11 sentyabr 2026 18:14
118

Qarabağımız, Şərqi Zəngəzurumuz dirçəlişi ilə dünyanın diqqət mərkəzindədir

Azad edilmiş ərazilərimizin beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi, həmçinin Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin bu torpaqlara səfərləri şanlı Qələbəmizin  reallıqlarının təsdiqi və təqdimatıdır

Tarixi Zəfərimizin yaratdığı reallıqlar əsasında diqqətdə olan mühüm məqamlardan biri  azad edilmiş ərazilərimizin beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi, həmçinin  Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin, xarici qonaqların  mütəmadi səfərləri, həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq və inkişaf prosesi çərçivəsində reallaşdırılan sosial,  iqtisadi infrastruktur layihələri, eləcə də tarixi-mədəni irs nümunələrinin mövcud vəziyyəti, onların qorunması, bərpası istiqamətində görülən tədbirlərlə tanışlıqdır. Təbii ki, bu kimi addımlar şanlı Qələbəmizin  reallıqlarının təsdiqinə və təqdimatına xidmət edir. Bu torpaqların sahibi Azərbaycan xalqıdır, tarixi Zəfərin ilk günündən başlanan bərpa-quruculuq işləri dünyaya  mühüm çağırışları  təqdim edir.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə sentyabrın 11-də  Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin  Qarabağ və Şərqi Zəngəzura ikigünlük səfərlərində 58 ölkəni və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərdən ibarət heyətin iştirakı bu torpaqlarda görülən işlərə, həmçinin 30 illik işğal dövrünün reallıqlarına böyük marağın göstəricisidir. Səfər çərçivəsində diplomatik korpusun nümayəndələri Prezident İlham Əliyevin rəhbərliyi ilə Xankəndi və Şuşa şəhərlərində, Ağdərə və Kəlbəcər rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərini yaxından görmək imkanı qazanırlar. Bu, diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə 2020-ci ildən etibarən sayca 22-ci səfəridir.

Bugünədək azad Şuşa, Laçın, Ağdam, Zəngilan, Xankəndi bu  tədbirlərə ev sahibliyi etməklə tarixi Zəfərimizin yaratdığı yeni reallıqların təqdimatında, bu məkanlardan  günümüzün əsas çağırışlarının səsləndirilməsində əhəmiyyətli rol oynayır. Qeyd etdiyimiz kimi,  tarixi Zəfərimizin yaratdığı reallıqlardan biri azad edilmiş torpaqlarımızda  genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirilməsi, soydaşlarımızın öz doğma yurd-yuvalarına mərhələ-mərhələ qayıdışı, bu məkanlarda yeni həyatın başlanmasıdır. Hazırda Füzuli, Laçın, Kəlbəcər, Cəbrayıl, Ağdam, Şuşa, Xocalı, Xankəndi, Xocavənd,  Zəngilan şəhərləri sakinlərinə qovuşub. Bu, təbii ki, son deyil. Tarixi Zəfərimizdən ötən 6 ildə  belə genişmiqyaslı bərpa-quruculuq işlərinin görülməsi bu torpaqlara gələn hər kəsi heyrətləndirir. Onu da qeyd edək ki,  2023-cü ilin sentyabrında  həyata keçirilən bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa edilməsi ilə  Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda Azərbaycan Bayrağının dalğalanması, həmin ilin noyabrında Xankəndi şəhərində Vətən müharibəsində əldə edilmiş Zəfərin üçüncü ildönümünə həsr olunmuş hərbi  paradın  keçirilməsi və sair kimi mühüm hadisələr də Zəfərdən-Zəfərə doğru addımlayan Azərbaycanın gücünün, qüdrətinin, ədalətə və beynəlxalq hüquqa söykənən mövqeyinin təqdimatı oldu.  Dövlət başçısı İlham Əliyev həmin paradda bir daha bəyan etmişdi ki, mən bu 20 il ərzində heç vaxt şübhə etmirdim ki, bu gün gələcək və Xankəndi şəhərində Azərbaycan Bayrağı altında hərbi parad keçiriləcək.

