“Ötən həftə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı təşəbbüsü və bu təşəbbüsün cənab Prezident İlham Əliyev tərəfindən dəstəklənməsi ictimaiyyətdə tibb sahsində önəmli hadisə kimi dəyərləndirilir. Çünki bu, sadəcə əməkhaqqı artımı deyil, həm də Azərbaycan dövlətinin tibb işçilərinə göstərdiyi diqqət və qayğının növbəti təzahürü və səhiyyə sistemində həyata keçirilən ardıcıl islahatların mühüm tərkib hissəsidir.”
Bu fikirləri “İki sahil”ə açıqlamasında M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzinin direktoru Aybəniz Saniyeva deyib.
Onun sözlərinə görə, maaş artımı tibb işçilərinin fəaliyyətinə yeni keyfiyyət stimulları gətirəcək: “Eyni zamanda, gənc həkimlərin regionda işləmək həvəsini artıracaq, bölgələrdə həkim çatışmazlığının da aradan qaldırılmasında mühüm rol oynayacaq. Tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsinin ölkə daxilində kadr potensialının qorunmasına və tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsinə şərait yaradacaq. Nəticəyə əsaslanan ödənişlər yüksək ixtisaslı həkimlərin bölgələrə cəlb olunmasını və orada qalmasını stimullaşdıra bilər. Bunun nəticəsində bəzi mürəkkəb tibbi xidmətlərin regionlarda göstərilməsi genişlənə, pasiyentlərin digər şəhərlərə, xüsusilə paytaxta üz tutmaq zərurəti azala bilər”.
Aybəniz Sanıyeva xüsusi vurğulayıb ki, bu təşəbbüs yalnız əməkhaqqı artımı kimi deyil, Azərbaycan səhiyyəsinə, tibb işçilərinə və səhiyyə sisteminin gələcəyinə qoyulan sosial və institusional investisiya kimi qiymətləndirilməlidir. Dövlət tibb müəssisələrində çalışan peşəkar kadrların maddi təminatının yaxşılaşdırılması həmin sektorun sabitliyini və rəqabət qabiliyyətini artıra, dövlət və özəl tibb müəssisələri arasındakı xidmət və keyfiyyət fərqinin azalmasına müsbət təsir göstərə bilər”.
O, qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə səhiyyənin inkişafı istiqamətində mühüm və məqsədyönlü tədbirlər həyata keçirilir. Yeni tibb müəssisələrinin yaradılması, mövcud xəstəxanaların əsaslı təmiri və müasir avadanlıqlarla təchiz olunması, tibbi xidmətlərin əlçatanlığının genişləndirilməsi və səhiyyə işçilərinin sosial müdafiəsinin gücləndirilməsi bu siyasətin əsas istiqamətlərindəndir.
Mərkəz rəhbəri Birinci vitse-prezident Mehriban Əliyevanın davamlı olaraq səhiyyə sahəsinə xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb. Mehriban xanımın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən sosial və humanitar layihələrin insanların sağlamlığının qorunmasına, xüsusilə həssas qrupların tibbi xidmətlərə çıxış imkanlarının genişləndirilməsinə mühüm töhfə verir.
Direktor, həmçinin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Anar Bayramova səhiyyə çalışanlarına göstərilən diqqət və dəstəyə görə təşəkkürünü bildirərək qeyd edib ki, göstərilən diqqət və etimad M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzinin tibbi heyətini bundan sonra da öz vəzifələrini daha məsuliyyətlə və yüksək peşəkarlıqla yerinə yetirməyə, pasiyentlərin sağlamlığının qorunması naminə əzmlə çalışmağa sövq edir.
Aybəniz Saniyeva həmçinin, M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzinin maddi-texniki bazasının daha da gücləndirilməsi və əhaliyə göstərilən tibbi xidmətlərin çeşidinin genişləndirilməsi istiqamətində işlərin davam etdirildiyini bildirib. Onun sözlərinə görə, mərkəzin müasir tələblərə uyğun fəaliyyət göstərməsi, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və pasiyentlərin ehtiyaclarının daha dolğun qarşılanması əsas prioritetlərdəndir.
Direktor qeyd edib ki, yaxın zamanda M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzində yeni şöbənin istifadəyə verilməsi nəzərdə tutulur. Yeni struktur bölmənin fəaliyyətə başlaması ilə vətəndaşların ixtisaslaşmış tibbi xidmətlərə çıxış imkanlarının daha da genişlənməsi təmin olunacaq.
Aybəniz Saniyeva bildirib ki, mərkəzdə yeni yaradılan və tezliklə istifadəyə veriləcək Oftalmologiya şöbəsi əhaliyə göz xəstəliklərinin diaqnostikası, müalicəsi və zəruri hallarda cərrahi müdaxilələrin həyata keçirilməsi istiqamətində xidmət göstərəcək. Şöbənin fəaliyyətə başlaması xüsusilə göz xəstəliklərindən əziyyət çəkən vətəndaşların ixtisaslaşmış tibbi yardımdan daha rahat yararlanmasına imkan verəcək.
Yeni şöbənin icbari tibbi sığorta çərçivəsində göstərilən xidmətlərin əhatə dairəsinin genişləndirilməsinə də mühüm töhfə verəcəyi gözlənilir. Belə ki, sığorta paketi üzrə qarşılanan tibbi xidmətlərdən yararlanan vətəndaşlar göz xəstəliklərinin müayinəsi, müalicəsi və tibbi göstərişlərə uyğun olaraq müəyyən oftalmoloji əməliyyatlardan daha əlçatan şəkildə faydalana biləcəklər. O bildirib ki, kollektiv qarşısında əsas məqsəd əhaliyə keyfiyyətli, əlçatan və müasir tibbi xidmət göstərməkdir.
Elçin Zaman, "İki sahil"
Nyu-Meksiko qubernatoru ştatın adının dəyişdirilməsi ideyasını qiymətləndirib