydın olur ki, KTMT-nin baş katibinin Ermənistana səfəri sərhəddəki vəziyyətin gərginləşməsi, bu dövlətin KTMT-yə etdiyi müraciətin yenə də nəticəsiz qalması şəraitində baş verir. Yəni, Ermənistan rəhbərliyi bu təşkilatı öz iddialarının baş tutmasına qoşa bilmir.
Xatırladaq ki, əvvəllər rəsmi İrəvanın müraciətindən bir ay yarım sonra KTMT-nin baş katibi bildirmişdi ki, Ermənistanın cənubunda vəziyyətin ağırlaşması iki ölkə arasında “sərhəd insidenti”dir və onun həlli təşkilatın nizamnamə müddəalarına uyğun gəlmir. Bu cavabı isə İrəvanda başqa cür şərh edirlər. Tanınmış erməni nəşrlərindən biri yazır ki, bu strukturda əsasən Azərbaycanla dostuq münasibətində olan dövlətlər yer alıb. Daha sonra sual olunur ki, Rusiyanın başçılıq etdiyi hərbi ittifaqın baş katibinin Ermənistana səfəri KTMT-nin mövqelərində vacib dəyişiklik edə bilərmi?  Müəllif cavabını da özü belə verir ki, bu günə qədər təşkilatda Ermənistan dövlətinin maraqlarının müdafiəsinə tamamilə laqeydlik nümayiş etdirilib. Bu, ritorik sualdır, cavabı tamamilə açıq-aydındır.

Bu strukturun üzvü olan dövlətlərin rəhbərləri Azərbaycana və onun Prezidentinə qarşı aşkar isti dostluq münasibətləri saxlayırlar. Deməli, Zasın səfəri əsasən bu sahədə olan məsələlərin müzakirəsinə, yəni bir neçə gün bundan öncə Paşinyan tərəfindən edilən KTMT-nin monitorinq missiyasının həyata keçirilməsi təklifinə yönəlib, - deyə nəşr yazıb.

Stanislav Zasın İrəvanda müzakirələr apardığı bir məqamda Rusiya və Azərbaycan xarici işlər nazirləri Sergey Lavrov və Ceyhun Bayramov telefon danışığında üçtərəfli bəyanatların həyata keçirilməsi məsələlərinə və Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə toxunublar. Rusiya XİN-in məlumatına əsasən, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar bəyanatlarının həyata keçirilməsinin müxtəlif aspektləri, eləcə də Ermənistan-Azərbaycan sərhədində vəziyyətin normallaşdırılması yolları ətrafında əsaslı fikir mübadiləsi baş tutub. Regiondakı iqtisadi və nəqliyyat əlaqələrini bərpa etmək baxımından Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərinin həmsədrliyi ilə üçtərəfli işçi qrupunun fəaliyyətini mümkün qədər yenidən başlatmağın vacibliyi vurğulanıb.

Bununla da Ermənistanın KTMT-yə bağladığı ümidləri boşa çıxıb. Rusiyanın və KTMT-nin məsələlərə münasibəti onu göstərir ki, Ermənistan özünü məğlub tərəf kimi aparmalı, “sağa-sola qaçmamalı”, 10 noyabr Bəyanatında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Başqa yolların sonu dalana dirənəcəkdir.