2024-cü ilin fevralında müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində prezident seçkiləri keçirildi. Dövlət başçısı İlham Əliyevin  prezident seçkilərində ailə üzvləri ilə birlikdə  Xankəndi şəhərində səs verməsi tarixi Zəfərimizin qürurverici reallıqlarından oldu. Bu gün azad edilmiş torpaqlarımız quruculuq meydanına çevrilib. Müasir tələblər səviyyəsində həyata keçirilən bərpa işlərinin miqyası ölçüyəgəlməzdir. Azad Ağdamda, Zəngilanda və Xankəndidə  keçirilən Azərbaycan Milli Şəhərsalma forumları ölkəmizin bu sahədə  təcrübəsinin beynəlxalq ictimaiyyətə təqdimatında əhəmiyyətli rol oynadı. Azərbaycanın zəngin şəhərsalma təcrübəsi, eyni zamanda, bu il Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına  ev sahibliyini də şərtləndirdi. Suverenliyimizin bərpasından ötən üç ildə  görülən işlərin bariz nümunəsi Xankəndi şəhərinin artıq  diplomatik mərkəz kimi dünyanın diqqətində olmasıdır. Ötən il  Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO)  üzv ölkələrin liderləri bir araya gəldilər.  Xankəndidə baş tutan 17-ci sammitlə yanaşı, Ağdamda Gənclər, Şuşada Biznes və Laçında Qadınlar forumları keçirildi. Sammitin Xankəndidə keçirilməsi özündə mühüm çağırışları ehtiva etdi. 13 ölkə liderinin iştirak etdiyi  tədbirdə bölgənin gələcəyi ilə bağlı çox önəmli müzakirələr aparıldı.  Azərbaycanın ECO-da fəal rolu və təşkilatın məqsədlərinə verdiyi dəstək bu Zirvə toplantısının uğurlu keçməsinə zəmin yaratdı.  Onu da qeyd edək ki, Prezident İlham Əliyevin 12 iyun 2025-ci il tarixli «Şuşa şəhərinin 2026-cı il üçün “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən,  Şuşa şəhəri İslam Əməkdaşlıq Təşkilatının turizm paytaxtı elan edildi. Sənəddə qeyd olunduğu kimi, 2023-cü il oktyabrın 5-də İran İslam Respublikasının Ərdəbil şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirlərinin 5-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2026-cı il üçün “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” elan edilmişdir. Bu qərar Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan Şuşaya xüsusi ehtiramın ifadəsidir və üzv dövlətlər arasında turizm sahəsində əməkdaşlığın daha da genişlənməsində özünəməxsus rol oynayacaq. Şuşa, eyni zamanda, Azərbaycanın,  Türk dünyasının, İslam dünyasının mədəniyyət paytaxtı elan edilib.

Xankəndidə keçirilən  Zirvə toplantısı Azərbaycanın əməkdaşlıq məkanı kimi mövqeyini möhkəmləndirməklə yanaşı, Qarabağın  diplomatik mərkəzə çevrildiyini bir daha təsdiqlədi. Xankəndi Zirvə görüşü Azərbaycanın yüksək səviyyədə həyata keçirdiyi tədbirlərdən biri oldu. Artıq üzv dövlətlərdən Türkiyə, Özbəkistan, Qırğızıstan və Qazaxıstan bərpa-quruculuq işlərinə öz töhfələrini veriblər. Göstərilən dəstək Türk dünyası  birliyinin, həmrəyliyinin dünyaya nümayişi oldu. Artıq bu torpaqlarda  30 illik işğal dövrünün dağıntılarını müasir tələblərə uyğun bərpa işləri əvəzləyir. Bu torpaqlarımız sülh, dayanıqlı inkişaf və  əməkdaşlıq üçün platformadır.  Bu gün tarixi sahibinə qovuşan torpaqlarımızın yaşadığı çal-çağırlı, xoşbəxt günlərdən qürurluyuq. Azad Qarabağ və Şərqi Zəngəzur bundan sonra da qonaqlarını qarşılayaraq özünün xoşbəxt, sevincli günlərini yaşayacaqlar.

