03 fevral 2021 15:42
1598

Qələbəmiz qarşıdakı illərdə sistemli və davamlı islahatlarla yeni imkanlara çevriləcək

Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı  ilə  “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsində məqsəd  yeni strateji dövrdə qarşıda dayanan  məqsədlərə nail olmaq, bunun üçün uyğun siyasət və islahatlar çərçivəsini formalaşdırmaqdır

Hər dövrün öz tələbləri vardır. Zamana və dövrün tələblərinə uyğun olaraq təkmilləşmə islahatların davamlılığını, inkişaf strategiyasının təkmilləşdirilməsini bir zərurətə çevirir. 2003-cü ildən başlanan yolun mahiyyəti bundan ibarət idi ki, dövlətimizin başçısı İlham Əliyev ölkənin innovasiya texnologiyaları əsasında ümumi modernləşdirilməsinə yönəlmiş dövlət idarəçilik sistemini reallaşdırmağa başladı. «Neft kapitalını insan kapitalına çevirək» tezisini irəli sürən cənab İlham Əliyev, eyni zamanda, təhsilin, elmin və iqtisadiyyatın vəhdətinin yaradılmasının vacibliyini diqqətə çatdırdı. Bu reallıq da  xüsusi qeyd edildi  ki, Azərbaycan dövləti sosial-iqtisadi inkişafı hər zaman demokratikləşmə prosesi ilə paralel şəkildə həyata keçirir.  Dövlətimizin başçısı İlham Əliyevin dünya təcrübəsinə istinadən qeyd etdiyi kimi, iqtisadi yüksəlişi olmayan cəmiyyətdə demokratik meyarların inkişaf tapması mümkün deyil. Eyni zamanda, demokratik prinsiplərin prioritet olmadığı dövlətlərdə əsaslı sosial-iqtisadi nailiyyətlərdən danışmaq qeyri-mümkündür. Bu mənada Azərbaycanın inkişaf modeli nümunə göstərilir. İqtisadi və siyasi islahatların vəhdətliyinin qorunması fonunda Azərbaycanın hərtərəfli inkişafına yönələn kompleks tədbirlər həyata keçirilir. Aparılan kompleks islahatlar ölkəmizə dünyada ən islahatçı ölkə imicini qazandırıb.

Son 17 ildə Azərbaycanın dayanıqlı inkişafın təmin edilməsi istiqamətində atdığı addımlar əldə olunan uğurlu nəticələrdə öz əksini tapıb.  Prezident  İlham Əliyev ilk olaraq iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasının prioritetliyini açıqladı. Bu məqsədə uyğun olaraq ilk addım 24 noyabr 2003-cü il tarixli «Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi haqqında» Fərmanın imzalanması oldu. Həmçinin regionların malik olduğu imkanlardan səmərəli istifadəni təmin etmək məqsədilə növbəti Sərəncam regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının təsdiqlənməsi ilə bağlıdır. Artıq bugünədək 3 Dövlət proqramı uğurla icra edilib və dördüncü sənədin icrası davam edir. Regionlarla yanaşı,  Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət proqramları qəbul olundu və uğurla icra edildi.  Bu sənədlərin uğurlu icrası nəticəsində iki milyondan artıq yeni iş yeri yaradılıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, yeni iş yerlərinin yaradılması regionların inkişafı, qeyri-neft sektorunun inkişafı deməkdir. Bu gün böyük inam hissi ilə qeyd edə bilərik ki, paytaxt və bölgələrimiz arasında fərq aradan götürülmüş, hər bir rayon, kənd, qəsəbə özünün inkişaf dövrünü yaşayır. Rayonlar arasında sağlam rəqabət gedir. İrəli sürülən təşəbbüslər xalq tərəfindən dəstəklənir, rəğbətlə qarşılanır. Bölgələrdə, kənd və qəsəbələrdə müasir infrastrukturun yaradılması bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi olan sahibkarlığın inkişafına geniş imkanlar açır.

