Zümrüd Ağayeva: Ən böyük arzumuz isə qadın futbolunun ölkədə geniş tamaşaçı kütləsi qazanması və komandalarımızın ev oyunlarını dolu tribunalar qarşısında keçirməsidir
Azərbaycanda qadın futbolunun inkişafı son illərdə daha ardıcıl və sistemli xarakter alıb. Bu istiqamətdə aşağı yaş qruplarının əhatə dairəsinin genişləndirilməsi, regionlarda qızların futbola cəlb olunması, yeni komandaların yaradılması, klublara göstərilən təşkilati və maliyyə dəstəyinin artırılması, eləcə də yerli çempionatın rəqabət səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm işlər görülür. Paralel olaraq, futbolçularımızın xarici klublarda çıxış etməsi onların beynəlxalq təcrübə və oyun praktikası qazanmasına, əldə olunan təcrübənin isə milli komandaların inkişafına töhfə verməsinə imkan yaradır.
UEFA və FIFA ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr də qadın futbolunun kütləviləşdirilməsi, regionlarda bu idman növünə marağın artırılması və yeni istedadların üzə çıxarılması baxımından xüsusi əhəmiyyət daşıyır. Bütün bu proseslərin əsas hədəfi daha geniş və keyfiyyətli oyunçu bazasının formalaşdırılması, milli komandaların beynəlxalq arenada nəticələrinin yaxşılaşdırılması və qadın futbolunun ölkədə daha böyük azarkeş marağı qazanmasıdır.
Qadın futbolunda əldə olunan nəticələri, mövcud inkişaf dinamikasını, qarşıda duran vəzifələri və növbəti illər üçün əsas hədəfləri *AFFA-nın Qadın futbolu departamentinin rəhbəri Zümrüd Ağayeva* ilə söhbətimizdə ətraflı nəzərdən keçirdik.
– Son illərdə qadın futbolunun inkişafı istiqamətində həyata keçirilən layihələrin real nəticələrini necə qiymətləndirirsiniz?
– Son illərdə qadın futbolunun inkişafı istiqamətində həyata keçirilən layihələrin nəticələri artıq aydın şəkildə görünür. Bu gün həm klublarımız, həm də milli komandamız beynəlxalq arenada ölkəmizi uğurla təmsil edir. Bir sıra futbolçularımız legioner həyatı yaşayır və xarici klublarda çıxış edirlər.
AFFA tərəfindən qadın futboluna davamlı dəstək göstərilir. Xüsusilə regionlarda və aşağı yaş qruplarında aparılan işlər artıq öz bəhrəsini verir. Bunun ilkin nəticələrini U-15 milli komandamızın timsalında görəcəyik. Daha sonra U-15-dən U-17-yə, U-17-dən U-19-a və ardıcıl olaraq əsas milli komandaya qədər bu inkişafın davam etməsi nəzərdə tutulur.
Hər mövsüm komandaların sayının artması da liqalarımızda inkişafın əsas göstəricilərindən biridir. Azərbaycan qadın futbolu hazırda yüksəliş mərhələsindədir və əldə olunan nəticələr gələcəkdə daha böyük uğurların mümkün olduğunu göstərir. Əsas məqsəd isə bu inkişafın davamlılığını təmin etməkdir və hazırda məhz bu istiqamətdə iş aparılır.
-Yerli çempionatın rəqabət qabiliyyətinin artırılması və klubların qadın futboluna marağının gücləndirilməsi üçün hansı işlər görülür?
– AFFA bu istiqamətdə klublara həm təşkilati, həm də maliyyə baxımından ciddi dəstək göstərir. Əsas məqsəd qadın futbolunda iştirak edən klubların sayını artırmaq, çempionatın rəqabət səviyyəsini yüksəltmək və daha dayanıqlı inkişafı təmin etməkdir.
Bunun üçün aşağı yaş qrupları üzrə liqaların genişləndirilməsi, futbol mərkəzlərinin sayının artırılması, regionlarda yeni komandaların yaradılması və klubların qadın futboluna investisiya qoymasının təşviqi istiqamətində işlər davam etdirilir. İnanırıq ki, atılan bu addımlar yaxın illərdə yerli çempionatın keyfiyyətini və rəqabət səviyyəsini daha da artıracaq.
– Milli komandanın beynəlxalq arenada daha uğurlu çıxış etməsi üçün hansı əsas amillər vacibdir?
– Milli komandalarımızın – həm aşağı yaş qrupları üzrə yığmaların, həm də əsas milli komandanın – beynəlxalq arenada daha uğurlu çıxış etməsi üçün ən vacib amillərdən biri geniş və keyfiyyətli oyunçu bazasının formalaşdırılmasıdır.