Bunları qeyd etməyimiz səbəbsiz deyil. Yazının əvvəlində Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağa və Şərqi Zəngəzura səfərləri çərçivəsində Xankəndidə, Şuşada, Ağdərədə və Kəlbəcərdə görülən işlərlə tanış olduqlarını qeyd etdik. Xankəndi ilə yanaşı, Şuşada, Kəlbəcərdə görülən işlərin miqyası bu şəhərlərin sakinlərinə qovuşmasında özünün aydın ifadəsini tapir. Elə bir günü yoxdur ki, Şuşa şəhəri qonaqlarını qarşılamasın, iqtisadi, siyasi, humanitar, diplomatik mərkəz kimi diqqətdə olmasın. Şuşa dünya azərbaycanlılarının, Türk dünyasının, Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının, müttəfiqliyinin şahidi kimi tarixə yazılıb. Bu məkandan Azərbaycan reallıqları, o cümlədən  birlik, həmrəylik çağırışları dünyaya çatdırılıb. Şuşanın ev sahibliyi etdiyi tədbirlər  davamlıdır. Bu məkan, həmçinin  artıq ənənə halını alan Qlobal Media forumlarına ev sahibliyi ilə diqqətdə olur. Eyni zamanda,  “Xarıbülbül” musiqi festivalı, Vaqif Poezoya Günləri ənənələrinin bərpası diqqətdən kənarda qalmır. Prezident İlham Əliyevin  Qarabağa, Şərqi Zəngəzura səfər edən bu və ya digər ölkələrin dövlət başçıları ilə görüşləri Qarabağın tacı  Şuşada keçirilir. Dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın  Şuşaya çoxsaylı səfərlərinin hər biri  tariximizin qürurverici səhifələri kimi vərəqlənir. Bu mühüm məqamı xüsusi qeyd etmək istərdik ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 8 noyabr 2020-ci il tarixində Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etdiyini bildirmişdi. Həmçinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının   100  illik yubileyi münasibətilə xalqa müraciətini də bu məkandan çatdırmışdır. Dövlətimizin başçısı İlham Əliyev müraciətində bildirmişdir: “Mən bu təbrik müraciətimi Bakıdan da edə bilərdim. Amma hesab etdim ki, mən bu gün burada olmalıyam, Şuşada olmalıyam, bu binanın önündə olmalıyam. Şuşa Zəfərimizin rəmzidir, Şuşa Zəfərimizin tacıdır. Şuşa işğaldan azad olunanda, bax, bu meydanda qəhrəman Azərbaycan hərbçiləri mənə Şuşanın azad olunması ilə bağlı raport vermişlər. Bu binanın damında Azərbaycan Bayrağı qaldırılmışdır və Şuşanın azad olunması bizim tarixi Zəfərimizin əsas hissəsi idi. Bildiyiniz kimi, ondan bir gün sonra Ermənistan kapitulyasiya aktına imza atmışdır.”      

Bu gün  Kəlbəcər, Ağdərə rayonları da genişmiqyaslı bərpa-quruculuq işləri ilə diqqətdədir. Azad edilmiş ərazilərimizin hər biri Azərbaycanın 30 illik işğal dövründə yaşadıqlarının, eyni zamanda, postmünaqişə mərhələsinin şahididir. Diplomatik korpusun nümayəndələrinin Xankəndiyə səfərində bu reallıq  diqqətə çatdırıldı ki, bu gün Xankəndidə 28 min insan yaşayır, işləyir və təhsil alır. Xankəndinin yeni Baş Planına uyğun olaraq yararsız tikililərin sökülməsi prosesi intensivləşib.  Sökülən tikililərin yerində müasir tələblərə cavab verən yaşayış binalarının və yaşayış məhəllələrinin inşası ilə bağlı layihələndirmə işlərinə başlanılıb. Yaxın vaxtlarda şəhərdə müasir tikililərin inşasının şahidi olacağıq.  Onu da qeyd edək ki, Xankəndidə dəmir yolu və avtovağzal kompleksinin tikintisi regionun mühüm infrastruktur layihələrindən biridir.

Diplomatik korpusun nümayəndələri Xankəndi şəhərində  Qarabağ Universitetində,  tikiş fabrikində, Mədəniyyət Mərkəzində oldular. Bu torpaqlarda görülən işlərin miqyası o qədər genişdir ki, bura gələn qonaqlar heyrətlərini gizlədə bilmirlər. Diplomatik korpusun nümayəndələrinin bu torpaqlara reallaşdırdıqları 22 səfərin hər biri dirşəliş prosesinin təqdimatında əhəmiyyətli rol oynayır. Belə ki, tarixi Zəfərə imza atdığımız 2020-ci ildən başlanan bu səfərlərin hər biri dirçəlişin  müəyyən mərhələsinin şahididir. İştirakçılar hər səfərdə daha böyük işlərin şahidi olduqlarını bildirirlər. Azərbaycanın iqtisadi və maliyyə imkanları hədəflərə yüksək səviyyədə nail olmağa stimul verir. Nəzərə alsaq ki, məqsəd Böyük Qayıdış Proqramının I mərhələsinin başa çatacağı dövrə- cari ilin sonuna qədər  Qarabağa və Şərqi Zəngəzura 140 min keçmiş məcburi köçkünün qayıdışını təmin etməkdir, bu halda görülən işlərin miqyası barədə aydın təsəvvür yaratmaq mümkündür. Bu gün azad Qarabağımız,  azad Şərqi Zəngəzurumuz sözün əsl mənasında dirçəlir, cənnət məkana çevrilir. Bu torpaqlarımız bundan sonra da daim  çal-çağırlı, qonaqlı olacaq, buradan qlobal dünyaya çağırışların səsləndirilməsinə şahidlik edəcək.

Yeganə Əliyeva, “İki sahil”