Hər zaman bu reallıq önə çəkilir ki, ölkəmizdə iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması qarşıya çıxan hər bir çətinliyin aradan qaldırılmasında stimulverici amil rolunu oynayır. 2008-ci ildən başlanan və nəticələri hələ də bəzi ölkələrdə hiss olunan iqtisadi və maliyyə böhranını Azərbaycanın çox az hiss etməsi, eyni zamanda, ötən ildən dünyanı cənginə alan koronavirus infeksiyası ilə mübarizə sahəsində ölkəmizin ortaya qoyduğu təcrübə də deyilənlərin təsdiqidir. Azərbaycan təcrübəsində insanların sağlamlığının qorunması ilə yanaşı, dayanıqlı inkişafın təmin edilməsi, sosial dəstək proqramlarının uğurlu icrası əsas yer tutur. Azərbaycanın pandemiya ilə mübarizə dövründə 30-dan artıq ölkəyə humanitar yardım göstərməsi, hətta vaksinlərin alınması ilə bağlı dünyaya kasıb ölkələrə kömək etmək üçün çağırışlar etməsi də qlobal problemi birgə aradan qaldırmaq istəyini ortaya qoymaqla yanaşı, ölkəmizin iqtisadi və sosial imkanlarının təqdimatı oldu.  

Bir əsas məqamı da qeyd edək ki, şəffaflıq kriteriyaları üzrə nümunəvi qurum kimi dəyərləndirilən Dövlət Neft Fondunun vəsaitləri hesabına mühüm sosial-iqtisadi layihələr həyata keçirilir ki, bu da ölkənin hərtərəfli inkişafına stimuldur. 2003-cü ildə Dövlət Neft Fondunun vəsaitləri 800 milyon dollar təşkil edirdisə, 2021-ci ilin yanvarın 1-ə olan məlumata görə,  43 milyard dollardan artıqdır. Ölkə iqtisadiyyatına qoyulan investisiyanın həcmi 270 milyard dollara çatıb.  Valyuta ehtiyatlarımız 52 milyard dollara yaxındır.

Qeyri-neft sektorunun inkişafına geniş imkanlar açan enerji sektorunda da davamlı uğurlara imza atılıb. Son 17 ilin bu sahədə əldə edilən uğurlarına  diqqət yetirsək görərik ki, Azərbaycan dünyanın enerji xəritəsini yenidən tərtib edib.  2006-cı ildə BTC neft, 2007-ci ildə BTƏ qaz kəmərlərinin reallığa çevrilməsi, 2017-ci ilin oktyabrında Azərbaycanın tranzit imkanlarının təqdimatında əhəmiyyətli rol oynayan BTQ dəmir yolunun istifadəyə verilməsi,  növbəti illərdə çoxtərəfli əməkdaşlığın formalaşdırılması,  regional çərçivədə başlayan əməkdaşlığın coğrafiyasının genişlənməsi diqqətdən kənarda qalmır.  2017-ci ildə “Yeni əsrin müqaviləsi” imzalandı, 2018-ci ildə Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu, onun əsas seqmentlərindən olan  TANAP istifadəyə verildi. 2020-ci ilin dekabrın 31-də isə Cənub Qaz Dəhlizinin son tərkib hissəsi olan TAP istismara verildi.  

Ölkəmizin iqtisadi tərəqqisi güclü sosial siyasətlə tamamlanır.  Dövlətimizin siyasətinin əsasında Azərbaycan vətəndaşı dayanır. Əvvəldə də qeyd etdiyimiz kimi, dövlətimizin başçısı İlham Əliyev ölkə həyatının bütün sahələrində islahatlar strategiyasını seçib. 2003-cü ildən yeni keyfiyyətlə davam etdirilən sosial siyasət nəticəsində Azərbaycan dünyada ən sürətli templərlə inkişaf edən ölkələrdən biri oldu. Azərbaycan həyata keçirilən uğurlu, təkmil sosial-iqtisadi islahatları ilə beynəlxalq aləmdə qazandığı sosial dövlət imicinə yeni əlavələr etdi. İnkişafın Azərbaycan modeli artıq özünü təsdiqləmiş, müsbət təcrübə kimi öyrənilir. «Bizim keçdiyimiz yol inkişafda olan, yaxud da ki, çətinliklər içində yaşayan bəzi ölkələr üçün bir işıq yoludur» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan beynəlxalq aləmdə də ən böyük zirvələrə çata bilmişdir.