Hazırda Azərbaycanda qeydiyyatdan keçmiş qız futbolçuların sayı o qədər də çox deyil. Bu istiqamətdə son illər mühüm addımlar atılır. Aşağı yaş qrupları üzrə liqaların sayı artırılır, regionlarda futbolun inkişafı üçün işlər görülür. Eyni zamanda, bəzi futbolçularımız xarici klublarda legioner kimi çıxış edirlər və onların qazandığı beynəlxalq təcrübə milli komandaya da müsbət təsir göstərir.
Çalışmalıyıq ki, daha çox futbolçumuz legioner həyatı yaşasın, xarici klublarda beynəlxalq təcrübə və oyun praktikası qazansın. Onların əldə etdiyi təcrübəni milli komandada tətbiq etməsi gələcəkdə müsbət nəticələr əldə etməyimizə imkan verəcək. Bu işlərin davamlı şəkildə aparılması milli komandalarımızın beynəlxalq arenada daha uğurlu nəticələr qazanmasına şərait yaradacaq.
– Qadın futbolunun inkişafında ən böyük maneə kimi nələri görürsünüz?
– Hesab edirəm ki, sadaladığımız amillərin hamısı bir-biri ilə sıx bağlıdır və onları bir-birindən ayırmaq çətindir. Prioritet baxımından isə maliyyə təminatı, infrastruktur və ixtisaslı məşqçi çatışmazlığı daha vacib məsələlərdir. Bu sahələr gücləndikcə həm futbolçuların hazırlıq səviyyəsi yüksəlir, həm də qadın futboluna maraq artır.
Son illərdə bu istiqamətdə AFFA tərəfindən mühüm addımlar atılır, o cümlədən məşqçi kursları təşkil olunur. Hesab edirəm ki, davamlı investisiya və sistemli iş nəticəsində mövcud çətinlikləri tədricən aradan qaldırmaq mümkün olacaq.
– UEFA və FIFA ilə əməkdaşlıq çərçivəsində qadın futbolunun inkişafı istiqamətində hansı layihələr həyata keçirilir?
– UEFA və FIFA ilə əməkdaşlıq çərçivəsində qadın futbolunun inkişafına yönəlmiş müxtəlif layihələr həyata keçirilir. UEFA-nın maliyyə dəstəyi ilə 7–9 yaşlı qızlar arasında “Məktəbli Kuboku” təşkil olunur. Layihənin əsas məqsədi qızların erkən yaşlardan futbola marağını artırmaq, gələcək üçün oyunçu bazasını genişləndirmək və bu istiqamətdə liqaların yaradılmasına töhfə verməkdir.
FIFA ilə əməkdaşlıq çərçivəsində isə bölgələrdə FIFA Campaign festivalları təşkil olunur. Bu layihə daha çox qadın futbolunun hələ kifayət qədər inkişaf etmədiyi rayonları əhatə edir. Məqsəd həmin bölgələrdə qızları futbola cəlb etmək, yeni komandaların yaradılmasına şərait yaratmaq və onların gələcəkdə yerli çempionatda iştirakını təmin etməkdir.
Bu cür layihələr qadın futbolunun kütləviliyinin artırılmasına, regionlarda futbolun inkişafına və daha geniş oyunçu ehtiyatının formalaşdırılmasına mühüm töhfə verir.
– Qarşıdakı 5 il üçün Azərbaycan qadın futbolu ilə bağlı əsas hədəfləriniz nələrdir?
– Qarşıdakı beş il üçün əsas hədəflərimiz milli komandalarımızın beynəlxalq arenada daha uğurlu çıxış etməsi, milli yığma komandamızın futbolçularının Avropanın güclü klublarında legioner kimi çıxış etməsi və ölkə daxilində bütün yaş qrupları üzrə davamlı, sistemli liqaların formalaşdırılmasıdır.
Eyni zamanda, yerli Azərbaycan çempionatının rəqabət səviyyəsinin yüksəldilməsi və klublarımızın UEFA-nın klub turnirlərində daha uğurlu nəticələr əldə etməsi qarşıya qoyulan əsas məqsədlərdəndir.
Görülən işlərin nəticəsində azarkeşlər daha güclü milli komandalar, daha keyfiyyətli və rəqabətli çempionat, Avropada ölkəmizi uğurla təmsil edən klublar və legioner futbolçular görəcəklər.
Ən böyük arzumuz isə qadın futbolunun ölkədə geniş tamaşaçı kütləsi qazanması və komandalarımızın ev oyunlarını dolu tribunalar qarşısında keçirməsidir. Bu, qadın futbolunun inkişafının ən böyük göstəricilərindən biri olacaq.
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir