11 sentyabr 2026 10:16
94

Azərbaycanın darda qalanlara uzanan əli

Son 15 il ərzində 140-dan çox ölkə Azərbaycanın beynəlxalq yardımından faydalanıb.

Bu sözləri xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq İnkişafa Yardım Agentliyinin təsis edilməsinin 15-ci ildönümünə həsr olunmuş “Humanitar dəstək və inkişaf üçün əməkdaşlıq vasitəsilə qlobal həmrəyliyin təşviqi” mövzusunda konfransda çıxışı zamanı deyib. O, həmçinin vurğulayıb ki, 2020-ci ildən etibarən ikitərəfli və çoxtərəfli yardım mexanizmləri çərçivəsində təxminən 400 milyon ABŞ dolları həcmində vəsait ayrılıb. Onu da qeyd edək ki, Azərbaycanın humanitar siyasətində Afrika, Yaxın Şərq, eləcə də Qoşulmama Hərəkatına daxil olan ölkələr üstünlük təşkil edib. Təkcə bir faktı xatırladaq ki, COVID-19 pandemiyası dövründə Azərbaycan 80 ölkəyə yardım göstərib. Bütün bunlar bir daha göstərir ki, humanist yanaşma Azərbaycanın beynəlxalq inkişaf əməkdaşlığı siyasətinin tərkib hissəsidir. Bu mənada demək olar ki, Azərbaycan humanitar sahəni milli strategiyasının mühüm istiqamətlərindən biri hesab edən nadir dövlətlərdəndir.

Bu siyasətin ən diqqətçəkən istiqamətlərindən biri kimi Azərbaycanın Ukrayna ilə bağlı fəaliyyətini göstərmək olar. Belə ki, müharibənin başlanmasından etibarən müdaxilədən uzaq duraraq balanslı mövqeyini qoruyan Azərbaycan Ukraynaya enerji infrastrukturu üçün texniki avadanlıq, tibbi vasitələr və sosial yardım paketləri göndərib. Beynəlxalq qurumlar da bu addımları beynəlxalq hüquqa sadiqliyin ifadəsi kimi qiymətləndiriblər. Belə yardımlar yalnız Ukrayna ilə məhdudlaşmayıb. Prezident İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian arasında 2026-cı il martın 8-də baş tutmuş telefon danışığına əsasən, qonşu İran xalqına bir neçə mərhələdə ümumi həcmi yüzlərlə ton olan humanitar yardımlar göndərilib. Məqsəd qonşu və dost İran xalqının mövcud ehtiyaclarının qarşılanmasına dəstək göstərməkdən ibarət olub. Münaqişənin gedişində Azərbaycanın İrana humanitar yardım göndərməsi ilə yanaşı, ölkəmiz üzərindən üçüncü dövlətlərin humanitar yardımlarının tranzit keçidinə şərait yaratması da qeyd olunmalıdır. Bu sıraya Suriyanı da daxil etmək olar. Belə ki, uzun illər davam edən müharibə nəticəsində ciddi humanitar böhran yaşayan Suriyaya Azərbaycan müxtəlif platformalar vasitəsilə, eləcə də birbaşa yardım göstərib.

2023-cü ilin əvvəlində qardaş Türkiyədə baş vermiş dağıdıcı zəlzələ zamanı Azərbaycanın dövlət və xalq səviyyəsində göstərdiyi misilsiz həmrəylik və yardımlaşmanı isə Bakının regiondakı mənəvi və siyasi çəkisinin nümayişi hesab etmək olar. Bununla da Azərbaycan “Bir millət, iki dövlət” ifadəsinin yalnız siyasi şüar deyil, real həyatın sınaqlarında özünü göstərən mənəvi dəyər olduğunu bir daha təsdiqləyib. Azərbaycan Gürcüstanda baş verən meşə yanğınları, sel və daşqınlar zamanı da texniki və humanitar yardımlar göstərib. Bütün bunlar belə bir qənaətə gəlməyə əsas verir ki, Azərbaycan çətin günlərini yaşayan ölkələrə yardım etməyi, humanitar dəstək göstərməyi özünün mənəvi borcu sayır. Hətta demək olar ki, sərhəd tanımayan Azərbaycanın humanitar diplomatiyası rəsmi Bakının xarici siyasətinin əsas sütunlarından birinə çevrilib.

Əslində Azərbaycanın həyata keçirdiyi humanitar siyasətin arxasında daha geniş bir fəlsəfə də dayanır. Şübhəsiz, bu fəlsəfənin mərkəzində insan amili, həmrəylik və qarşılıqlı dəstək prinsipləri durur. Azərbaycan çətin vəziyyətə düşən ölkələrə yardım göstərməklə yalnız onların mövcud problemlərinin həllinə töhfə vermir, eyni zamanda, beynəlxalq münasibətlərdə humanizm və ədalət prinsiplərinin gücləndirilməsinə xidmət edir.

Onu da qeyd edək ki, qlobal güclər arasında rəqabətin dərinləşdiyi bir dövrdə rəsmi Bakı bu missiyanın öhdəsindən ləyaqətlə gəlir. Bunu Azərbaycanın yalnız regional deyil, qlobal səviyyədə də təsir imkanlarının artmasının göstəricisi kimi dəyərləndirmək olar. Şübhəsiz, bütün bunların arxasında hansı regiona, hansı formada və nə zaman yardım göstərilməsini yaxşı bilən Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət dayanır.

Qvami Məhəbbətoğlu, “İki sahil”