O da məlumdur ki, dövlətimizin başçısı İlham Əliyevin 29 dekabr 2012-ci il tarixli Fərmanı ilə təsdiqlənmiş  «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası, həmçinin 12 istiqaməti əhatə edən Strateji yol xəritələri hazırlanaraq uğurla icra edilir. Məqsəd ölkənin hərtərəfli inkişafına nail olmaq, əhalinin sosial müdafiəsini gücləndirməkdir. İnkişaf Konsepsiyasında yer alan əsas hədəflər Azərbaycanın inkişaf etmiş ölkələr sırasında addımlamasına, həmin dövrə qədər üç dəfədən çox artan ümumi daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaq, eyni zamanda, Azərbaycanı yüksək gəlirli ölkəyə çevirmək idi. Konsepsiyanın imzalanmasından bu günə atılan addımlara, əldə olunan sosial-iqtisadi göstəricilərə diqqət yetirmək kifayətdir. Azərbaycanın inkişaf etmiş ölkələr sırasında addımlaması artıq reallıqdır. Aparılan islahatlar, həyata keçirilən onlarla Dövlət proqramlarının tətbiqi ilə ölkəmizdə  yoxsulluq və işsizlik 5 faizə enib. Müqayisə üçün qeyd edək ki, 2003-cü ildə yoxsulluq səviyyəsi 49 faiz idi. Bazar iqtisadiyyatı prinsiplərinə əməl olunan Azərbaycanda aztəminatlı ailələrin sosial müdafiəsinin etibarlı təminatı üçün addımların atılması insanların yaşayış tərzini xeyli yaxşılaşdırmışdır. Sosial ədalət prinsipinə sadiq qalan ölkəmizdə əməkhaqqı islahatları davamlı proses kimi daim diqqətdə saxlanılır. Cənab İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində iqtisadi tərəqqinin insanların gündəlik həyatında öz əksini tapacağını, əməkhaqqının, pensiyanın ildə ən azı iki dəfə artacağını bildirmişdi. Bu vəd də konkret əməli işdə öz təsdiqini tapıb. Ölkə Prezidentinin bütün çıxışlarında bu tezis önə çəkilir ki, atılan bütün addımların əsasında vətəndaş amili dayanır. Həmçinin iqtisadi tərəqqi yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapır.

Bu məsələlərə kompleks yanaşmanı tələb edən Prezident İlham Əliyev sosial, ciddi xarakterli digər problemlərin həllini də vacib hesab edir. Dövlət başçısı İlham Əliyev mütəmadi olaraq bölgələrə səfər edir, ictimaiyyət nümayəndələri ilə görüşləri zamanı təklifləri bilavasitə onların özündən öyrənir. Ölkə Prezidenti ilk növbədə rayonlarda  infrastrukturun yaradılması, yolların çəkilməsi, təhsil, səhiyyə, mədəni-məişət obyektlərinin inşası ilə bağlı istəklərə başlıca tələb kimi diqqətlə yanaşır. «Hər bir dövlət məmuru öz xalqına xidmət etməlidir» söyləyən Prezident İlham Əliyev bildirir ki, vəzifəli şəxslər insanlara qulluq etməli, təvazökar olmalı, borcunu şərəflə yerinə yetirməlidir. Dövlətimizin başçısı İlham Əliyevin bugünlərdə Azərbaycan Televiziyasına müsahibəsində məmurların qarşısında qoyduğu tələblər də yeni dövrün reallıqlarına uyğun addımların atılmasına xidmət edir.  Ölkədə korrupsiya və rüşvətxorluq hallarına qarşı davamlı mübarizənin gücləndirilməsi, sistem xarakterli islahatların aparılması Prezident İlham Əliyevin siyasi iradə və qətiyyətinin təzahürüdür. Təkcə son iki ildə həyata keçirilən sosial paketlərə diqqət yetirmək kifayətdir. 2019-cu ildə 4,2 milyon insanı əhatə edən sosial paket onların sosial müdafiəsinin gücləndirilməsini təmin etdi. Ötən il pandemiya ilə mübarizə dövründə reallaşan sosial dəstək proqramları da   Azərbaycanın sosial dövlət imicinə yeni əlavələr etdi. Qaçqın və məcburi köçkünlərin, müharibə veteranlarının, əlillərin sosial rifahının təmin edilməsi istiqamətində də davamlı addımlar atılır.  Bu diqqət və qayğı bir daha təsdiqləyir ki, cənab İlham Əliyev hər bir vətəndaşın Prezidentidir, onun yanındadır. Problemli kreditlərin həlli, hündürmərtəbəli binalarda mənzillərin sənədləşdirilməsi ilə bağlı imzalanan sənədlər, təbii fəlakət, yanğın baş verən zaman vətəndaşlara dəymiş ziyanın dövlət tərəfindən ödənilməsi və sair kimi addımlar da deyilənlərin təsdiqidir. Dövlətimizin başçısı İlham Əliyevin jurnalistlərə ilk müsahibəsində söylədiyi bu fikirləri xatırlatmaq istərdik: «Əminəm ki, Azərbaycan xalqının dəstəyi ilə qarşıda duran bütün vəzifələri ləyaqətlə yerinə yetirəcəyəm. Demişəm, Azərbaycan xalqı görəcək ki, mən Azərbaycan üçün, xalqımız üçün yaxşı Prezident olacağam.»

