11 sentyabr 2026 12:40
133

20 Sentyabr - Azərbaycanın dövlət suverenliyinin təntənəsi

Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə 20 sentyabrın Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi təsis edilməsi müstəqillik tariximizin ən şanlı və məntiqi zirvə nöqtəsidir. 2025-ci ildə ilk dəfə təntənə ilə qeyd olunan bu əlamətdar gün 1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycan xalqının öz ərazi bütövlüyü, milli mənliyi və dövlət suverenliyi uğrunda apardığı dönməz mübarizənin qələbə rəmzidir.

Tarixin müxtəlif sınaqları, işğal və məhrumiyyətləri xalqımızın dövlətçilik əzmini, milli məfkurəsini sarsıda bilmədi. Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, ədalət və qanunun aliliyinə əsaslanan suveren dövlətə sahib olmaq xalqımızın əsrlər boyu qəlbində yaşatdığı ən böyük arzu idi. Bu müqəddəs arzunun son, şərəfli və qürurlu nöqtəsi məhz 2023-cü ildə dövlət suverenliyimizin tam bərpa edilməsi ilə qoyuldu.

Xatırlamalıyıq ki, ötən əsrin sonlarında dövlət müstəqilliyini bərpa edərkən ölkəyə rəhbərlik edən səriştəsiz şəxslərin yarıtmaz idarəçiliyi, hərc-mərclik və Ermənistanın hərbi təcavüzü ölkəmizi varlıq sınağı ilə üz-üzə qoymuşdu. Belə bir kritik məqamda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev xilaskarlıq missiyasını həyata keçirərək dövlət müstəqilliyimizin əbədi dönməzliyini təmin etdi. Lakin həmin dövrdəki xəyanətlər nəticəsində torpaqlarımızın bir qisminin işğal altında qalması onlarca il dövlət suverenliyimizin coğrafi-inzibati bütövlüyünə mane olurdu.

Beynəlxalq hüquq müstəvisində suverenliyimiz birmənalı tanınsa da, erməni işğalı 20 faiz ərazimizdə ali hakimiyyətin və hüquqi institutların tətbiqini məhdudlaşdırmışdı. Ulu Öndərin ən böyük arzusu olan ərazi bütövlüyümüzün təmin olunması amalı ilə Prezident İlham Əliyev 20 il ərzində bütün gücünü, diplomatik məharətini və siyasi iradəsini bu ali məqsədə həsr etdi. Qüdrətli iqtisadiyyat, müasir ordu və etibarlı beynəlxalq tərəfdaşlıq platforması məhz bu böyük Zəfərin təməlini qoydu.

2020-ci ilin 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan Zəfər işğala son qoydu. Lakin bundan sonra da Qarabağda kök salmış separatçı rejimin təxribatları, qanunsuz hərbi daşımalar və mülki şəxslərimizə, hüquq-mühafizə orqanlarına qarşı törədilən terror aktları bölgədə sülhün və quruculuğun qarşısını alırdı. Dövlətimiz dərhal qətiyyətli addımlar atdı.  2023-cü il aprelin 23-də Laçın-Xankəndi yolunda “Həkəri” nəzarət-buraxılış məntəqəsi qurularaq dövlət sərhədlərimiz üzərində nəzarət tam bərpa olundu.

Nəhayət, 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən və cəmi 23 saat 43 dəqiqə sürmüş dürüst lokal antiterror tədbirləri ilə separatçılara sarsıdıcı zərbə vuruldu. Ermənistan silahlı qüvvələrinin qalıqları tərksilah edilərək ağ bayraq qaldırmağa məcbur edildi. Beləliklə, ölkəmizin bütün ərazisində Konstitusiya quruluşumuz və suverenliyimiz fiziki olaraq tam bərqərar oldu.

2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyevin Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə müqəddəs Bayrağımızı ucaltması ilə suverenliyimizin aliliyi rəsmən möhürləndi. Bu tarixi an yalnız otuzillik işğala və separatizmə vurulan son zərbə deyil, eyni zamanda Azərbaycanın yeni inkişaf erasının başlanğıcı oldu.

Bu gün tam suveren, bütöv Azərbaycan regionda yalnız hərbi gücü ilə deyil, diplomatik nüfuzu, siyasi iradəsi və genişmiqyaslı quruculuq missiyası ilə yeni sülh və inkişaf reallıqları diktə edir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində modern infrastrukturlar qurulur, “ağıllı şəhər” və “ağıllı kənd” layihələri gerçəkləşdirilir, soydaşlarımız öz əzəli yurdlarına başıuca, qürurla qayıdırlar.

Suverenliyimizin tam təmin olunması bölgədə dayanıqlı sülhün, təhlükəsizliyin və iqtisadi tərəqqinin ən möhkəm zəmanətidir. Xalqımızın sarsılmaz birliyi, Müzəffər Ali Baş Komandanımızın uzaqgörən siyasəti və cəsur ordumuzun rəşadəti sayəsində qazanılan bu tarixi Zəfər Azərbaycan dövlətçiliyinin dayaqlarını əbədi olaraq möhkəmləndirmişdir.

Anar Məmmədov,

Milli Məclisin deputatı