Azərbaycan bütün sahələrdə təcrübəsi ilə nümunə oldu. Yeganə problemimiz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi idi ki, o da dövlətimizin başçısı İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü,  xalqımızın birliyi sayəsində həll olundu, işğala son qoyuldu, doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımız Böyük Qayıdışı gözləyir. Azərbaycanın regionda yaratdığı yeni reallıqlar yeni hədəfləri ortaya qoymaqla onların vahid icra mexanizminin müəyyənləşdirilməsini zərurətə çevirir. 2021-ci il Azərbaycanın həyatında quruculuq və bərpa dövrü kimi xarakterizə olunacaq. Artıq işğaldan azad edilmiş ərazilərimizdə  yeni idarəetmə institutunun yaradılması ilə bağlı addımlar atılıb. Yeni dövrün reallıqlarına uyğun inkişaf strategiyasının qəbuluna və icrasına böyük ehtiyac var. Dövlətimizin başçısı İlham Əliyevin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi də  yeni strateji dövrdə qarşımızda dayanan məqsədlərə nail olmaq, bunun üçün uyğun siyasət və islahatlar çərçivəsini formalaşdırmaq məqsədi daşıyır. Sənəddə də qeyd olunduğu kimi, son 17 ildə artan iqtisadi gücümüz  Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarını dəyişdirməyə qadir böyük layihələrin təşəbbüskarı olmaq imkanı vermişdir. Bütün bunlar Azərbaycanın regionda iqtisadi rolunu yüksəltmiş, xarici təsirlərə davamlı olmasına və müstəqil dövlət kimi suverenliyinin bərpasına möhkəm zəmin yaratmışdır. Bu nailiyyətlər torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpası ilə nəticələnən tarixi Qələbəyə transformasiya olundu. Əldə edilmiş Qələbə qarşıdakı illərdə sistemli və davamlı islahatlarla yeni imkanlara çevriləcək. Həyata keçirilən sosial-iqtisadi quruculuq və ərazi bütövlüyünün təmini uzunmüddətli dövrdə Azərbaycanın daha keyfiyyətli inkişaf mərhələsinə keçməsinə, sürətlə inkişaf edən, yüksək rifaha malik lider dövlət olmasına möhkəm əsaslar yaratmışdır. Azərbaycan  postpandemiya və postmüharibə dövründə keyfiyyətcə yeni olan və 2021-2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olur.  Bir sözlə, qlobal iqtisadi reallıqlar, eləcə də yeni inkişaf mərhələsində qarşıya qoyulmuş məqsədlər ölkənin uzunmüddətli inkişaf vektorunun, əsas sosial-iqtisadi inkişaf istiqamətlərinin və buna uyğun milli prioritetlərin müəyyən olunmasını tələb edir.

Göründüyü kimi, dövrün, zamanın tələbi əsasında təsdiqlənən Dövlət proqramlarının, İnkişaf strategiyalarının icrasının uğurlu sonluqla başa çatması digər sənədin qəbulunu zərurətə çevirir. Bu, bir daha onu göstərir ki, dövlətimizin başçısı İlham Əliyevin qarşıya qoyduğu məqsədə uyğun olaraq Azərbaycan əldə etdiyi uğurlarla kifayətlənmir, daim irəliyə baxır.

Yeganə Əliyeva, «İki sahil»